Azərbaycan - Tacikistan münasibətləri

  • 12.04.2023, 10:03,
  • Gündəm
  • Baxılıb: 88
Azərbaycan - Tacikistan münasibətləri

Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edib.
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.
10 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olarkən Tacikistan prezidenti Emoməli Rəhmanovla görüşüb. Görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirib. Görüş zamanı Prezident Heydər Əliyev bildirib: "Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir".
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib. 15 Mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü olub. Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Səfər zamanı Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzalayıblar. Sonra Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri sahəsində, mədəniyyət və incəsənət sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm sahəsində, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahəsində, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.
13 avqust 2007-ci ildə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon təkbətək görüş keçiriblər. Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib.
Tacikistan prezidenti 2009-cu ildə Tacikistanda keçirilən Beynəlxalq simpoziumda bildirib: "Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan "Nurek" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin yaxşılığını unutmayacaq". Ümumi gücü 2.700 MW't olan "Nurek" Su Elektrik Stansiyası Paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir.
Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları idxal edir. Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur.

Vadim Yaqubov,
Salyan şəhər 8 saylı tam orta məktəbin direktoru
Mədəniyyət