Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir

  • 29.05.2024, 17:10,
  • Gündəm
  • Baxılıb: 123
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir


Yaşar Musayev,
Mil-Muğan Təhsil İdarəsinin müdiri


Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi.

1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, dövlətçilik baxımından bu qısa müddət ərzində genişmiqyaslı demokratik islahatlar həyata keçirdi, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul etdi. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldıraraq demokratik idarəetmə sistemi formalaşdırdı.

Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, mətbuat sahəsində senzuranın ləğv olunması və bu kimi digər tarixi əhəmiyyətə malik olan islahatların aparılması milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə müstəsna töhfələr verdi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə nümunə odu.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı həyata keçirmişdir. O dövrdə yürüdülən xarici siyasətin ən önəmli uğurlarından biri kimi, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması Cümhuriyyətin dünya ictimaiyyəti tərəfindən de-fakto tanınması anlamına gəlirdi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının hərbi təcavüzü - işğal faktı nəticəsində 1920-ci il aprel ayının 28-də süquta uğrasa da, tarixi əhəmiyyətə malik olan mühüm dövlətçilik ənənələri yaradaraq idarəetmə mədəniyyəti formalaşdırdı. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərərək Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib saymışdır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılmasına nail olmuşdur.

Hazırda isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verilərək onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edilmişdir..

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu baxımdan xüsusi əhəmiyyətə malik olmaqla Cümhuriyyət tarixinə diqqət və ehtiramın bariz göstəricisidir..

Bu gün demokratik dəyərlərə sadiq olan müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisi kimi onun demokratik ənənələrini davam etdirir. Artıq 33 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi dövlətimizin qüdrətini günbəgün artırır.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qətiyyətli və müdrik komandanlığı altında rəşadətli ordumuz üç il öncə uğurlu əks-hücum əməliyyatları keçirərək, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, soydaşlarımızın 28 illik Vətən həsrətinə son qoydu. Bu Böyük Zəfər ölkə Prezidentinin müdrik və uzaqgörən siyasət xəttinin, öz liderinin arxasınca inamla addımlayan xalqımızın sarsılmaz birliyinin, qüdrətli və müzəffər Ali Baş Komandanına bəslədiyi sonsuz inam və etimadının qələbəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və Ağdamada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu əmanəti qoruyub saxlamaqsa hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Qürurlu haldır ki, əlamətdar 28 May - Müstəqilik Günü günü ərəfəsində otuz bir illik yurd həsrətinə son oyularaq laçınlılar böyük həvəs və sevinclə öz ata-baba yurdlarına qayıdırlar.
Mədəniyyət