İşığa qoyulan limitlə bağlı açıqlama

İşığa qoyulan limitlə bağlı açıqlama
[center]

Azərbaycanda qaza tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisinə qoyulan limitin artırılması məsələsi gündəmə gəlib.

BEŞ.AZ media xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, bu məsələ Tarif Şurasından asılıdır. “”Azərişıq” icraedici orqandır. Qanunla hansı limit, hansı tarif qəbul olunursa, biz də onun icrasını həyata keçiririk. Yəni, biz icraedici orqanıq. Gələcəkdə də hansı tarif, hansı limit qüvvədə olacaqsa, işimizi ona uyğun icra edəcəyik”, – açıqlamada deyilir.

Bu məsələ ilə bağlı “Azərişıq” ASC-nin hər hansı bir təklifinin olub-olmadığına gəlincə, qurumdan məsələnin hazırda müzakirə predmeti olmadığını deyiblər.

Xatırladaq ki, işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxıb. Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 (əvvəl 1 700 kubmetr idi – red.) kubmetr həcmində müəyyən edilib.
Mədəniyyət