Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.

  • 19.03.2024, 10:44,
  • Gündəm
  • Baxılıb: 288
Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır.

17 mart 2024-cü il tarixində Prezident İlham Əliyevin dəvəti əsasında NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Lakin ötən dövrlərdə Bakı bu tərəfdaşlıqda işğal və təcavüzə məruz qalmış subyekt qismində iştirak edir, Şimali Atlantika Alyansı ilə müzakirələrdə bu məsələ davamlı olaraq perspektivsiz müzakirə mövzusu kimi gündəliyi təşkil edirdi. Azərbaycanın NATO ilə tərəfdaşlıq tarixinə baxsaq, Bakı bu münasibətlərə bəşəri niyyətlər və beynəlxalq hüququn aliliyinə töhfə vermək üçün uğurlu platforma kimi yanaşıb. Azərbaycan-NATO tərəfdaşlığının 30 illik tarixi var. “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu tərəfdaşlıq müsbət olub. Azərbaycan müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Cənab Stoltenberqlə görüşdə Azərbaycan rəhbərinin də ifadə etdiyi kimi, hətta 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Sülhməramlı əməliyyatlarda iştirak dövlət başçısının da ifadə etdiyi kimi, “bizim üçün böyük təcrübə olub”. Lakin, eyni zamanda, Bakı həm də bütün tərəfdaşları kimi NATO-ya da bir daha sübut etmiş oldu ki, Azərbaycan beynəlxalq hüququn normalarında əksini tapan “pacta sunt servanda” prinsipinə uyğun olaraq özünün öhdəliklərinə necə vicdanla sadiqdir. Belə bir şəraitdə, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni reallıq yaratması tərəfdaşların adekvat reaksiyasını zərurətə çevirirdi. Xüsusən bu reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd davranışları, açıq təcavüzkar ritorikası fonunda, habelə Azərbaycanda prezident seçkilərindən sonra qəsdən daxildə qeyri-stabil mühit imitasiyası formalaşdıraraq bunun Avropa Parlamenti kimi bəzi riyakar subyektlərin gündəliyinə daşınması cəhdləri fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri əslində əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin yaratdığı reallıqları qəbul etdiyini göstərir. Bu, Azərbaycana münasibətdə təhdidlər yağdıran, qarayaxma kampaniyaları təşkil edən Fransa, Avropa Parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycan siyasətinin növbəti fiaskosu demək idi. Bundan başqa, böyük Zəfərimizdən sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqları və sülhə heç vaxt olmadığımız qədər yaxın olduğumuzun NATO Baş katibi ilə gündəmə gətirilməsi, Yens Stoltenberqin isə bu prosesi dəstəklədiyini bəyan etməsi Azərbaycanın yaratdığı sülh gündəliyinin Şimal Alyansında məqbul hesab edildiyi və Avro-Atlantika mühitində hesablaşıldığını göstərdi. Hətta Baş katib bəyan etdi ki, "regionda sülh yalnız bölgə xalqları, ölkələri üçün yox, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir". Bu mövqe isə əslində Cənubi Qafqazda sülh qarşısında əngələ çevrilmiş Fransanın timsalında təcavüzkar qruplaşma üzərində Azərbaycan Prezidentinin daha bir qələbəsi idi.
Yens Stoltenberqin ölkəmizə səfəri çərçivəsində diqqət çəkən daha bir məqam, NATO ilə təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişlənərək enerji təhlükəsizliyini də əhatələməyə başlamasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir”. Dövlətimizin başçısı haqlı olaraq bu situasiyanı “həm böyük üstünlük, həm də böyük məsuliyyət” kimi dəyərləndirsə də, özlüyündə cari reallıq həm də o deməkdir ki, Azərbaycan Alyans coğrafiyasının təhlükəsizliyində rolunu artırmaqdadır.

Zaur Hüseynov,
Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin mayoru


Mədəniyyət