Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

  • 12.04.2023, 15:51,
  • Gündəm
  • Baxılıb: 54
Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir. Təbii ki, Azərbaycan Ordusunun bu səviyyəyə çatması üçün çox böyük işlər görülüb, düşünlümüş siyasət və düzgün strategiya həyata keçirilib. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndərin bu sahədəki xidmətləri misilsizdir. Hələ Sovetlər dönəmində Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Ulu Öndərin qətiyyəti və güclü iradəsi nəticəsində mümkün olmuşdu.
Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev ordu quruculuğu həyata keçirərkən bu liseyin məzunlarından istifadə edərək nizami ordu yaratmışdır. Azərbaycan Ordusunun silah-sursatla təchizatı davamlı olaraq həyata keçirilmiş, şəxsi heyyətin peşəkarlıq səviyyəsinin artırılması üçün lazimi işlər görülmüşdür.
Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Odur ki, dahi şəxsiyyətin siyasi kursunun əsasını məhz Azərbaycan Ordusunu davamlı olaraq gücləndirmək təşkil edirdi.
1993-cü ildə xalqın tələbi və təkidi ilə ölkəyə yenidən rəhbərlik edən Ümummilli Lider faktiki olaraq Azərbaycanı, dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Ulu Öndər yenidən hakimiyyətə qayitdıqdan sonra digər sahələrdə olduğu kimi ordu quruculuğu islahatlarına başlanıldı. 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda qeyd etdiyi kimi “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.”
2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı Ümummilli Liderimiz Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini misal çəkir, Azərbaycan əsgərinin məhz Türki əsgərinə bənzəməsini xüsusi ilə vurğulayırdı: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. “Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur”.
Bu ideyanı Prezident İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı: “Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. 2016-cı il Aprel döyüşləri Böyük və Tarixi Qələbənin başlanğıcı oldu. Qısa zamanda mifə çevrilmiş Ohanyan səddi dağıdıldı, strateji yüksəkliklər azad edildi. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gerçək gücünü düşmənə və bütün dünyaya sübut etdi. Ədalətli müharibə aparan Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi.
Azərbaycan Ordusunun gücünə güc qatan bir sıra mühüm amillər mövcuddur ki, onlardan biri də xalqın yekdil birliyidir. Məhz Azərbaycan dövləti öz torpaqlarını xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində azad edərək ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ordumuz sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır” - məşhur deyimi artıq real həyatda öz əksini tapıb.

Zamiq Əsgərov,
Salyan şəhəri, Qarabağ qazisi

Mədəniyyət