“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.

  • 27.09.2024, 09:37,
  • Gündəm
  • Baxılıb: 191
“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı.

Azərbaycanın 30 il ərzində erməni işğalı altında olan torpaqları xalqımızın birliyi və ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsi zamanı azad edildi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.
“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.
4 il əvvəl sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Məhz bu amili nəzərə alaraq dövlətimizin başçısının müvafiq sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 Sentyabr Anım Günündə bütün xalıqmız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.
Dövlətimiz torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi deyilənlərə əyani sübutdur. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur. Bu işdə Prezident cənab İlham Əliyev hər kəs üçün böyük örnəkdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər bir çıxışlarında qeyd edir ki, mən hər zaman şəhid ailələri və qazilərin yanında olacağam. Hər bir vətəndaş bunu ölkə başçısının həyata keçirdiyi siyasətdən praktik olaraq görür və yüksək qiymətləndirir. Bir sözlə, qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Bundan əlavə, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Prezident cənab İlham Əliyev tərəfindən bir neçə orden və 15 medalın təsis edilməsi Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın inam və etimadı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Ötən il 19-20 sentyabrda şanlı ordumuzun Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi 24 saatlı antiterror tədbirləri də dövlətimizin gücünü göstərdi. Artıq Azərbaycanın suverenliyi tam təmin olunub. Bu yolda canını qurban vermis bütün şəhidlərimizin ruhu şaddır. Beləliklə, müstəqil Azərbaycanın tarixində yeni dövr başlayıb. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni-yeni zəfərlər qazanacaq.

Ləzifə Cəbrayılova
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun anası
Mədəniyyət