Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən edir

  • 12.11.2023, 19:50,
  • Gündəm
  • Baxılıb: 31
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən edir

Ölkəmiz insan hüquq və azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Müasir və demokratik dövlətçiliyin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları cəmiyyətin inkişafının əsas dinamik lokomotivi sayılır. İctimai həyatın demokratik inkişafında, cəmiyyətin harmonik və sabit yüksəlişində əsas ana xətt hesab edilən fundamental hüquq və azadlıqların qorunması müstəqil dövlət quruculuğu yolunun mayakıdır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Qeyd edildiyi kimi, hüquqi dövlət quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş hüquqların təmini və qorunması, fundamental azadlıqların təmini Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas prioritetlərindəndir.
1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb. Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində aparılan siyasət ardıcıl, dönmədən, uğurla davam etdirilir. Bu sahədə əldə olunan nəaliyyətlər dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olmuşdur.
Bütövlükdə, Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipi açıq və geniş şəkildə təsbit olunub. Eləcə də, 2002, 2009 və 2016-cı illərdə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. Bununla da Əsas Qanun təkmilləşib, habelə müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Bütün bunlar deməyə əsas verir ki, ötən illər ərzində Konstitusiya öz həyati gücünü, humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində ölkəmizdə bütün fundamental azadlıqlar təmin edilib. Sabitlik diyarı və inkişaf məkanı kimi tanınan Azərbaycan son illər ərzində bütün sahələrdə ən sürətli inkişaf templərini nümayiş etdirib, tarixi nailiyyətlərə imza atıb, dünya dövlətləri arasında layiqli yer tutub. Ali Baş Komandan cənab İlham Əliyev qalib ölkənin Prezidenti kimi Konstitusiyamıza istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək zirvələrə doğru inamla aparır. Çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olan Milli Konstitusiyamız suveren dövlətçilik tariximizdə yeni mərhələ açıb, dövlət quruculuğu, iqtisadiyyat və ictimai–siyasi həyatda dinamik inkişafa güclü təkan verib. Beynəlxalq aləm, dünya dövlətləri müstəqil Azərbaycanla hesablaşır, onun qüdrətini, təsir gücünü yaxından hiss edir. Universal dəyərlərə əsaslanan, böyük hüquqi, siyasi və ideoloji potensiala malik Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın firavanlığına xidmət edir.


Ruslan Məmmədov,
Salyan RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri


Mədəniyyət