Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur

  • 13.04.2023, 11:34,
  • Gündəm
  • Baxılıb: 150
Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur
XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Mübarizə deyiləndə heç də yalnız silahlı mübarizə nəzərdə tutulmur. Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi özü də mübarizənin bir formasıdır. Sadalanan və sadalanmayan ölkə əhəmiyyətli bu məsələlərin həyata keçirilməsi tarixi şəraitdən, mühitdən, müxtəlif təsirlərdən, obyektiv və subyektiv səbəblərdən asılı olaraq böyük məsuliyyət və həssaslıq tələb edir və o ölkələr öz inkişafında müvəffəqdirlər ki, onlar qarşıya qoyulan ən mürəkkəb vəzifələrin icrasını daha səmərəli, daha düzgün və daha dəqiq təmin edə bilirlər. Bu sahədə ölkə rəhbərliyinin də üzərinə böyük məsuliyyət düşür və tarix də bunu sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin inkişafında çox önəmli rol oynaya bilərlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı.
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz. Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Orduya dövlət rəhbərliyi təmin edilməmiş, dövlət və ordu bir-birindən ayrı düşmüş, ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmış, xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi. Sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsi məhv edilmiş, orduya çağırış işi özbaşına buraxılmış, orduya vahid komandanlıq təmin edilməmişdi.
Ordu quruculuğu ilə bağlı cəmiyyət daxilində son dərəcə bədbin bir əhval-ruhiyyə var idi və bu da öz növbəsində ordunun varlığına əks təsir göstərirdi. Ölkə daxilində güclənməkdə olan qeyri-sabitlik isə bu sahədə ümidverici bir addımın atıla biləcəyini şübhə altına qoyurdu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və respublikanı addım-addım bu dərin böhrandan çıxarmağa başladı və tarix üçün kifayət qədər qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi.
Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.
Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Heydər Əliyev Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.
Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.
Bütünlükdə, Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı.
İstər səfərbərlik işindəki, istərsə də bütövlükdə ordu quruculuğundakı nöqsanların aradan qaldırılmasında kadrların tərbiyələndirilməsi, seçilməsi, yerləşdirilməsi Heydər Əliyevə görə böyük əhəmiyyət kəsb edən məsələlərdən biri idi. O, dəfələrlə hərbi hissələrə səfər etdi, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış oldu, əsgər və zabitlərin qayğıları ilə maraqlandı. Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu 2016-cı ilin aprelində və 2018-ci ilin mayında əldə etdiyi uğurları daha geniş miqyasda təkrarlayaraq 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Heydər Quliyev,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi,
Vətən müharibəsi iştirakçısı
Mədəniyyət