Heydər Əliyev və Azərbaycan

Heydər Əliyev və Azərbaycan

Müstəqil Azərbaycanın bu günki inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu tarixi şəxsiyyət dövlətimizi vətəndaş müharibəsindən xilas etmiş, ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmışdır. Ulu Öndər davamlı inkişafın əsasını qoymuşdur. Heydər Əliyev bütün varlığı ilə vətənə, millətə bağlı olub. Vətən ağır sınaqlarla üz-üzə dayananda Ulu Öndər xalqın xilaskarı olub. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolu, zəngin, çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Müstəqilliyimiz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Heydər Əliyev millətimizin xoşbəxt gələcəyinə hesablanan bütün layihələrin müəllifi olub. O, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qoruyub, uşaqdan-böyüyə qədər hamının qayğısına qalıb, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olub. Ölkəmizin ən çətin anlarında xalqın yeganə ümid yeri hər zaman xalqa arxa-dayaq olmuş dahi şəxsiyyət Heydər Əliyev idi. Müdrik xalqımız o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı – dünyanın ən güclü siyasətçisi olan şəxsiyyəti - Heydər Əliyevi hakimiyyətə gətirdi.
Ötən illər göstərdi ki, xalq öz seçimində yanılmamışdır. Ulu Öndərin ideyalarını ən yüksək səviyyədə həyata keçirən və onu daha da zənginləşdirən möhtərəm Prezidentimiz Azərbaycanı bütün zamanların ən güclü dövlətinə çevirmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yürütdüyü siyasətin əsas prinsiplərindən olmaqla, onun qurduğu siyasət məktəbinin ən uğurlu yetirməsi olan İlham Əliyevin fəaliyyətində başlıca meyar deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Bu meyarın təməlində müasir Azərbaycanın və hər bir Azərbaycanlının həyatında və taleyində silinməz iz qoymuş böyük simanın, dahi şəxsiyyətin əməllərinin yaşadılması və gənc nəslə ötürülməsi dayanır. Ən böyük tarixi uğurumuz 2020–ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazanılan böyük qələbəmizdir. Şübhəsiz, bu zəfərin Baş Memarı Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir.

Aynurə Fərəcova,
Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi

Mədəniyyət