Dövlət siyasətinin müasir modeli

Dövlət siyasətinin müasir modeli

Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. Prezident İlham Əliyev XXI əsrin keşməkeşləri şəraitində həmin inkişaf kursunu yeni şərtlər müstəvisində səmərəli şəkildə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu proses daha da inkişaf edəcək. Azərbaycan Prezidenti daxili və xarici siyasətdə həyata keçirdiyi proqramlar sayəsində müstəqil dövlətçiliyi yeni zirvələrə qovuşduracaq. Bunların fonunda Prezident İlham Əliyevin simasında yeni siyasi lider modelinin formalaşdığı aydın görünür.
Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında dünyanın aparıcı dövlətlərinin rəhbərləri dəfələrlə fikir bildiriblər. Onların hamısı Azərbaycan Prezidentindən müdrik, uzaqgörən, əməkdaşlığa açıq və etibarlı, dövlət işlərini dərindən bilən və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs ediblər. Əlbəttə, hər bir azərbaycanlı üçün ölkənin başçısına digər ölkələrin rəhbərlərinin yüksək qiymət verməsi qürur mənbəyidir. Həm də bu hörmətin arxasında İlham Əliyevin gərgin zəhmətinin, yüksək ailə, siyasətçi tərbiyəsinin, Vətənə böyük sevgisinin dayandığını anlamaq gərəkdir. Belə qiymətlər heç zaman asan verilmir – onu qazanmaq lazımdır, konkret əməldə layiq olduğunu göstərmək gərəkdir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazda heç bir siyasi lider barəsində bu cür fikirlər bildirmirlər. Bunlar İlham Əliyevin siyasətçi, lider və şəxsiyyət kimi dərindən öyrənilməsinə böyük ehtiyac duyulduğunu göstərir.
Burada bir vacib məqamı vurğulamaq gərəkdir. Ulu öndər Heydər Əliyevin İlham Əliyev kimi liderin yetişməsində zəhməti və xidməti olduqca böyükdür. Ümummilli liderin fəaliyyətinə yaxından bələd olması ilə bərabər, onun təcrübəsini də tam əxz edib, praktiki fəaliyyətdə tətbiq etmək, əlbəttə, insanın özündən yüksək bacarıq tələb edir.
Müstəqil Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.

Lətifə Qədirova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi




Mədəniyyət