Azərbaycan güclü idman dövlətidir

  • 16.08.2024, 11:12,
  • Gündəm
  • Baxılıb: 213
Azərbaycan güclü idman dövlətidir

Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında ölkəmizdə idmana, idmançılara olan yüksək diqqət və qayğıdan bəhs edib. Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. Cənab Prezident vurğulayıb ki, idmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb. Bildirilib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövləti kimi Olimpiya Oyunlarında uğurla çıxış edir.

XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin idmançılara qayğısı hələ Azərbaycan Prezidenti olmadığı illərdən səmərəsini, bəhrəsini verdi. 2000-ci ildə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğurları bu nailiyyətlərin memarı kimi İlham Əliyevin liderlik rolunu təsdiqlədi, onun Azərbaycan naminə fəaliyyətinin potensial imkanlarını bir daha əyani nümayiş etdirdi.2003-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli addımlar atdı.Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir.Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar.

Dövlət başçısının da bildirdiyi kimi Azərbaycanda idmanın bir çox növləri inkişaf edir: “Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançıları beş idman növündə medallar qazanıb. Cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə ölkəmizi təmsil edən idmançılar uğurlar əldə edib. Bu amil Azərbaycanda idmanın bir çox növləri inkişaf etdiyini göstərir. Sözsüz hər bir mötəbər yarışdan sonra növbəti yarışlara da hazırlaşmaq lazımdır. Artıq bu istiqamətdə yeni hazırlıq prosesi gedir. İdmançıların müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək. Cənab Prezident də qeyd edib ki, “Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”. Ölkəmizdə də bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılmalıdır. Xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət və qayğı daha da artırılacaq. Hazırda idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir”

Məlumat üçün onu da bildirək ki, 2023-cü il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal qazanıblar. Bu medallardan 300-ə yaxını qızıl medaldır.Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil ediblər. Xüsusilə V İslam Həmrəyliyi Oyunlarındanəticələr yaxşı olub. Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülüb.

Prezident idmançılarla görüşündə idmanla bağlı gələcəyin anonsunu da verdi. Ölkə başçısı bildirdi ki, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq “Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq. Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər”.

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Yeni-yeni idmançılar yetişir vəsadəcə ölkəmizdə populyar olan ənənəvi idman növlərində yox, həm də fərqli idman növləri üzrə də uğurlarımız olur. Bu fakt təsdiq edir ki, Azərbaycan idmanının gələcəkdə daha yaxşı nəticələrin əldə edilməsi üçün imkanlar genişlənir.

Əlişir Əliyev,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi
Mədəniyyət