Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

  • 27.09.2024, 17:48,
  • Gündəm
  • Baxılıb: 160
Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Prezident İlham Əliyevin 26 sentyabr 2024-cü il tarixdə iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı ölkəmizin indiyədək keçdiyi yolu, mövcud şəraiti və perspektivləri görmək baxımından böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadi sahədə böyük yol keçib və iqtisadi təhlükəsizliyini təmin edən dövlətdir.
Qeyri-neft sektorunda müsbət meyillərin olması, neft hasilatında sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişafa nail olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın daha da güclənməsinə, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması hədəfinə yönəlib.
Cari ilin ötən dövrü ərzində düzgün iqtisadi siyasət və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının uğurlu icrası nəticəsində ölkəmizdə sosial sahədə də müsbət nəticələrə nail olunub. Əhalinin real gəlirləri və orta aylıq əməkhaqqı artıb. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olub ki, bu da çox müsbət göstəricidir. Hazırkı əlverişli iqtisadi və maliyyə potensialı mühitində əhalinin rifahının daha da yaxşılaşdırılması üçün əlavə addımların atılması nəzərdə tutulur və dövlət başçısı bunun anonslarını bir neçə gün əvvəl vermişdi. Dünənki müşavirədə də xatırladıldı ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiyaların artırılması siyasəti təmin ediləcək. Baxmayaraq ki, ölkəmizin qarşısında duran əsas milli iqtisadi çağırışlar ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır, ancaq hökumət həssas təbəqə sayılan vətəndaşlarıın rifah halının yaxşılaşdırılması üçün bütün lazımi tədbirləri görəcək. Son beş il ərzində Azərbaycanda icra edilmiş böyük sosial islahatlar paketi də bunu təsdiqləyir. Bu müsbət sosial ənənə davam etdiriləcək və vətəndaşların sosial həyat şəraitinin yaxşılaşmasına yönəlmiş ardıcıl sosial tədbirlər prioritetliyini qoruyacaq.
Digər vacib məsələlərdən biri ölkəmizin iqtisadi inkişaf modelinin dünyada qəbul olunmasıdır. “Doing Business” hesabatında ölkəmizin sürətlə irəliləməsi, başqa ölkələrlə artan ticarət əlaqələri və ən əsası, təhlükəsiz ölkə kimi xarakterizə olunması nəticəsində Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı artır. Sərmayə ölkədə yalnız əlverişli mühit olanda qoyulur. Heç bir şirkət sabaha inamı olmayan başqa bir ölkəyə sərmayə qoymaz. Xarici şirkətlərin Azərbaycana sərmayə qoymaq istəyi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizə etibar və gələcəyə inam ilə bağlıdır.
Ölkəmizin strateji iqtisadi hədəflərinin gerçəkləşməsində güclü maliyyə təminatı olan və bütün tədbirlərin əsas mənbəyi olan dövlət büdcəsinin yığım imkanları da böyüyür. Hazırda hökumətin iqtisadi komandası tərəfindən müzakirə olunan 2025-ci ilin dövlət büdcəsi və icmal büdcə layihələrinin müsbət göstəriciləri də potensialmızın artmasından xəbər verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi büdcədə xərc prioriteti kimi ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr dayanır. Həmçinin, sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr xərclərin əsas istiqamətlərini təşkil edəcək.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlətimizin heç bir xarici ölkədən və beynəlxalq təşkilatdan yardım almadan, təkbaşına apardığı genişmiqyaslı abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi-maliyyə gücünü göstərir. Məcburi köçkünlərin 30 illik həsrətdən sonra yurd-yuvalarına dönmələri, onların mənzil, məşğulluq və s. şəraitinin ən yüksək səviyyədə təmin olunması Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirərək ən yüksək səviyyəyə çatdırdığı iqtisadiyyatımızın qüdrətinin təcəssümüdür.

Pəri Zülfüqarova,
Salyan rayon Xıdırlı bələdiyyəsinin sədri

Mədəniyyət