Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib..
Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində 550 nəfər nümayəndənin iştirakı ilə Azərbaycanın ictimai, siyasi tarixində özünəməxsus yeri və rolu olan, bu gün regionun ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyası təsis edildi, dahi şəxsiyyət Heydər Əliyev yekdil qərarla yeni yaradılan siyasi partiyanın sədri seçildi. Sonrakı siyasi proseslərdə - tariximizə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 oktyabr tarixində Ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, 1993-cü ilin 3 oktyabr tarixində keçirilən Prezident seçkilərində isə xalqımızın yüksək səs çoxluğu, inamı və etimadı sayəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, bütün sahələrdə həyata keçirilən təxirə salınmaz islahatlar nəticəsində mühüm irəliləyişlərə, inkişafa nail olundu, ictimai-siyasi sabitlik təmin edildi, vətəndaş müharibəsi təhlükəsi tamamilə aradan qaldırıldı. Ölkədaxili siyasi kursun milli maraqlarımıza uyğun şəkildə uğurla icra edilməsi ilə yanaşı, xarici siyasi strategiyamız da hədəflərimizə uyğun olaraq davam etdirildi. Beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin qurulması istiqamətində diplomatik addımlar icra olunmağa başlandı. Artıq ölkəmiz dünyada söz və nüfuz sahibi olan bir ölkəyə çevrildi. Xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, həmçinin digər iqtisadi islahatlar ilə ölkəmiz neft ehtiyatlarından səmərəli və milli məqsədlərə cavab verəcək bir şəkildə istifadə etməyə başladı. İqtisadi dirçəlişimiz digər bütün sahələrin tərəqqisinə ciddi əsas oldu.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində, dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. 2003-cü ilin 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ulu öndər Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Həmin gündən etibarən hər il bu böyük dövlət xadiminin Anım günü nəinki Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir. Ulu Öndərin fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri Xiyabana gedərək Heydər Əliyev məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri