Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir. Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Avropa İttifaqının Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır. Qərb üçün Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz daxil olmaq Azərbaycansız mümkün deyil. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olmuşdur. Bu isə Azərbaycana Avropa İttifaqı ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradır. Bakı üçün bütün digər xarici tərəfdaşlarla olduğu kimi, Brüssellə münasibətlərdə də onların Qarabağla bağlı mövqeyi xüsusi həssaslıq təşkil edir. Qeyd edilməlidir ki, Avropa İttifaqı dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib, müharibəyə qədər 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib.
Prezident cənab İlham Əliyevin Brüssel səfəri ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi. Bu səfər Azərbaycan Prezidentinin böyük nüfuza malik olması, onun regional liderliyi, ölkəmizin qalib dövlət kimi tanınması və sülh müqaviləsi ilə bağlı danışıqların, səmərəli əməkdaşlıq kimi əsas məsələlərin, o cümlədən, münasibətlərin Azərbaycanın istədiyi formada qəbul olunması ilə xarakterizə oluna bilər. Ölkəmizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Avropa İttifaqının rəsmi mövqeyi də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişlərin məhz bizim istədiyimiz formada inkişafını özündə ehtiva edir. Münasibətlərin normallaşdırılması isə regionda sülhün təminatı baxımından əhəmiyyətlidir.
Azərbaycan dövləti əldə etdiyi qələbə ilə şərtləri diqtə edən tərəfdir və qarşı tərəfdən heç bir siyasi və ya iqtisadi asılılığı yoxdur. Əksinə, Ermənistanın münasibətlərin normallaşdırılmasından asılığı kifayət qədər çoxdur. Burada Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi və insanların dinindən, milliyətindən asılı olmayaraq əmin-amanlıq içində yaşaması istiqamətində humanist addımlar atması aydın şəkildə görünür. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü maddələri qəbul etməklə sülh müqaviləsini imzalaya və bununla da özlərinin gələcək taleyini müsbət mənada dəyişdirə bilərlər. Bu onlar üçün böyük bir şansdır. 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxladığı zamanı təhlil etsək görərik ki, Ulu Öndər Heydər Əliyevin və Heydər Əliyev Siyasi məktəbinin parlaq siması Prezident cənab İlham Əliyevin hərtərəfli və uğurlu siyasətinin nəticəsində güclü dövlətə çevrilən Azərbaycan erməni tərəfinə bir neçə dəfə şans verdi. Bu şansları dəyərləndirmədikləri üçün ciddi məğlubiyyətlə üzləşdilər. Azərbaycan dövlətinin tələbləri nəzərə alınmaqla sülh müqaviləsinin imzalanması prosesi zəruridir. Əks halda Ermənistan tərəfi bundan sonra daha böyük problemlərlə üzləşəcək.
Brüssel səfərində diqqət çəkən əsas məqamlardan biri də Müzəffər Ali Baş Komandanın liderlik xarizması və qalib dövlətin rəhbərinə xas olan diplomatik davranışları idi. Azərbaycan xalqı öz rəhbərinin fəaliyyətini qürurla izləyir və hər zaman onun yanındadır. Beləliklə, Prezident cənab İlham Əliyev dünyanın ən böyük siyasi-iqtisadi güc mərkəzlərindən olan Avropa İttifaqı ilə münasibətlərdə ölkəmizin maraqlarının maksimum şəkildə nəzərə alınmasına nail olaraq gələcək aylar və illər ərzində Cənubi Qafqazdakı prinsipial məsələlərdə bir çox qütbün Bakının ortaya qoyduğu reallıq üzrə hərəkət edəcəyi konturları cızmış oldu.

Elman Quliyev,
Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin direktoru
Mədəniyyət