Ağdam Musiqi Kollecininin uğurları dillər əzbərinə çevrilib

Ağdam Musiqi Kollecininin uğurları dillər əzbərinə çevrilib

Tarixçilər “Ağdam” sözünün zaman-zaman yerli ağ əhəng daşından tikilmiş evlərlə bağlı olduğunu dilə gətiriblər. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə, kənd təsərrüfatının yüksək və hərtərəfli inkişafından əldə olunan gəlirlər hesabına, əhəngdaşı karxanaları ağdamlılara kütləvi surətdə ağ evlər tikmək imkanı yaradır. Bundan əlavə, həmin illərdə pambıqçılığın yüksək inkişafı Ağdamda belə bir deyimin əmələ gəlməsi ilə nəticələnir. “Ağ pambıq bizi ağ evlərə və ağ günlərə çıxartdı”. Hal-hazırda Ağdamın pambıqçılıqdakı təcrübəsini tam bərpa etməklə, məhz daha yüksək nəticələr əldə etmək mümkündür. Dövlət başçısı İlham Əliyevin kənd əməkçilərinə göstərdiyi davamlı kömək, bu gün ağdamlıları məmnun edir və ildən-ilə nailiyyətləri artırmağa şərait də yaradır.

Bəli, Ağdam rayonu hər zaman əhəmiyyətli rolu ilə fərqlənib və bir çox göstəricilərinə görə, əksər şəhər və rayonlardan da fərqlənib. Adicə bir məqamı qeyd edək ki, bu rayon təkcə pambıqçılıqla deyil, eyni zamanda öz musiqisi ilə də ad-san çıxarıb. Məsələn, bir müddət bundan əvvəl Quzanlı qəsəbəsində memarlıq üslubu və gözəlliyi ilə diqqəti cəlb edən Muğam Mərkəzində, Respublika Gənclər Fondunun dəstəyi ilə Ağdam Musiqi Kolleci tələbələrinin “Torpağın səsi” layihəsi çərçivəsində keçirilən konsertdə duyğulu anlar yaşanır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun, ictimaiyyət nümayəndələrinin və digər qonaqların iştirak etdiyi konsertdə ecazkar musiqi səsləri, tələbələrin gözəl ifası, vaxtın necə keçdiyini hər kəsə unutdurur. Xeyli vaxtdır ki, həmin konsertin təsiri altındayam. Bu tədbirdə başlıca məqsəd, Ağdam Musiqi Kollecində təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi idi. Konsertdə ən çox həyəcan keçirən kollecin direktoru Rafail Musayev idi. Onu yaxşı başa düşürdük. Bağban yetişdirdiyi ağacın məhsulu üçün necə sevinirsə, müəllimin də öyrətdiyi tələbənin çıxışı üçün keçirdiyi həyəcan və sevinc də eynidir. Rafail müəllimi çoxdan tanıyıram, onun istedadına, səmimiyyətinə, peşəkarlığına, necə deyərlər, can yanğısına, vətənpərvərliyinə və insanlara saf münasibətinə yaxşı bələdəm. Məcburi köçkünlük illərinin ilk vaxtlarında Ağdam Musiqi Kollecinin ayaqda qalmasına, kollektivin qayğılarının qarşılanmasına, keçmiş şöhrətinin qorunmasına can qoyan, zəhmət çəkən, yorulmadan çalışan Rafail müəllim, heç zaman haqqı nahaqqın ayağına verməyib. Onu tanıyanlar yaxşı bilir ki, bu şəxs əqidə adamı, əsl ziyalıdır. Belə insanların ömrü mənalı və şərəfli, başı həmişə el içində uca olur. Rafail Musayev kimi insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Rayonda keçirilən tədbirin birində Rafail müəllimin bir az kövrəldiyini gördüm. Səbəbini soruşmadım, onsuz da indi bütün ağdamlıların kövrək vaxtıdır, Ağdamın işğaldan azad edilməsi onlara sonsuz sevinc hissi bəxş edib. Kimi dindirirsən, kiminlə həmsöhbət olursan hamı ürəkdən gələn bir söz deyir: Müzəffər Ordumuza, qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarıq! Rafail müəllim ürək sözlərini deyəndə bir cümləni xüsusi vurğulayır: “Möhtərəm Prezidentin Sərəncamı ilə Ağdama çəkilən yollar bizim ürəyimizdən, arzularımızdan, xəyallarımızdan keçir. Həmin yollar bizi yaxın vaxtlarda Ağdama aparacaq”. Yeni tədris ilinin qayğılarını yaşayan təcrübəli pedaqoq, dəyərli ziyalı, sənətşünaslıq namizədi, dosent Rafail Musayev həmkarları ilə birlikdə gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, savadlı, bilikli olmaları üçün ürəklərinin odunu, atəşini sərf edirlər. Hələ uşaq yaşlarından musiqinin ecazkar ruhu ilə nəfəs alan, Ağdam musiqi mühitində böyüyən Rafail Musayev, ötən əsrdə çox məşhur olan “Qarabağ bülbülləri” ansamblında tar ifaçısı olaraq ilk addımlarını atır. Həyatını musiqiyə həsr edən bu şəxs əvvəlcə Ü. Hacıbəyov adına Musiqi Texnikumunda tar ixtisası şöbəsində, daha sonra Azərbaycan Musiqi Akademiyasının xalq çalğı alətləri şöbəsində ali təhsil alır. O, 1979-cu ildən bu Kollecdə çalışır və elmi yaradıcılığını davam etdirir. Faktdır ki, o, indiyə kimi Qarabağ xanəndəlik sənətinin elmi şəkildə araşdırılmasını uğurla başa çatdırıb və “Qarabağ xanəndəlik sənəti” kitabını da nəşr etdirib. O, sənətşünaslıq namizədidir, dosentdir, iki dəfə Həcc ziyarətində olub. 25 il müavin işləsə də, 3 ildir ki, direktor vəzifəsini daşıyır. Yəni, Rəfail müəllimin 48 illik təhsil və idarəçilik təcrübəsi var. O, aspirantura təhsili də alıb və “Qarabağ xanəndəlik sənəti”nin, elmi monoqrafiya kitabının və digər metodiki göstərişlərin müəllifidir. Özü əsil vətənpərvər və ağsaqqal ziyalıdır. Onun təhsil və təlim-tərbiyə səviyyəsinin artmasında, ansambl, xor kollektivi, orkestrlərin inkişafına göstərdiyi xidmətləri danılmazdır. Rafail müəllim hər zaman qazilərə, şəhid ailələrinə, veteranlara hörmət-izzət göstərir, əsil vətəndaşlıq nümunəsini nümayiş etdirir. Onun rəhbərliyi dövründə məzunların ali təhsil pilləsinə qəbulu artmış və 2020/2021 illərdə məzunlarından 7 nəfərin müxtəlif ali təhsil pilləsinə daxil olmuşlar. Aşıq və vokal sənəti ixtisaslarının açılmasında fəaliyyəti böyük olub. Hal-hazırda rayonun içtimai-siyasi həyatında uğurlu fəaliyyətini davam etdirir. O, eyni zamanda bir çox metodik tövsiyələrin müəllifidir. Rafail Musayev 2004-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb və hal-hazırda dosentdir. Bundan əlavə o, Həcc ziyarətində olub və iki övladı var. Hüseyn adlı oğlu ixtisasca hüquqşünasdır, Leyla adlı qızı isə Moskva Tibb Universitetini qırmızı diplomla başa vurub.

Rafail Musayev Ağdam musiqi və ifaçılıq ənənələri, Vətən müharibəsində qazanılan qələbə haqqında danışarkən deyir: -O məşhur məsəldə deyildiyi kimi, burda bir uşağı küsdürəndə muğam üstündə ağlayıb. Ağdam Qarabağın toy otağıydı və öz ənənəsi olan, öz dəst-xətti olan muğam ustaları, indiyə kimi Azərbaycanın mədəniyyətinə, incəsənətinə, muğam dünyasına sanballı töhfələrini bəxş ediblər. Bu gün onların adları qürur və iftixar hissi ilə çəkilir, dövlət tərəfindən layiqincə qiymətləndirilir. Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində, son illər dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın Respublikasının Birinci xanımı hörmətli Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, bu gün də tarixi töhfələrini verməkdədir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edilib. Ağdam Musiqi Kollecinin rəhbərliyi və müəllim heyyəti, indiyə kimi bunlardan ruhlanaraq 2020/2021-ci tədris ilində təhsilin yüksək səviyyədə saxlanılmasına, tədrisin keyfiyyətinin daima yüksəldilməsinə, daxili nizam-intizam qaydalarının üstün tutulmasına nail olublar. Kollecdə Təhsil Nazirliyinin təyin etdiyi beş ixtisas üzrə - instrumental ifaçılıq (alətlər üzrə), xalq çalğı alətləri ifaçılığı (alətləri üzrə), xanəndəlik, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə tədris fəaliyyəti həyata keçirərək subbakalavr hazırlayırlar. Bu Kollecin məzunlarından Fidan Qurbanova və Məhsəti Paşayeva Bakı Musiqi Akademiyasında, Əsgər Əsgərzadə Azərbaycan Milli Konservatoriyasının xanəndəlik şöbəsində təhsil alırlar. Bundan əlavə, kollecin müəllimi Bəyalı Əsədov da Azərbaycan Milli Konservatoriyasına daxil olub. Kollektiv üzvləri Təhsil Nazirliyinin və RİH rəhbərliyinin göstərdikləri diqqət və qayğını daim yüksək qiymətləndirirlər. Müzəffər ordumuz döyüş meydanlarında, haqq savaşında tərəflərin nəyə qadir olduğunu yüksək peşəkarlıqla nümayiş etdirdi. İtkilərimiz ürəyimizi dağladı, şərəfimizi, qürurumuzu ucaldan şəhidlər qəlbimizdə əbədi yaşayacaq. Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və uca bir zirvəyə yüksəldilər. Hər kəs Qarabağı azad edən oğullarla fəxr edir. Çünki, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir. İnanırıq ki, yenidən qurulan Ağdamda yeni nəsil musiqiçilər yetişəcək və Ağdam dünyanın ən gözəl şəhərindən birinə çevriləcək.

Fuad ƏLİYEV
Mədəniyyət