Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

  • 30.03.2022, 10:12,
  • Gündəm
  • Baxılıb: 145
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən sonra xalqımız artıq ikinci ildir Novruzun gəlişini qəhrəman və qalib xalq kimi tamam fərqli ab-havada qarşılayır, bayramı böyük sevinc hissilə qeyd edir.

Baş memarı və müəllifi yenilməz Sərkərdə, sözünün imzası qədər dəyəri olan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb, yüzillərlə itirdiklərimizi geri qaytarıb, tarixi ədaləti bərpa etməklə Qələbə, Zəfər sevincini xalqımıza yaşadıb. Düşməni illərdir işğal altında saxladığı torpaqlarımızdan iti qovan kimi qovub. Qətiyyətlə deyib: "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dərmir yumruğu onların belini qıracaq".

Ümummilli lider Heydər Əliyevin əminliklə söylədiyi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik...", - arzusunu həyata keçirən, Bakının baş meydanında Zəfər paradını keçirən, milli bayramımızın əbədi Zəfər tonqalını xalqımızın milli ruhunu qoruyan və Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada yandıran dövlətimizin başçısı, bu torpaqların bir daha vahid Azərbaycan dövlətinin ərazisi olduğunu dünyaya göstərib. İllərlə qəlbimizdə yaşatdığımız arzunun gerçək üzünü görmək necə də şirin idi.
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

2021-ci il mart ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Şuşada, Cıdır düzündə Novruz bayramı tonqalını alovlandırması, qüdrətli dövlət başçısının oradan dünyaya verdiyi mühüm mesajlar hər bir azərbaycanlının qəlbini sonsuz sevinc və qürur hissilə doldurub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev müraciətində Novruz bayramının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd olunmasını tarixi hadisə adlandıraraq deyib: "Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".

Fəxarət hissilə qeyd etmək lazımdır ki, doğma Azərbaycanımız özünəməxsus adət-ənənələri, yüksək mənəviyyatı, zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr bəxş edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi bütün zamanlarda əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub. Azərbaycan xalqının tarixi inanc, adət- ənənə və milli-mənəvi dəyərlərini bütün siyasi proseslərin fövqündə qoruyub saxlamağa nail olan, milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Mehribanlıq və qardaşlıq tellərini gücləndirən bu bayram cəmiyyətdə xoş münasibətlər bərqərar edərək, onun üzvlərinin bir-birinə diqqət və qayğısını artırır".

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızın nail olduğu misilsiz uğurlar, xalqımızın zəngin və qədim adət-ənənələrinə son dərəcə həssas münasibəti, milli mənəvi dəyərlər sisteminin daha da zənginləşdirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verir. Azərbaycanın milli-mənəvi zənginliyinin, adət-ənənələrinin, tolerantlıq və multikultural dəyərlərinin dünyaya layiqincə təqdim olunması ölkəmizin təbliği, beynəlxalq nüfuzunun daha da yüksəlməsi baxımından olduqca əhəmiyyətlidir. Novruzda dövlətimizin başçısının ailə üzvləri ilə birlikdə xalqımızın yanında olması, bu əziz bayramı əhali ilə bir yerdə keçirməsi milli-mənəvi dəyərlərimizə verilən layiqli qiymətdir. Milliliyimiz, adət-ənənəmiz, azərbaycançılığımız bu bayramda özünü daha qabarıq şəkildə büruzə verir. Qeyd etmək lazımdır ki, siyasətdə bayramlaşma təcrübəsi: qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət formalaşıb. Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımızın maddi-mənəvi dünyasına həssaslıqla yanaşması, milli-mənəvi irsinin, adət - ənənələrinin, mədəni incilərinin qorunub saxlanılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti, ölkəmizin qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə təbliği istiqamətində göstərdiyi səylər ölkəmizin dəyərlər sisteminə, saf və nəcib dəyərlərin ictimai şüurda möhkəmlənməsinə parlaq nümunədir, yüksək qayğının təzahürüdür. Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisə kimi, Mehriban xanım Əliyevanın təşəbbüsü, böyük səyi və gərgin zəhmətinin bəhrəsi olaraq 2009-cu ildə Novruz bayramının UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi, 2010-cu ildə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-nin Beynəlxalq Novruz Günü elan olunması əziz bayramımızın bəşəri miqyasda roluna yüksək önəm verilməsinin göstəricisidir. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da qoşulub. Böyük bir coğrafiyada qeyd edilən bu qədim bahar bayramı həm də milli mədəniyyətimizin dünyaya tanıdılması, humanist dəyərlərimizin dünyaya çatdırılması istiqamətində önəmli hadisədir və ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Xalqımızın yüksək mənəviyyat xəzinəsi olan Novruz bayramının dünya müstəvisində qeyd olunması milli təfəkkürümüzün və mədəni dəyərlərimizin ümumbəşəri əhəmiyyətinə əyani sübutu olmaqla, çoxqütblü dünyamızda insanlar arasında dostluq, qardaşlıq duyğularını, əmin-amanlığın bərqərar olmasını gücləndirir.

Yeri gəlmişkən qeyd edək ki, Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz fəlsəfəsində dörd bayram çərşənbəsinin özünəməxsus yeri vardır. Yazın gəlişinin gətirdiyi sevinc duyğusu ilaxır çərşənbələrlə başlanır və Novruz bayramına qədər olan bir aylıq müddətdə davam edir. Bu, bütövlükdə bayram əhvali- ruhiyyəsini uzun müddət qoruyub saxlamağa, nikbin və xeyirxah hissləri gücləndirməyə ciddi dəstək olur. Çərşənbələrlə bağlı onu qeyd edə bilərik ki, ilk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu, süfrə mədəniyyətini və fəlsəfəsini özündə ehtiva edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə, dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.

21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən ulu öndər Heydər Əliyev öz çıxışında deyib: "Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır."

Arif Məmmədov Məmməd oğlu
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, b.e.d., prof.
Mədəniyyət