Obyektiv zərurət

  • 21.11.2023, 16:04,
  • Gündəm
  • Baxılıb: 83
Obyektiv zərurət

Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxan, bu günümüz və sabahımızın təminatçısı, bizi gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il keçir. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi şəraitin daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. 16 oktyabr 1992-ci il müstəqil və müasir Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edərək yaddaşlara həkk oldu. Məhz həmin tarixdə bir qrup ziyalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi. Bu o zaman idi ki, Azərbaycan öz müstəqilliyini yeni əldə etmişdi. Amma respublikada vəziyyət elə bir həddə idi ki, müstəqillik hər an itirilə bilərdi. Ölkə fəlakət həddində idi, hərc-mərclik hökm sürürdü, müstəqil dövlətin dayaqlarını möhkəmləndirəcək heç bir addım atılmırdı. Əksinə, iqtisadiyyat tamamilə çökmüş, dövlət büdcəsi boşalmış, ağır sosial durum, daxildəki silahlı birləşmələr, separatçı meyllərin baş qaldırması, digər tərəfdən isə erməni işğalının genişlənməsi baş verirdi.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi. Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir… Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan… ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.”
Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Yarandığı günlərdə sıralarında cəmi 550 üzvü olan Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 800 mindən çox insanı birləşdirir. Bu isə xalqımızın doğma Partiyamıza olan inamından irəli gəlir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan və formalaşan YAP-ın 31 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradan, bu partiyanın təməl daşını qoyan insanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII Qurultayında vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi ugurlu siyasəti daim dəstəkləyir və daha böyük ugurlara imza atacagına inanır. Yeni Azərbaycan Partiyası məhz, ümummilli problemlərin həllinə nail ola biləcək yeganə partiya kimi formalaşıb. Ölkənin bütün ağıllı, tədbirli, təcrübəli, tanınmış nüfuz sahibi olan insanları məhz bu partiyaya üz tutub və partiyaya gənclərin axını başlayıb. Keçən illər ərzində yaşlı, orta yaşlı və gənc nəslin seçilmiş nümayəndələri bir amal, vahid məqsəd-milli mədəniyyət, ilk növbədə, mənəviyyatı qoruyub saxlamaq, onu inkişaf etdirmək naminə birləşərək möhkəm siyasi qüvvəyə çevrilib. Bu gün YAP sürətli tərəqqi edən, yüksək siyasi mədəniyyət daşıyıcısı kimi tanınan partiyadır.
Beləliklə, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələrini verəcək, fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edəcəkdir.

Etibar Hüseynov,
YAP Salyan rayon təşkilatının veteran üzvü
Mədəniyyət