Cari ilin avqust ayının 9-da Prezident cənab İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirakı bir daha göstərir ki, ölkəmizə və onun rəhbərinə bu regionda da xüsusi önəm verirlər. Xüsüsilə son on illikdə Mərkəzi Asiya ölkələrinin Bakı-Tbilisi-Qars dəmir yolundan isitfadəsi geniş miqyas alıb. Belə ki, bu dövrdə dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırmışdır. Bu barədə Prezident İlham Əliyev bildirmişdir ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir: “Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir”.
Dövlət başçılarının görüşündə qardaşlıq münasibətlərinin daim inkişaf etməsindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Burada sevindrici məqam odur ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.
Noyabr ayında Bakıda keçiriləcək COP29-un qlobal əhəmiyyətindən danışan Qazaxstan Prezideni cənab Tokayev bu işdə azərbaycanlı həmkarına təşəkkürünü bildirərək demişdir ki, Azərbaycanın belə böyük tədbirlərə ev sahibliyi etmək təcrübəsi zəngindir və bu tədbirin uğurla kecəcəyinə tamamilə əmindir. Prezident İlham Əliyev verilən dəyərdən məmnunluğunu ifadə edərək demişdir: “Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır. Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram”.
Qalib lider dünyada artan təhdid və çağırışların ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini önə çəkərək bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğuladı. Bəli, son bir neçə il ərzində dünyanın bir sıra ölkələri, o cümlədən də Mərkəzi Asiyada yerləşən respublikalar Azərbaycanla birgə hərbi əməkdaşlıqda daha çox maraqlıdırlar desək, yanılmarıq. Bu da təbii ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Zəfərdən sonra formalaşan məxsusi imicinə, müzəffər Ordumuzun müasir müharibə, döyüş təcrübəsinin effektivliyinin yaratdığı reallığa rəğbətdən xəbər verir. Həyata keçirilən birgə təlimlər yeni bilik və praktiki vərdişlərin qazanılması ilə bərabər mövcud hərbi ittifaqı da möhkəmləndirməklə bəzi Qərb ölkələrinin bölgəyə olan təsir imkanlarının azaldılmasına, gələcək təhdidlərin qarşısının vaxtında alınmasına xidmət edir. Hərbi əməkdaşlıq əlaqələrindən söhbət açan zaman Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almalarını da xüsusi qeyd etmək olar.
Bu gün regionda baş verən siyasi, iqtisadi proseslər göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən sahədə əməkdaşlıq qurmaqda, mövcud münasibətləri inkişaf etdirməkdə maraqlıdır və maraqların kəsişməsi mühüm nəticələr verməkdədir.
Könül Qəfərova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı