Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə ən nüfuzlu təşkilatlardan biri olacaqdır

  • 30.03.2023, 12:26,
  • Gündəm
  • Baxılıb: 140
Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə ən nüfuzlu təşkilatlardan biri olacaqdır

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Türk və İslam dünyası, türkdilli dövlətlərlə əlaqələr özünün ən yüksək mərhələsini yaşayır. Prezident İlham Əliyev türk dövlətləri arasında sosial-iqtisadi, mədəni sahədə əməkdaşlığın, münasibətlərin inkişafı və bundan əldə ediləcək faydalarla bağlı strateji baxışlarını ortaya qoyub. Türkdilli dövlətlərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini dəyərləndirərkən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Əgər türk dövlətləri birlikdə olsalar, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsələr və bu birlik mütəmadi işlərlə möhkəmləndirilsə, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq. Hazırda Türk Dövlətləri Təşkilatının üzvləri ilə strateji tərəfdaşlığı daha da möhkəmlənməkdədir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Qeyd edək ki, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən Türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün Türk dünyasının zəfəridir. Vətən müharibəsi zamanı Türk dövlətlərində sadə insanların, xüsusən sosial şəbəkələr vasitəsilə Azərbaycana simpatiyası aydın hiss olunurdu. 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib.
Bu gün qürurla deyə bilərik ki, artıq Türk Dövlətləri Təşkilatı (TDT) regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları yüksəlməkdədir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.
Qeyd edək ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş tutdu. Tədbir bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Qardaş ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dövlətimizin başçısı qardaş ölkəyə bir daha dəstəyini nümayiş etdirdi. Bu həmçinin Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin təzahürüdür.
Bu sammitin ən böyük uğurlarından biri Türk Dövlətləri Təşkilatının milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılıq və Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş oldu. Bu, beynəlxalq ictimaiyyət üçün istinad nöqtəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Fövqəladə Zirvə Görüşünün yekunu olaraq qəbul edilən Ankara bəyannaməsi üzv ölkələrin milli maraqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Sənəddə də qeyd olunduğu kimi, üzv dövlətlər zəlzələlərdən sonra bərpa-yenidənqurma işlərində Türkiyə xalqı və Hökuməti ilə həmrəylik ifadə etdilər. Zəlzələlərdən zərər çəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını bir daha təkrarladılar. Ankara bəyannaməsində həmçinin Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumun pislənməsi, bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına dair çağırış xüsusilə vacibdir. Sammitdə eyni zamanda Prezident İlham Əliyev Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimizin hüquqlarına dair də çağırış etdi: “Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir” - deyən dövlət başçımız bildirdi.
Prezident İlham Əliyevin bütün platformalarda təşəbbüsləri Azərbaycanın beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə qorunmasına xidmət edir. Ankara Zirvəsi də bu mənada ən uğurlu platformalardan biri oldu.

Emil Məmmədov,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi
Mədəniyyət