İşgaldan azad olunan ərazilərimiz yenidən qurulur

İşgaldan azad olunan ərazilərimiz yenidən qurulur

Xalqımız torpaqlarımızın yağı düşmən tərəfindən 30 il ərzində işğal edilərək yeraltı və yerüstü sərvətlərimizin talan olunmasının ağır nəticələrini heç vaxt unutmayacaq. Bu gün qədim Azərbaycan torpağı olan Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən iki il ötür. 1992-ci ilin may ayının 18-də Ermənistan tərəfindən işğal olunmuş
Laçın rayonu 28 il erməni vandalları tərəfindən olmazın vəhşiliklərə məruz qalmışdır.
Nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi müstəvidə Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra, qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan Azərbaycana təhvil verildi. Həmçinin, Azərbaycan 2022-ci ilin avqustun 26-da 10 Noyabr Bəyanatının müddəalarına əsasən, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdi. Rayon üzərində tam nəzarət isə 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə başa çatdırıldı. İndi Laçın sözün əsl mənasında azaddır.
Bu gün prinsipial mövqe nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyətli iradəsi hesabına işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmaları üçün təxirəsalınmaz tədbirlər görülür. Çünki əhalini köçürməzdən ilk əvvəl o yerlərdə infrastrukturun yaradılması əsas məsələdir. Dövlətimiz bu məsələdə vahid strategiya üzrə hərəkət edir və dövlət başçısı nəyi necə, nə vaxt edəcəyini də çox yaxşı bilir. Bir həqiqət də var ki, dövlətimiz məcburi köçkünlərin öz doğma yurdlarına tez bir zamanda köçürülməsində çox maraqlıdır.
Xüsusilə qeyd edək ki, işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Laçında da böyük quruculuq işləri aparılır, fərqli təyinatlı yol, enerji infrastrukturu layihələri reallaşdırılır. Laçın rayonu 28 il işğal altında olduğu dövrdə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuş, ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Müharibə başa çatan kimi ölkə rəhbəri tərəfindən yeni yolun marşrutu və bütün texniki parametrlərinin dərhal müəyyən edilməsi göstərişi verilmişdir 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş, Laçın Beynəlxalq Hava Limanının tikintisi davam etdirilir. Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu, ermənilərə göz dağıdır. Aeroportda 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir və o, strateji təyinatla yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscidin inşa edilməsi nəzərdə tutulub, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib.
Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdiriləcək, Laçın, dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək.
Ən əsası odur ki, bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir və işğaldan azad edilmiş torpaqlarımızda bütün işlər böyük vüsətlə davam etdirilir.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Mədəniyyət