“Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir”

  • 15.04.2024, 17:43,
  • Gündəm
  • Baxılıb: 119
“Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir”


Uca Allahın yaratdığı gözəlliklərin, rəngarəng, füsunkar təbiətin, dahi rəssam və heykəltaraşların əsrlər boyu yaşayan sənət əsərlərinin mahiyyətini, əbədiliyini insan gözü olmadan qəbul etmək və qavramaq mümkün olmazdı. Görmə qabiliyyəti həyatın bütün çalarlarını bizə bəxş edən sehrli və ecazkar nemətdir. Gözün sağlamlığını qorumağa bütün həyatını həsr etmiş, görmə qabiliyyətini itirməkdə olan insanların son ümid, and yeri, dünya oftalmologiyasının tarixinə əbədi olaraq adı qızıl hərflərlə yazılmış dahi azərbaycanlı alim və həkim, yüksək həkim sənəti ilə paklıq və mənəviyyatın zirvəsini əbədi olaraq fəth etmiş akademik Zərifə xanım Əliyeva bəşər təbabətində sənətinin incəliyini bütün varlığı, Vətəninə və xalqına xidməti ilə sübut etmiş, özü bu incəliyin və gözəlliyin mücəssəməsi, tərənnümü olmuşdur. Azərbaycanın görkəmli oftalmoloq-aliminin apardığı elmi-tədqiqat işlərinin mövzu seçimi ən mücərrəd və mürəkkəb sahələrdən olan milli xilaskarlıq, milli təhlükəsizlik, vətən övladlarının sağlamlığının qorunması, onun genetik fondunun zədələnməsinin qarşısının alınması kimi müasir və aktual məsələlərə həsr olunub. O, elmi-tədqiqat işlərini sadəcə elmi dərəcə əldə etmək naminə yox, xalq üçün, millət üçün, vətən üçün xeyirli bir iş görmək, faydalı olmaq naminə yerinə yetirirdi. Ona görə də dünyaşöhrətli alimin həyata keçirdiyi elmi işlərin mövzusu daim fundamental əsaslara söykənir, qlobal məsələlərin həllinə həsr olunurdu. Onun XX əsrin 50-ci illərində həyata keçirdiyi elmi-tədqiqat işlərinin nəticələri həmin dövrdə Azərbaycanda geniş yayılan traxoma kimi ağır infeksion xəstəliyin, eyni zamanda, qlaukoma xəstəliyinin qarşısının alınmasında, profilaktikası, diaqnostikası və müalicəsində mühüm rol oynadı. O, Azərbaycanda traxoma xəstəliyinin aradan qaldırılmasına tam əmin olduqdan sonra 1959-cu ildə namizədlik dissertasiyası müdafiə etdi. Həmin dövrün 60-70-ci illərində isə təkcə ölkə miqyasında yox, bütövlükdə Sovetlər İttifaqı miqyasında yüksək dərəcəli erudisiya sahibi olan Zərifə xanım Əliyevanın apardığı digər elmi istiqamətin parlaq nəticələrinin həyata keçirilməsi, praktikada tətbiqi sayəsində insanların müxtəlif peşə xəstəliklərinin qurbanı olmalarının qarşısının alınması ümumbəşəri bir xilaskarlıq nümunəsidir. 1976-cı ildə Moskvada doktorluq dissertasiyası müdafiə edən Azərbaycan aliminin unikal elmi nailiyyətlərinin ona dünya oftalmoloqları sırasında layiqli şöhrət qazandırması Azərbaycan elminin reytinqinin yüksəlişinə əlverişli zəmin yaratdı. 1923-cü ilin aprelin 28-də görkəmli dövlət xadimi, Azərbaycanda peşəkar və modern təbabətin qurulmasında əvəzolunmaz və müstəsna xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə xanımın taleyinə Ulu Tanrıdan müqəddəs missiyalar yazılmışdı və bu nəcib, kübar təbiətli, zərif bir xanım İlahidən ona verilmiş bütün vəzifələri şərəflə yerinə yetirdi. Sənət seçimində nəinki o çətin dövr, ümumiyyətlə, bütün dövrlər üçün ağır bir sahə olan oftalmologiyanı seçdi, insanlara nur bəxş etməyi peşəsinə çevirdi, böyük bir məktəb yaratdı, Azərbaycan oftalmologiyasını dünya səviyyəsinə qaldırdı. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, ölkəmizin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda özünəməxsus peşəkarlıq və fədakarlıq ilə çalışan Zərifə xanım Əliyeva Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdimə İnstitutunda tibb elmləri doktoru, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəldi. Bu zərif xanımın taleyinə Ulu Tanrı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı, əbədi dostu, ailə ocağının qoruyucusu, övladlarının gözəl anası olmağı yazmışdı. Onun nurlu siması, hər zaman Azərbaycan üçün döyünən qəlbi nəsillərə hər zaman örnək, əsərləri, zəngin elmi irsi alimlərimiz və həkimlərimiz üçün tükənməz mənbədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da, hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır.

Toğrul Hacızadə,
Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi
Mədəniyyət