Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri düşmənin müqavimətini qıraraq 30 illik yurd həsrətimizə son qoydu. Vətən müharibəsində xalqımız zəngin dövlətçilik və hərb tariximizdə daha bir şanlı, qəhrəmanlıq səhifəsi yazdı, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində misilsiz rəşadət göstərən, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik olan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi ədaləti qan tökərək, şəhid verərək bərpa etdi. Cəmi 44 gün qəhrəman oğullarımız dünyaya sübut etdilər ki, ədalətin qarşısında heç bir saxtakarlıq qalib gələ bilməz. Dünya miqyasında ən güclü ordular sırasında yer tutan, ən müasir silahlarla, texnika ilə təchiz edilən Ordumuzun əsgər və zabitləri hər günü bir tarixə dönən Zəfərimizi yazdı. Ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan azad edərək bir gün belə geri addım atmadan irəliyə, Zəfərə, Qalibiyyətə doğru inamla addımladı.
Qarabağın döyünən ürəyi, əlçatmaz qala hesab edilən Şuşa şəhərinin işğaldan azad edilməsi hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun, Xüsusi Təyinatlı Qüvvələrimizin, igidlərimizin əlçatmaz və alınmaz qalanın sıldırım qayalıqlarını dırmaşaraq yüngül silah-sursatla Şuşanı işğaldan azad etməsi bir daha göstərdi ki, Azərbaycanın qüdrətli, güclü və peşəkar ordusu var. Qəhrəman oğullarımızın Şuşa şəhərini azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Prezident İlham Əliyev tərəfindən Zəfər yolu adlandırılması isə xüsusilə qürurvericidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında da Şuşa Əməliyyatına toxunaraq bildirib: “Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər.”
Tarixi Zəfərimizdən sonra Prezident cənab İlham Əliyev ilk günlərdən Şuşada infrastrukturun yaradılması prosesinin başlanmasına göstəriş verdi. İşğaldan azad edildikdən sonra qısa müddətdə Şuşanın Baş Planı hazırlandı, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışı oldu. Eləcə də, ərazi bütövlüyümüz, milli qürurumuz, milli ləyaqətimiz və mənəviyyatımız kimi "Xarıbülbül" festivalı yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. 12 may 2021-ci il tarixində doğma Şuşada illər əvvəl olduğu kimi, Qarabağ şikəstəsi eşidildi. Bununla da, illər sonra "Xarıbülbül" festivalına start verildi.
"Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib". Bu sözləri Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib. Dövlət başçısı bu fikirləri də işğaldan azad olunan yaşayış məntəqələri arasında Şuşaya böyük önəm verdiyini göstərir.
Bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Böyük iqtisadi, turizm potensialına malik olan qədim şəhərin bərpası üzrə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qarabağın tacı Şuşa bundan sonra Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verəcək. Hər birimiz əminik ki, yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək.
Heydər Quliyev,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı
,