Məlum olduğu ki, 15 respublikanı birləşdirən sovetlər birliyi XX əsrin əvvəllərində artıq dağılmağa məhkum idi. İttifaq dövlətləri sovet rejiminin buxovlarından azad olmağa, müstəqillik əldə etməyə can atır, istiqlaliyyəti uğrunda mübarizə aparırdılar. 1918-ci ildə Şərqdə ilk dəfə müstəqil dövlət quran, lakin çox qısa bir zamanda onu itirən Azərbaycan da cəmi 23 ay mövcud olmuş müstəqilliyini yenidən bərpa etmək, rus imperiyasının əsarətindən qurtulmaq üçün azadlıq mübarizəsinə qalxdı. 70 il SSRİ mühitində vahid ideologiya və idarəetmə hökmranlığında yaşayan xalqımız 1991-ci ildə müstəqilliyini yenidən qazandı.
Lakin o dövrdə hakimiyyətdəki "siyasətçilərin" səriştəsizliyi ucbatından müstəqilliyi möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmadı. Əksinə, azadlığı, suverenliyi uğrunda qanlı-qadalı yollardan keçən xalq o illərdə hakimiyyəti ələ alan naşı və səriştəsiz "rəhbərlər"in ölkədə hökm sürən ictimai-siyasi vəziyyəti yoluna qoya bilməməsi səbəbindən onu yenidən itirmək təhlükəsi ilə üzləşdi. Hakimiyyətin dövlət quruculuğu istiqamətində heç bir iş görməməsi, yalnız şəxsi mənafeləri, xarici imperialist qüvvələrin maraqlarına xidmət etməsi respublikanı uçuruma sürükləyirdi. Hətta, o vaxtkı hakimiyyət SSRİ-nin saxlanmasına, ölkəni yenidən rus imperiyasının hakimiyyəti altına salmağa belə cəhd edirdi. O zaman ölkəyə rəhbərlik etmək, hakimiyyəti ələ alaraq öz şəxsi mənafeləri üçün çalışmaq istəyənlərə münbit şərait yaranmışdı. Hakimiyyətə gələn AXC-Müsavat iqtidarının təcrübəsizliyi, qətiyyətsizliyi ölkədə hərc-mərcliyin, anarxiyanın baş alıb getməsinə səbəb olmuş, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dövlətçiliyə ciddi təhlükə yaratmışdır. Ölkədə ictimai-siyasi gərginlik, özbaşınalıq vətəndaş qarşıdurmasına gətirib çıxarmış, digər tərəfdən isə işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması, əzəli torpaqlarımızı bir-birinin ardınca zəbt etməsi xalqı ümidsizliyə düçar etmişdi. Xalqın yaşayış səviyyəsi gündən-günə ağırlaşır, ölkədə heç bir qanun işləmirdi.
Qeyd edək ki, 1988-1993-cü illərdə ölkəni idarə edən bacarıqsız insanların kimliyi bilinmir, ayrı-ayrı partiyalar hakimiyyətə gəlmək üçün öz aralarında mübarizə aparırdılar. Qarabağ uğrunda gedən müharibə sanki unudulmuşdu, cəbhə bölgəsində bir-birinin ardınca uğursuzluqlar baş verirdi. O zamankı ölkə başçısı Əbülfəz Elçibəy Ermənistanın işğalının genişlənməsi, Birinci Qarabağ müharibəsində hərbi uğursuzluqlara görə 1993-cü ilin fevral ayında korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzalamışdır. Surət Hüseynov isə sərəncamı icra etməmiş və vəzifəsindən kənarlaşdırıldığına görə Gəncədə bir qrup milis işçisini silahlandıraraq 1993-cü ilin iyununda hökumətə qarşı qiyam qaldırmışdı. Bundan sonra keçmiş müdafiə naziri Dadaş Rzayev 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı qərar vermiş, Gəncəyə qoşun yeridilmişdi. Beləliklə, Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmələr ilə onları tərk-silah etmək üçün göndərilən hökumət qüvvələri arasında qarşıdurma nəticəsində qardaş qırğını başlamış, iyunun 4-də Gəncədə baş verən hadisələr zamanı 35 nəfər həlak olmuşdu.
Yeri gəlmişkən, bu gün Sudan Respublikasında baş verənlər 1993-cü ildə ölkəmizdə böhranlı iyun günlərini xatırladır. 2019-cu ildə Sudanda belə ki, hərbiləşdirilmiş çevik dəstələrin hökumət binasına hücumu nəticəsində yerli televiziyanın qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda döyüşlər baş verib və qarşıdurma zamanı minlərlə insan həlak olub. Respublika daxilində hakimiyyət davası, silahlı toqquşmalar, iqtisadi qeyri-sabitlik ölkədə qiymətlərin bahalaşmasına, aclıq çəkən insanlarının sayının artmasına, ümumilikdə demokratik prosesə ictimai inamın azalmasına səbəb olub.
1993-cü ildə Azərbaycan xalqı da hakimiyyət davası edən "rəhbərlərin" sayəsində ağır vəziyyətə düşmüş, respublikada bölgələr arasında parçalanma,vətəndaş qarşıdurması yaranmışdı. Belə ağır, böhranlı bir vaxtda xalq dünyaşöhrətli, dahi Heydər Əliyevi təkidlə yenidən hakimiyyətə dəvət etdi. Dövlətinin, xalqının çətin günündə ulu öndər xalq adından ona müraciət etmiş ziyalıların təkidli xahişi ilə iyunun 9-da Bakıya gəldi və beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin itirilməsinə yol vermədi. Heydər Əliyev Azərbaycan dövlətinin varlığını qorudu. Ümummilli liderin ölkəni 1993-cü il böhranından çıxarmaq, daxili çəkişmələrə son qoymaq üçün göstərdiyi böyük səylər nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu. Böyük çətinliklərdən sonra vəziyyət stabilləşməyə başladı.
Xalqın həyatında çox acınacaqlı bir dövr olan o illəri sonralar ulu öndər belə xatırlayırdı: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
AXC-Müsavat iqtidarına inamını itirən xalq tarixin ağır sınaq günlərində, ölkənin çətin anında ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşdi. Bütün ömrünü xalqının varlığına həsr edən müdrik siyasətçi isə dərin zəkası, uzaqgörən siyasəti sayəsində xalqını, yenicə müstəqillik qazanmış dövlətini bu fəlakətdən xilas etdi. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin əvəzolunmaz, ölçüyəgəlməz fəaliyyəti nəticəsində müstəqilliyinin bərpasının ilk illərində dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış ölkəmizdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai- siyasi sabitlik təmin edildi.
Bəli, xalqımızı nicata aparan yol 1993-cü il iyunun 9-dan başladı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atdı. Ulu öndərin Naxçıvandan Bakıya qayıdışı xalqımızın, dövlətimizin qurtuluşu oldu.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri