Alimlər ağacların əvvəllər məlum olmayan xüsusiyyətini aşkar ediblər. Metan qazını udduğu aşkar edilən ağaclar, iqlim böhranı ilə mübarizədə düşünüldüyündən çox daha çox fayda verir. Bitkilər fotosintez prosesində karbon qazını udur və saxlayır. Beləliklə, ağaclar qlobal istiləşməyə qarşı unikal rol oynayır.
“The İndependent” nəşrinə istinadla xəbər verir ki, sənaye inqilabından bəri qlobal istiləşmənin təxminən 30 faizinə səbəb olan metan qazının yalnız torpaqdakı bakteriyalar tərəfindən udulduğu düşünülürdü.
Mövzu ilə bağlı “Nature” jurnalında dərc edilən araşdırma ağac qabığındakı mikrobların da metanı udduğunu ortaya çıxarıb. Karbon qazı atmosferdə yüz illərlə qala bilsə də, metanın ömrünün təxminən 12 il olduğu təxmin edilir. Buna görə də, ağacların yeni aşkar edilən xüsusiyyəti iqlim böhranının təsirlərinin qarşısının alınmasında sürətli nəticələr verə bilər. Metan qazı emissiyalarının artım tempi 1980-ci illərdən bəri ən yüksək səviyyədədir. Emissiyaların əsas səbəbi kənd təsərrüfatı və heyvandarlıqdır. Tədqiqatda alimlər Amazon və Panamadakı tropik meşələri, Böyük Britaniyada mülayim enliyarpaqlı meşələri və İsveçdəki tayqa meşələrini araşdırıblar.
Tropik meşələrdə daha çox metanın udulduğunu aşkar edən komanda bunu isti və rütubətli mühitdə bakteriyaların sürətlə çoxalması ilə əlaqələndirir. Ağacların yeni müəyyən edilmiş xüsusiyyəti mülayim və tropik qurşaqda onların məlum iqlim faydalarının orta hesabla 10 faiz daha çox olduğunu göstərir. Ağacların yuxarı hissəsinin atmosferdən daha çox metan qazı udduğu müşahidə olunub.
Araşdırmaya rəhbərlik edən professor Vinsen Qosi nəticələri belə qiymətləndirir: “Beləliklə, ağacların həyati vacib olan iqlim sabitliyini təmin etməsinin yeni və təəccüblü bir üsulu aşkara çıxır. 2021-ci il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (COP26) təsis edilən Qlobal Metan Alyansı 2030-cu ilə qədər metan emissiyalarını 30 faiz azaltmağı hədəfləyir. Əldə etdiyimiz nəticələr göstərir ki, daha çox ağac əkmək və meşələrin qırılmasının qarşısını almaq bu məqsədə doğru istənilən yanaşmanın ayrılmaz tərkib hissəsi olmalıdır”.
Ağac əkmək səyləri əhəmiyyət qazansa da, bəzi ekspertlər təbii yenilənmənin daha çox fayda verdiyinə inanırlar. Bu üsulda məqsəd, məhdud insan müdaxilələri ilə meşələri təbii yolla bərpa etməkdir.
“Təbiət-İqlim Dəyişikliyi” jurnalında nəşr olunan başqa bir araşdırmada, iki üsulun birlikdə tətbiqinin daha təsirli nəticələr verəcəyi qeyd olunub. Tədqiqatçılar meşələrin salınmasının vacib olduğunu bildirsələr də, bunun qalıq yanacaqların yaratdığı istixana qazı emissiyalarının azaldılmasını təmin edə bilməyəcəyini vurğulayırlar. Məqalədə bildirilir ki, yeni salınmış meşənin 30 il sonra azaldacağı istixana qazlarının miqdarı 8 ayda qlobal miqyasda qalıq yanacaqların hasil etdiyi məbləğə bərabər olacaq.