Heydər Əliyev və milli dövlətçilik ideyası

Heydər Əliyev və milli dövlətçilik ideyası

Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda öz istiqlal arzusunu gerçəkləşdirmişdir. Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir." Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.

Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.

Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri əsaslarını yaratmışdır. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, maraqlarını qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası idi.

Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olmuşdur. Heydər Əliyevin dövlət təlimində güclü dövlət anlayışı və özünün bütün atributları ilə birgə onun iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyevin düşündüyü güclü dövlət təkmil mərkəzi və yerli idarəetmə mexanizmi, ictimai-siyasi həyatı sabit, işlək qanunları, ədalətli cəmiyyəti olan, insanları dəyərləndirilən və qabiliyyətinə görə proseslərə cəlb edilən, milli birliyə malik bir sistem tələb edirdi.

Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də Heydər Əliyev üçün milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Bununla bağlı ulu öndər qeyd edirdi ki, bizim milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi

və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsinə xidmət etməlidir. "Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Bu ifadələr ümummilli liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi. Heydər Əliyev azərbaycançılıq ideologiyasından danışarkən layiqli vətəndaş məsələsini də xüsusi fərqləndirirdi. O, qeyd edirdi ki, biz elə bir nəsil yetişdirməliyik ki, o öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada tanıtmağı, ölkəsini layiqincə təmsil etməyi bacarsın. Bundan başqa, Heydər Əliyev gənc nəslin öz milli adət-ənənələrinə sadiqliyini, əxlaqlı olmasını, dilini, mədəniyyətini dərindən bilməsini və sevməsini həmişə tövsiyə edir, eyni zamanda onları təhsilli, müasir, Avropa dəyərlərini və dillərini bilən insanlar kimi görmək istəyirdi. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, intellektli insanlar kimi görürdü. Ölkəmizin mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin dövlətçilik təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Heydər Əliyev ölkə başçısı kimi Azərbaycan xalqının zamanın sınaqlarına sinə gərərək, müasir dünya xalqları sırasında layiqli yer tutmasını öz dili və mədəniyyətini qoruması, milli-mənəvi dəyərlərinə arxalanması ilə sıx bağlılığını təmin etmişdir.

Buna görə də bu gün elm və mədəniyyətə, vətənpərvərlik tərbiyəsinə, xalqımızın tarixi irsinə yetirilən diqqət dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir. Cənab İlham Əliyevin rasional, uzaqgörən və praqmatik siyasəti, cəsarətli addımları, güclü liderlik keyfiyyətləri və yorulmaz gündəlik əməyi sayəsində Azərbaycan dövləti ulu öndərin müəyyənləşdirdiyi strateji vəzifələrin öhdəsindən uğurla gəlir və gələcəyə doğru inamla irəliləyir.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Nübar Bayramova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru
Mədəniyyət