Konstitusiyamız artıq bütün Azərbaycan ərazisində qüvvədədir

  • 12.11.2023, 19:54,
  • Gündəm
  • Baxılıb: 35
Konstitusiyamız artıq bütün Azərbaycan ərazisində qüvvədədir

Noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 28-ci ili tamam oldu. 1995-ci ilin həmin tarixində keçirilən ümumxalq referendumunda xalqımız özünün zəngin tarixi və dövlətçilik ənənələrinə sadiq qalaraq, cəmiyyətimizin, hər bir vətəndaşımızın əmin-amanlığının, firavanlığının təmin olunmasını arzu edərək və suveren hüququndan istifadə edərək müstəqil dövlətimizin konstitusiyasının qəbul edilməsinə səs verdi. Konstitusiyanın qəbulu xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.
1995-ci il noyabrın 12-də keçirilən referendumda konstitusiyanın qəbul edilməsi Azərbaycanın müasir tarixinin mühüm siyasi hadisəsinə çevrildi. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi də daxil olan Əsas Qanunun qəbul edilməsi respublikamızın həyatında yeni dəyişikliklərə yol açdı. Konstitusiyanın qəbulu müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.
"1995-ci ildə referendum yolu ilə qəbul edilmiş konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur", - deyə Prezident İlham Əliyev bildirmişdir.
Azərbaycan Konstitusiyasının qəbulundan sonra ötən illərin mənzərəsi təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı, ötən 20 ildə Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kurs konstitusiyamızın preambulasında yer alan demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərin həyata vəsiqə almasını təmin edib.
Konstitusiyamızın preambulasında yer alan niyyətlərdən biri də Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfərlə və bu ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatizminə son qoymaqla Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev konstitusiyamızdakı bu niyyətin tam reallaşmasını təmin etdi.
Konstitusiyamızın 11-ci maddəsinin birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Vətən müharibəsindəki qələbə ilə Ana Qanunumuzun bu müddəası təmin edildi. Ərazi bütövlüyümüzün təminatçısı kimi Prezident İlham Əliyev bu konstitusion normanı qətiyyətlə reallaşdırdı. Azərbaycan dövlətinin və xalqımızın pozulmuş konstitusion hüquqlarını tam bərpa etdi.
Konstitusiyada Azərbaycan vətəndaşlarının bütün hüquqları ən demokratik meyarlara uyğun təsbit olunub. Lakin torpaqlarımızı işğal edən Ermənistan yüz minlərlə vətəndaşımızın doğma yurdda təhlükəsiz yaşamaq, azadlıq, mülkiyyət, mənzil toxunulmazlığı və digər konstitusion hüquqlarını pozmuşdu. Şəhər və kəndlərimizin işğaldan azad edilməsindən sonra qarşılaşdığımız acınacaqlı mənzərələr, evlərin daşlarına qədər sökülməsi, təbii sərvətlərimizin talan edilməsi xalqımızın hüquqlarının pozulmasının ayrı-ayrı nümunələridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin nəticəsində Azərbaycan dövləti öz vətəndaşlarının Ermənistan tərəfindən pozulmuş konstitusion hüquqlarını qətiyyətlə bərpa edir.
Bu gün xalqımız bütün milli bayramlarını, əlamətdar tarixlərini, o cümlədən Konstitusiya Gününü daha böyük coşqu və qürur hissi ilə qeyd edir. Ona görə ki, indi bütün torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa edilib. Tarixi zəfərimiz dövlətimizin konstitusion əsaslarını da tam təmin etdi. Artıq konstitusiyamızın normaları bütün Azərbaycan ərazisində qüvvədədir.

Ülviyyə Təhməzova,
Salyan rayon Dayıkənd kənd tam orta məktəbin direktor əvəzi, YAP fəalı
Mədəniyyət