Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir

Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna  malik müstəqil dövlətdir


İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da son illərdə güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi dünyada öz sözü və mövqeyi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin daha da artmasını şərtləndirib.
Bu gün Azərbaycan iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.
Məhz bu iqtisadi uğurların nəticəsidir ki, Azərbaycan son illərdə regionun lider dövləti olaraq qlobal layihələrin təşəbbüskarı və iştirakçısı, eləcə də bölgənin fəal aktoru kimi çıxış edir. Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq bu mövqe daha da möhkəmləndirilmiş oldu.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanıın həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin yaratdı.Ümumiyyətlə, Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə daim böyük önəm verib. Prezident İlham Əliyev tərəfindən milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi bu əlaqələrin düzgün qurulmasına imkan yaradıb.
Dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, ücüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və onların verdikləri tapşırıqları yerinə yetirirlər. Azərbaycan isə müstəqil siyasəti olan ölkələrin sırasındadır, inkişaf etmiş dövlətlərin sırasına çatmağı özünün strateji vəzifəsi kimi müəyyən edib. Bu gün ölkəmiz Cənubi Qafqazda müstəqil siyasət yürüdən, qonşuları ilə bərabər hüquqlu siyasi platforma qurmağı bacarmış, öz maraqlarına münasibətdə diqtə edən regional güc sahibidir.
Hazırda Azərbaycan regionda əsas enerji təchizatçısıdır. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.
Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi yolunda qətiyyətli addımlar atan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Bir sözlə, İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin taktiki və strateji özəllikləri Azərbaycana böyük uğurlar qazandırır. Bütün bunlar isə göstərir ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. İlham Əliyevin xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu İkinci Qarabağ müharibəsinin nəticələri də təsdiq edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu nailiyyətləri öz uğurlu siyasəti, öz səyi hesabına əldə edib, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb. Bu gün isə qalib dövlət kimi Azərbaycan qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər Azərbaycanın xeyrinə işləyir. Azərbaycan postmüharibə dövrünə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub.

Adilə Əliyeva,
Salyan rayon uşaq incəsənət məktəbinin direktoru
Mədəniyyət