Tibb elminə həsr olunmuş ömür

  • 15.04.2024, 17:44,
  • Gündəm
  • Baxılıb: 190
Tibb elminə həsr olunmuş ömür

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Böyük alim Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır. Zərifə xanım həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğunu atası Əziz Əliyevdən əxz etmişdi. 1942-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və təhsilini 1947-ci ildə başa çatdırmışdı. Sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmiş və bu ixtisasa dərindən yiyələnmişdir.
Elmi tədqiqatlara olan marağı Zərifə Əliyevanı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirir. Orada həkim-ordinator kimi fəaliyyətə başlayır. 1950-ci ildə aspiranturaya daxil olur, sonra isə institutda elmi işçi kimi çalışır.
Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. Üstəlik də, bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Odur ki, onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütünlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. O, Bakıda insanları müalicə etməklə kifayətlənmir, traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Bununla da sanki Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü diktə edirdi. Alim tədqiqat işi olan traxomanın müalicəsi ilə bağlı məsələlərə, daha doğrusu, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Nəticədə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində müvəffəqiyyətli nəticələr əldə edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa da malik idi. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. El məhəbbətindən, insanları korluq əzabından qurtarmaq zərurətindən doğan bu şəfqətli tədbirlərin həyata keçirilməsi təbii ki, böyük zəhmət, fiziki və zehni gərginlik, uzun müddətli vaxt tələb edirdi. Zərifə xanım bu çətinliyin öhdəsindən uğurla gəlir. Çox keçmir ki, alimin diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi-görmə orqanının patologiyası cəlb edir.
1968-ci ildən məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi.
Akademikin bir sıra elmi işləri isə görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Onun daktriologiyadan bəhs edən "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdi. Bu gün də oftalmoloqların stolüstü kitablarından olan fundamental "Terapevtik oftalmologiya"nın müəlliflərindən biri akademik Zərifə xanım Əliyevadır.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, dünya şöhrətli alim Zərifə Əliyevanın yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir. Görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsi insanları daim öz işığına toplayır, həyat yolumuza, elmimizə, təhsilimizə sanki sönməyən çıraq tutur.

Rahib Kərimov,
Salyan rayon Yolüstü kənd tam orta məktəbin direktoru


Mədəniyyət