Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub

Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə  dayanıqlı inkişafa müvəffəq olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər etdi. Bu səfər bir sıra mühüm məqamlarla, dünyaya verilən əlamətdar mesajlarla yadda qaldı. Naxçıvan səfərinin ulu öndər Heydər Əliyevin doğum günündə reallaşması təsadüfi deyildi. Cənab Prezidentin də vurğuladığı kimi: Tarixi Zəfərdən sonra bu doğum günündə mən mütləq burada olmalıydım”.
Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Süni Mayalanma Mərkəzinin açılışı nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir;
Naxçıvan sürətlə inkişaf edir. Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır.
Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq.
Yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. Pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq.
Naxçıvan yalnız regional deyil, dövlətlərarası əməkdaşlıqda da yaxından iştirak edir. Azərbaycan-Türkiyə əlaqələri konteksində o, aparıcı rol oynayır. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət düşmən mühasirəsində yaşayan Naxçıvanın daha da möhkəmlənməsinə, güclənməsinə xidmət edir.
Ulu Öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, dünya miqyaslı təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü oldu.Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. O, həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Ulu Öndərin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.

Minəxanım Hacıyeva,
Salyan Rayon Mərkəzi Xəstəxanasının pediatr-həkimi
Mədəniyyət