Ölkəmiz bu gün etibarlı tərəfdaş kimi bütün dünyanın diqqət mərkəzindədir.

  • 04.06.2023, 12:14,
  • Gündəm
  • Baxılıb: 106
Ölkəmiz bu gün etibarlı tərəfdaş kimi bütün dünyanın diqqət mərkəzindədir.

Məlum olduğu kimi,  mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Prezident İlham Əliyev qonaq qismində iştirak etmişdir. Qeyd etmək lazımdır ki, ölkəmiz artıq uzun müddətdir ki, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını uğurla davam etdirir. Yalnız Ermənistan yeni iqtisadi-siyasi düzənə uyğunlaşmır və qarşılıqlı əlaqələrin qurulmasında maraqlı deyil. Təbii ki, istənilən halda iqtisadi, hərbi və siyasi çöküşdə olan Ermənistan burada itirən tərəfdir.  Azərbaycan ikitərəfli formatda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Ölkəmizin üzv ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artaraq 4,7 milyard dollar təşkil etməsi təşkilatın iclasına ölkə başçımızın dəvət olunmasının məntiqi əsasını izah edir. Eləcə də 2023-cü ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmış, üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı isə 9 faizə yaxınlaşmışdır. Bununla yanaşı, 3,1 milyard dollar dövriyyə ilə təkcə Rusiya təşkilata üzv dövlət qismində Azərbaycanın ən böyük idxalçı tərəfdaşıdır. Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşı kimi Avropa qitəsindən olan dövlətlərin də aparıcı yeri danılmazdır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur.

         Azərbaycan regional lider olaraq əksər qlobal əhəmiyyətli beynəlxalq təşkilatların maraq dairəsindədir. Ölkəmiz hər hansı beynəlxalq təşkilata üzv olmasa belə, həmin qurumun üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələrinə hər zaman maraqlıdır. Cənab Prezidentin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı var. Bu hal, öz növbəsində, yeni dünya düzəninin formalaşdığı bir vaxtda bütün diqqəti ölkəmizə cəmləyir. İstər uğurlu enerji ixracatçısı, istərsə də xarici iqtisadiyyatımızın müstəqilliyi bunu deməyə əsas verir. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin ölkəmizin güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması səbəbindən və gələcək prespektivdə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsindən ötrü bağlanması sadalananları bir daha təsdiq edir.Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) da ölkəmizin təmsil olunması beynəlxalq əhəmiyyətə malikdir. Ölkəmiz eynilə ŞƏT-də də, demək olar ki, bütün üzv ölkələr ilə ikitərəfli münasibətlər quraraq əməkdaşlığa maraqlıdır. Lakin bu məqamda xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı olaraq iştirak edir. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şuranın iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul etmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident cənab İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Təşkilatın əsas qayəsi isə terrorizm, separatizm və ekstremizmə qarşı innovativ tədbirlər görərək regional və beynəlxalq təhlükəsizliyi təmin etməkdir.

        Aparıcı beynəlxalq təşkilatlarla etibarlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin fonunda ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar dünya ictimaiyyətində obyektiv rəyin formalaşmasına şərait yaradır.Xüsusən də enerji resurslarının ixracı və diversifikasiyası prosesinin reallaşdırılması dövlət başçımızın qurduğu uğurlu iqtisadi modelin prioritetlərindəndir. Məhz bu diplomatik və iqtisadi reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti gün keçdikcə daha da artır. "Qoca qitə"nin  təbii qaz ehtiyacının ödənilməsində başlıca rol oynayan Azərbaycan artıq bu çərçivədə əməkdaşlıq etdiyi ölkələrin sayını 6-dan 10-a yüksəltmək üçün yeni layihə planları üzərində çalışır. 2023-cü ildə qaz ixracatının 25 milyard kubmetrdən artıq olacağı proqnoz edilir. Bu proses Azərbaycanın Avropa Şurası, ATƏT, Avropa İttifaqı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini daha da möhkəmləndirir. Uğurlu enerji təminatçısı, etibarlı tərəfdaş, regional lider, bir neçə əhəmiyyətli ticarət yollarının Azərbaycanda birləşməsi, Xəzər dənizindəki nəhəng ticari imkanlara sahib olmağımız və s. amillərin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.Məlumdur ki, ölkəmizin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi və son illər ərzində yaradılmış nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Xüsusi qeyd etmək lazımdır ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edən yeganə ölkə məhz Azərbaycandır. Bununla yanaşı, mayın 25-də Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat" Sammitində, Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycanın yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə BNF-in prezidenti seçilməsi beynəlxalq məkanda Azərbaycanın nüfuzundan xəbər verir. Bütün logistik sahələrdə olduğu kimi, dəniz ticarəti istiqamətində də ölkəmiz olduqca əhəmiyyətli yerə sahibdir. Xəzər dənizinin 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olması bunu deməyə əsas verir. Bununla yanaşı, ölkəmizin logistik imkanların artırılması istiqamətində də önəmi artır. Məhz bu istiqamətdə 15 milyon ton yükün daşınması üçün ərsəyə gətirilən Ələt Dəniz Limanının həcmi modernləşdirilərək 25 milyon tona çatdırılacaq. Qeyd edək ki, uğurla davam etdirilən layihələr planı həmçinin, digər Xəzəryanı ölkələrlə də paylaşılaraq, qarşılıqlı tərəfdaşlığı gücləndirir.

       Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilan rayonlarında son iki ildə inşa edilib. Hazırda azad olunmuş Laçında doqquzuncu beynəlxalq aeroport tikilir və 2025-ci ildə istismara veriləcək. Sadalanan işlər öz növbəsində, ölkəmizin illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malik olduğunu da göstərir. Regionda Ermənistanın böyük təhdid olaraq qalması yükdaşıma və enerji ixracatına təhlükə yaradır. Ekstremist bəyanatlar, sülh prosesinin ləngidilməsi, sərhədyanı ərazilərimizdə təxribatların törədilməsi bunu deməyə əsas verir. Ali Avrasiya İqtisadi Şurası zamanı Nikol Paşinyanın Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin istifadəyə verilməsi yönündə verdiyi əsassız çıxışları növbəti erməni qısqanclığını bütün dünyaya göstərmiş oldu. Xüsusilə, regionun sürətli inkişafına səbəb olacaq bu layihənin Ermənistan tərəfindən bu cür qarşılanması, növbəti dövr ərzində də beynəlxalq layihələrdən kənarda qalacağına işarədir.

         Regionun lider dövləti olan Azərbaycan bu gün etibarlı tərəfdaş kimi bütün dünyanın diqqət mərkəzindədir. Ölkə başçımızın rəhbərliyi ilə davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan qlobal çərçivədə öz yerini getdikcə daha da möhkəmləndirir. 

Vəli və Əli (Nehrəmlilər)
Mədəniyyət