Ümummilli lider Heydər Əliyev Azərbaycanın mənafeyini hər zaman uca tutub

  • 16.10.2023, 16:15,
  • Gündəm
  • Baxılıb: 174
Ümummilli lider Heydər Əliyev Azərbaycanın mənafeyini hər zaman uca tutub

Məlumdur ki, Azərbaycan xalqı tarixən zəngin dövlətçilik ənənələrinə malik olmuş və bu gün də malik olmaqdadır. Qədim dövrlərdən başlayaraq dövlətçilik təfəkkürümüzün formalaşmasında tarixi şəxsiyyətlərimizin əvəzsiz rolu olmuşdur. Çünki hər hansı xalqın tərəqqisində, onun milli dövlətinin təşəkkülündə tarixi şəxsiyyətlərin rolu danılmazdır. Bizim xalqımız da müxtəlif tarixi dövrlərdə böyük şəxsiyyətlər və görkəmli liderlər yetişdirmişdir. XX əsrin ikinci yarısında Tanrının Azərbaycana bəxş etdiyi dahi və əvəzolunmaz Lider heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olmuşdur. Ulu Öndərin xalqımız və dövlətçiliyimiz üçün gördüyü işlər o qədər böyük və möhtəşəmdir ki, bu heç bir digər xalqın rəhbərinin fəaliyyəti ilə müqayisə oluna bilməz. Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının dayaqlarını çox möhkəm və sağlam təməllər üzərində qurdu.
Yeri gəlmişkən, qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı əsl həqiqətlər beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. 12 iyul 2001-ci ildə Portuqaliya Respublikasının Xarici İşlər Naziri Joze Jaymi Matuş da Qamanın başçılıq etdiyi nümayəndə heyəti ilə təşkil olunan görüşdə Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Biz hesab edirik ki, ATƏT-in prinsipləri dəyişilməz, pozulmaz olmalıdır. ATƏT-in prinsiplərini pozan Ermənistan cəzasız qalır. Hər iki ölkəyə eyni münasibət göstərilir. Baxmayaraq ki, bir ölkə təcavüzkardır, o birisi isə təcavüzə məruz qalmışdır. Əgər təcavüzkara lazımi cavab verilməsə, onun qarşısı alınmasa, yaxud təcavüzkar cəzalanmasa, təcavüzkarlar başqa yerlərdə də belə hərəkət edəcəklər.” Məhz Ulu Öndərin zərgər dəqiqliyi ilə etdiyi siyasi gedişlər sayəsində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi istiqamətində əlverişli siyasi-hüquqi zəmin formalaşdırılmış oldu. Bu zəmin üzərində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 2020-ci ilin 8 noyabrında 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə tamamlandı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Avropaya inteqrasiyasını daim diqqətdə saxlayırdı. Ulu Öndər bildirirdi ki, ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətimizdə Avropa qitəsi bu gün xüsusi əhəmiyyətə və çəkiyə malikdir.
Ölkəmizə coğrafi baxımdan yaxın olan ölkələrlə münasibətlərin qurulması öz yerində, hətta Azərbaycandan xeyli uzaqda yerləşən ölkələrlə səmərəli iqtisadi münasibətlərin qurulmasını da Ulu Öndərimiz daim diqqətdə saxlayırdı. 7 iyul 2001-ci ildə Sumqayıtdakı Etilen-Polietilen Zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimindəki nitqində Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq, tərəfdaşlıq, işgüzar əlaqələr bizim üçün çox əhəmiyyətlidir. Bununla yanaşı region dövlətləri ilə sıx iqtisadi münasibətlərin qurulması da Ümummilli Lider Heydər Əliyevin xüsusi əhəmiyyət verdiyi istiqamət idi. Ulu Öndərin təşəbbüsü ilə 18 sentyabr 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması Cənubi Qafqazda regional əməkdaşlığa əvəzsiz töhfə vermiş oldu.

Gülnarə Həsənova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının sədr müavini


Mədəniyyət