Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük və şərəfli yol keçib

  • 21.11.2023, 16:07,
  • Gündəm
  • Baxılıb: 69
Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük və şərəfli yol keçib

31 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində partiyanın yaranma zərurəti, xalqın istəyi geniş şəkildə öz əksini tapıb. Ulu Öndərin ziyalılara cavabı çox gecikmədi. Heydər Əliyevin cavabında deyilirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük və şərəfli yol keçib. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Heydər Əliyevin yaratdığı partiya ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.
Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında partiyanın yeni sədri Prezident İlham Əliyev seçilib. Bu, Heydər Əliyevin siyasi irsinə sadiqliyin bariz nümunəsi idi. Həmin vaxtdan başlayaraq, YAP yeni inkişaf mərhələsinə qədəm qoydu, beynəlxalq əlaqələri daha da genişləndirildi və Cənubi Qafqazda ən böyük və nüfuzlu siyasi partiyaya çevrildi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, YAP Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. YAP-ın böyük insani, təşkilati, ideoloji resursları var. Partiya bu gün öz sıralarında 760 mindən çox insanı birləşdirir. Bu, insanların YAP-a, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətinin, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin bariz göstəricisidir. Ötən illər ərzində Azərbaycanda siyasi, sosial-iqtisadi sahələrdə aparılan islahatlar müsbət göstəricilərlə müşahidə olunub, ictimai-siyasi iqlimin sağlamlaşdırılması yönündə səmərəli tədbirlər gerçəkləşdirilib.
Son 20 illik tariximiz göstərir ki, Azərbaycanın sosial-iqtisadi sahələrdə inkişafını şərtləndirən genişmiqyaslı islahatlar ardıcıllıqla həyata keçirilib. Belə ki, dövlətimizin başçısının müdrik siyasəti ilə bu müddətdə qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, dayanıqlı iqtisadi inkişafa nail olunub, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza sahib olan bir ölkəyə çevirilib. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq, yeni-yeni nailiyyətlərə imza atacaq.

Lalə Qurbanova,
Salyan şəhər 6 saylı tam orta məktəbin direktor əvəzi, YAP fəalı
Mədəniyyət