Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır. Məhz buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan maddi-mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir.
İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Otuz il işğal altında qalmış ərazilərimizdə məhvə məhkum edilmiş maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada bütün muzeylər, abidələr dağıdılıb. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey eksponatı talan olunmuşdur. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına getmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Ekspertlərin fikrincə, Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil. Şuşa şəhərindəki muzeyləri yada salaq: Tarix-diyarşünaslıq muzeyi, Şuşa Tarix Muzeyi, Xalça muzeyinin Şuşa filialı, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın, Xurşid banu Natəvanın ev muzeyləri, Qarabağ Dövlət Tarix Muzeyi, Qarabağ Ədəbiyyat muzeyi... Bunların hər biri bizim mənəvi sərvətimiz idi. Talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyanın misilsiz mədəniyyət nümunələridir.
Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı ev- muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar olmuşdur. Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltaraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır. Ağdam şəhərində Üzərliktəpə abidəsi, Kəngərlidəki XIV əsrin yadigarı - daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Şahbulaq qalası... kimi tarixi memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb məhv edilmişdir. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi.
Bu maddi-mənəvi sərvətlər qruplaşdırılaraq "Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir.
Qeydlərimi Azərbaycan Prezidentinin Hərbi Qənimətlər Parkının açılış mərasimində dediyi bu sözlərlə yekunlaşdırmaq istərdim: “İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanla, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, “dəmir yumruq” yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.
Səidə Əliyeva,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru