“Azərbaycan etibarlı təchizatçı olduğu üçün ölkəmizə xüsusi önəm verilir”

  • 23.07.2024, 09:41,
  • Gündəm
  • Baxılıb: 200
“Azərbaycan etibarlı təchizatçı olduğu üçün ölkəmizə xüsusi önəm verilir”

Bildiyimiz kimi, Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı qeyd edib ki, biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik: “İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir”.

Azərbaycanın önəmi getdikcə artır. Azərbaycan nefti, eləcə də mavi qazı regionda enerjiyə daha çox tələbatı olan ölkələrə ixrac olunur. Praktik olaraq Azərbaycan bununla regionun enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Xüsusən nəzərə almaq lazımdır ki, həm Azərbaycan mavi qazı, həm də xam nefti Avropa bazarına daxil olur. Son illər isə mavi qaz ixracında artımlar var. Avropaya ixrac edilən mavi qazın həcmi ilbəil artır. O cümlədən, növbəti ildə Avropaya qaz ixracı 20 milyard kubmetrə çatdırılacaq. Hazırda illik olaraq 12 milyard kubmetr qaz Avropa bazarına daxil olur. Eyniylə neftlə bağlı vəziyyət də oxşardır. Azərbaycan daha çox neftə ehtiyacı olan ölkələrə bu məhsulu satır. Bu da təbii ki, həmin ölkələrin enerji təhlükəsizliyinə töhfə baxımından çox önəmlidir. Bu konteksdən təbii ki, Azərbaycan regional təhlükəsizliyə töhvə verən ölkədir və növbəti illərdə də ölkəmizin bu yöndə əhəmiyyəti daha da artacaq. Həqiqətən də bəzi ölkələrdə neftə olan tələbatın böyük hissəsi Azərbaycan nefti hesabına təmin edilir. Ümumilikdə, Azərbaycan 20-yə yaxın ölkəyə neft ixrac edir. Azərbaycan etibarlı təchizatçı olduğu üçün ölkəmizə xüsusi önəm verilir. Ona görə də bir sıra ölkələr Azərbaycanla iqtisadi ticarət əlaqələrinə xüsusi önəm verir.

Dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən ölkəmizin rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm imkanlar təqdim edir. Bu baxımdan Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, enerji sahəsində müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir.

Tarixi Zəfərimizdən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyini, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu reallıqların, eyni zamanda, ölkəmizin təşəbbüskarı və iştirakçısı olacağı əməkdaşlıq formatlarının təqdimatı olacaq. Bütün bunlar Azərbaycanın zəngin təcrübəyə, böyük potensiala, ən əsası onların uğurlara yol açmasını təmin edən düzgün və gələcəyə hesablanmış siyasətə malik olmasının göstəricisidir.

Muxtar Əmrahov,
Salyan Regional Qaz İstismarı idarəsinin böyük mühəndisi
Mədəniyyət