Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi

  • 24.04.2019, 19:37,
  • Gündəm
  • Baxılıb: 312
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi


“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası” təsdiq edilib.

BiG.AZ-ın məlumatına görə, bu barədə müvafiq qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparır. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri BNA tərəfindən ayrılır.

Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər.

Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə iki iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir. Hər iki halda müraciətə baxılmasından imtina şəxsin yenidən müraciət etməsinə mane olmur.

Müraciət qəbul olunduqdan sonra iki iş günü müddətində yerli icra hakimiyyəti orqanları müraciəti və ona əlavə edilən sənədlərin skan edilmiş surətini elektron qaydada Bakı şəhərinin ərazisində pulsuz parklanma yerlərinin ayrılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərir.

Nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur.

Fərdi parklanma talonu zədələndikdə və ya itirildikdə, nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən təkrar müraciət edilir və onlara fərdi parklanma talonunun dublikatı verilir.

Aşağıdakı hallarda fərdi parklanma talonu öz qüvvəsini itirir

1. nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə;

2. fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə

3. fərdi parklanma talonunun qüvvədəolma müddəti bitdikdə.

Nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti üç ildir. Nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (üç ildən çox olmamaqla).

Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.

Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlaya bilərlər. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur.

Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır.
Mədəniyyət