Ulu öndərin dövlətçilik fəaliyyətinin onun natiqlik qabiliyyəti ilə vəhdətdə olduğu heç birimiz üçün sirr deyil. Şübhəsiz ki, yüksək vəzifə tutan, xalqın lideri olan hər bir insan üçün onun natiqlik qabiliyyəti və danışıq mədəniyyəti həmin şəxs üçün ən vacib göstəricilərdən biridir. Lakin burada qeyri-adi natiqlik istedadı və fikrin, ideyaların sözlə ifadəsinin ali dərəcəsindən söhbət açdıqda bəzi cəhətlərin üzərində dayanmaq xüsusilə vacibdir. Hər bir nitqdə natiqin məqsədi müəyyən məzmunlu fikri söz ifadəsində dinləyiciyə çatdırmaq və onu inandırmaqdır. Nitq məzmun olaraq natiqin idrakı, düşüncə tərzi və genetik xüsusiyyətləri ilə sıx bağlı olub şəxsiyyətin görünməyən tərəfini, forma olaraq isə dil, ədəbiyyat, mədəniyyət və s. sosial-ictimai biliklər sahəsindəki qabiliyyət və bacarığının məcmusu ilə bağlı olub, onun görünən tərəfini nümayiş etdirir. Buna görə də hər bir natiq nitqi ilə özünü dinləyici qarşısında müəyyən dərəcədə aşkar edir. O natiqlər ki, bu qarşılıqlı əlaqəni düzgün qura və məharətlə istifadə edirlər, onlar hər zaman uğur, inam qazanırlar. Ümummili lider məhz belə bir istedada malik olaraq yüksək danışıq qabiliyyəti, fenomenal natiqlik bacarıqları ilə əsl natiqlik nümunəsini əyani şəkildə sübut edirdi.
Ulu öndərin nitqlərinə nəzər salanda natiqlik sənətinin əsas xüsusiyyətlərindən, sirrlərindən necə məharət və ustalıqla istifadə etdiyinin şahidi oluruq. Onların ən əsaslarını sadalayaraq bir daha diqqətə çatdırmaq gələcək nəsillər üçün dəyərli örnək rolunu oynayır. Heydər Əliyevin şərh olunan mövzunun aktuallığını və özünün buna əminliyini xüsusi məharətlə dinləyiciyə və ya müsahibinə çatdıra bilməsi, nitqin qrammatik cəhətdən səlis, dolğun və orijinal qurulması ilə bərabər gətirilən sitat və sübutların yalnız öz yerində və xüsusi vurğu ilə ifadəsi, dinləyicilərin səviyyəsinə, qarşısındakının şəxsiyyətinə, şərh olunan məsələnin məzmununa və əhəmiyyət dərəcəsinə görə danışığın tonu, sürəti, emosiyası, jest və mimika kimi elementləri düzgün seçməklə yüksək təsir gücünə malik olması onun dahi bir lider və yüksək bacarıqlara malik natiq olduğunun göstəricisidir. Qeyd etdiyimiz xüsusiyyətlər onun şəxsi məziyyətlərinin yalnız bir hissəsi olsa da siyasi fəaliyyəti, idarəetməsi ilə birlikdə təhlil edildikdə onun hər bir addımının mənbəyini yenidən kəşf etməyimizə imkan verir. Nitqinin hər detalına diqqət edən və qarşısındakı insanların xarakterinə, yanaşmalarına uyğun çıxış etmək özəlliyinə malik olan Ulu öndər hər bir məsələdə nəticənin necə alınması ehtimalını əvvəlcədən proqnozlaşdırmaq, etibarlılığı qorumaq, proses və nəticəyönümlü idarəetmənin balansının tənzimlənməklə özünəməxsus idarəetmə modelini tətbiq edərək uğur və müvəffəqiyyətlərin sayını artırırdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sözləri ilə böyük xalq kütlələrini öz arxasınca aparmağı, ölkə üçün xüsusi əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinin zəruriliyinə inandırmağı ustalıqla bacarırdı. Onunla birlikdə çalışmaq, yanında olmaq şərəfinə nail olanları dinlədiyimiz zaman onun haqqında qeyd edirlər ki, ulu öndər bu məharətindən həm natiq, həm diplomat, həm də həssas bir psixoloq kimi istifadə edirdi.
Fenomenal natiqlik bacarığına, uzaqgörənlik qabiliyyətinə malik olan Heydər Əliyev opponentinin fikrindən keçənləri həmin an duymağı bacarır, onun ağlındakı dolaşıq fikirləri aydınlaşdırırdı. Bununla yanaşı, o xüsusi yaddaşı vasitəsilə istənilən anda keçmişdə olan hadisələri, faktları və rəqəmləri misal gətirərək sözlərini təsdiqləməyi bacarır, hər bir sahədə yanaşması ilə qarşısındakını heyrətə gətirir, dərin biliklər nümayiş etdirirdi. Heydər Əliyevin bu keyfiyyətləri Azərbaycan xalqı üçün ən həyati, doğrudan da taleyüklü tarixi məqamlarda heyrətamiz dərəcədə dəqiq çıxış yolları tapmasına dəfələrlə kömək etmişdir.
Ulu öndərin natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi, düzgün sözləri seçmək bacarığı, dərin məntiqli nitqi onu dinləyənlərə zövq verirdi. O, dərin və konkret nitqi ilə müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək və təhlil etmək bacarığına malik idi. Beləliklə, O, məsələnin mahiyyətini açaraq mövzunu milli mənafe, maraqlar və dövlətçilik mövqeyindən təhlil etməyi bacarırdı.
Heydər Əliyevin bütün yüksək idarəetmə, təhlil, natiqlik bacarıqlarından istifadə edərək formalaşdırdığı siyasət düşünülmüş, gələcəyə ünvanlanmış siyasət idi. Bu gün bu siyasəti Ulu öndərin layiqli siyasi varisi, Qarabağ zəfəri ilə ata vəziyyətini yerinə yetirən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın Azərbaycanın parlaq gələcəyinə olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Həyata keçirilən balanslaşdırılmış xarici və daxili siyasətin nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdəki rolu və nüfuzu isə günü-gündən artmaqdadır.
Nərgiz Cavadova,
Salyan rayon Boranıkənd kənd ümumi orta məktəbin direktoru