Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir.

  • 25.06.2024, 09:31,
  • Gündəm
  • Baxılıb: 322
Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi işlər görə bildi. 1918-ci il 26 iyun tarixində AXC hökumətinin qərarına əsasən ölkədə ilk nizami hərbi hissənin - Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra 50 ilə yaxın müddət ərzində ölkədə ordu quruculuğu prosesi dayandı. Yalnız ümummilli lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra hərbi sahədə dirçəlmə başladı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın qəhrəman sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyətə başlaması ölkədə hərbi kadrların hazırlanması prosesini başlatdı, gənclər arasında hərb sahəsinə maraq daha da gücləndi, Azərbaycanda peşəkar zabitlərin hazırlanmasına imkan verdi. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldikdən sonra ölkədə ordu quruculuğu sürətli və davamlı olaraq inkişaf etməyə başladı. Dahi liderin rəhbərliyi ilə hərbi qulluqçuların döyüş peşəkarlığı, döyüş ruhu artırıldı, maddi-texniki təminat yaxşılaşdırıldı, Azərbayan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndi, hərbi təhsil sisteminin inkişafı məqsədilə 1990-cı ildə Hərbi Akademiya yaradıldı.
Bu gün əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.
Yeni Komando Qüvvələrinin yaradılması daim Prezident İlham Əliyevin diqqətindədir. 23 iyun 2023-cü il tarixində cənab Prezident Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ Müharibəsindən sonra dəfələrlə artırılıb.
Bu gün ordumuz müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş bir ordudur. Rəşadətli Azərbaycan Ordusu daha da güclüdür və bu gün Azərbaycan Silahlı Qüvvələri vahid proqram əsasında inkişaf edir. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Lakin Rəşadətli Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi və Vətən müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir.

Zaur Hüseynov,
Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin mayoru

Mədəniyyət