Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

  • 16.05.2024, 12:11,
  • Gündəm
  • Baxılıb: 167
Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili


Həsənov Vaqif Bəhram oğlu,
Ağdam rayon İcra Hakimiyyətinin başçısı


28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə Türk Dünyasında və Müsəlman Şərqdə Azərbaycan ilk Xalq Cümhuriyətini quraraq tarixə adını yazdıran dövlət oldu. 2018-ci ilin Xalq Cümhuriyyəti ili elan edilməsi və Cümhuriyyətin 100 illik yubleyinin təntənəli qeyd olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 16 may 2017 tarixli fərman imzalandı. Bu fərmanın imzalanması, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmasının ifadəsi idi.

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin, Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında baş verən çevriliş ilə hakimiyyətdən getdilər. Ona görə də, Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar, 1918-ci il fevralın 14-də Tiflis şəhərində Azərbaycan, Gürcistan, Ermənistan və Qafqazın digər xalqlarından olan nümayəndələrin iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini qurdular (1). Seymdə, Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk - müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin aparıcı və fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin, kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə, 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Seymdəki Azərbaycan Fraksiyası, iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. İclasda, Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri Həsən Bəy Ağayev və Mir Hidayət Seyidov isə müavinləri seçildilər. 28 may 1918-ci ildə Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi. Məmməd Əmin Rəsulzadə, Batumda Osmanlı dövləti ilə danışıqlar apardığından iclasda iştirak edə bilmədiyi üçün onun yerinə iclasa sədr müavini Həsən Bəy Ağayev sədrlik etmişdir. Milli Şura 24 nəfər lehinə, 2 nəfər isə bitərəf qalmaqla 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqda İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycanin müstqilliyini resmi olaraq elan etmişdir. Qəbul edilən İstiqlal Beyannaməsi Azərbaycan millətinin varlığını dünya-aləmə beyan demək idi (2). Azərbaycan Milli Şurası tərəfindən həmin iclasında, eyni zamanda Fətəli Xan Xoyskinin başçılığı ilə AXС-nin birinci hökuməti qurulmuşdur. Müstəqilliklərini elan edən Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq 4 iyun 1918-ci ildə ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanla bağlanan Dostluq və Əməkdaşlıq müqaviləsini Azərbaycan adına Milli Şura sədri Məmməd Əmin Rəsulzadə və Xarici İşlər Naziri Məmməd Həsən Hacınski imzalamışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə ilə imazalanan müqavilənin üçüncü maddəsi - Azərbaycanın torpaq və ərazi bütövlüyü, dördüncü madde isə Türkiyənin Azərbaycana siyasi və əsgəri köməyi ilə əlaqəli idi. Azərbaycanın müstəqilliyini qorumaq və daşnak, es-er, menşevik, bolşevik və başqa güvvələrdən təmizləmək məqsədi ilə Azərbaycan hökuməti 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə imzalanan müqavilənin dördüncü maddəsini esas götürərək Osmanli dövlətindən hərbi kömək istəmişdir. Bu istək 3-cü ordu komandanı Məhməd Vəhib Paşaya da bildirilmiş və vəziyyəti yerində araşdırmaq üçün 6-cı ordu komandanı və 3 zabit bölgəyə göndərilmişdir. Qafqaz və Azərbaycana, Muzaffər Əfəndi rəhbərliyində göndərilən bu heyətin tədqiq və araşdırmaları nəticəsində hazırlanan və təqdim edilən raporta əsasən Azərbaycana kömək üçün ordu göndərmək qararı alınmışdı.

Gəncədə vəziyyət qismən sabit idi. Buna baxmayarq ermeni daşnak dəstələri və Bakı Sovetinə bağlı könüllülər Gəncənin rus və erməni məhəllələrində barikada quraraq şəhərin bir hissəsinə nəzarət edirdi. Nuri Paşa komandanlığında Gəncəyə gələn Qafqaz İslam Ordusundan bir grup və Azərbaycan birliklərinin apardıqları döyüş əməliyytları ilə şəhər düşmən güvvələrdən təməzləndi. Tiflisdə istiqlalını elan edən AXC hökuməti 16 iyun 1918-ci ildə Gəncə şəhərinə köçdü. Gəncə şəhəri AXC- nin müvəqqəti paytaxtı elan edildi (3). Iyunun 17-də axşam Gəncədə Fətəli Xan Xoyski rəhbərliyində ikinci hökumət quruldu. İyunun 19-da hökumət Azərbaycandakı gərginlyi nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi.

Bakı neftinə marağı olan Almanya, Gürcüstan hökumətinə təsir edərək, Bakının azad edilməsinə mane olmaq məqsədi ilə Osmanlı ordusuna mənsub Beşinci diviziyanın Gürcüstan demiryolu ilə Bakıya gəlmesinə icazə vermədi. Buna baxmayaraq Mürsəl Paşa komandanlığındakı diviziya döyüşlə Gümrü-Dilican-Akstafayı keçərək Gəncəyə gəldi. Ənvər Paşanın əmri ilə qurulan Qafqaz İslam Ordusu, Nuri Paşa Killigilin komandanlığınakı Osmanlı orusuna mənsub beşinci piyada diviziyası və general-leytinant Əliağa Şıxlınskinin başçılıq etdiyi Müsəlman Korpusu əsasında yaradılmışdı. Ordunun tərkibinə 12 min əsgər və zabit daxil idi. Daha sonra Türkiyədən gələn və Azərbaycandan qoşulanlar ilə birlikdə əsgər sayı 20 min olmuşdu.

Bakıda möhkəmlənən Stepan Şaumyan rəhbərliyindəki Bakı Soveti hökuməti iyunun 10-da yeni qurulan AXC-ni devirmək üçün Gəncə istiqamətinə ordu göndərdi. Əsas hissəsi ermənilərdən təşkil edilən bu ordu, keçdiyi hər yerdə Azərbaycan əhalisinə divan tutur, soyğun, qarət və qətl hadəsələri törədirdi. Bakı Soveti ordusu iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya tərəf irəlləməyə çalışırkən, Qafqaz İslam Ordusunun hücumuna məruz qalmışdı. İki həfdə davam edən ganlı döyüşdə Bakı Soveti ordusu məğlub edilmiş və çox ağır itki verərək müqavimət gücünü itirmişdir. Bu müharibənin dönüş nöqtəsi idi. Bakı istiqamətində aparılan istiqlal müharibəsi ilə iyunun 20-də strateji bölgə olan Şamaxı azad edildi. Üst-üstə alınan məğlubiyyət Bakı Soveti hökumətinin sonu oldu. Şaumyan rəhbərliyindəki 33 Bakı Soveti istefa verdi. Onun yerinə 1 avqust 1918-ci ildə Bakıda, İngilislərin köməyi ilə daşnak, es-er, menşeviklərdən ibarət daha qəddar “Sentrokaspi” diktatura hökuməti quruldu. Bütün bunlar Qafqaz İslam Ordusunun qələbə irəlləyişinə mane ola bilmədi. Sentyabrın 15-də Qazfqaz İslam Ordusu həlledici hücumla Bakını azad etdi. Bu cumhuriyyətin quruluşundan sonra yaşanan ikinci tarixi hadisə idi. Sentyabrın 16-da şəhərdə Bakının qurtulşuna həsr edilən hərbi parad keçirildi. Onun ertesi günü isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü və Bakı, AXC-nin yeni paytaxtı elan edildi. Qafqaz İslam Ordusunun köməyi ilə Azərbaycan hökuməti bölgələrdə də öz hakimiyyətini qura bildi. AXC qurulduğu qısa müddət ərzində Türkiyə, Gürcüstan, Ermənistan, İran, Ukrayna, Litva, Polşa, Hollandiya, ABŞ, Belçika, İtaliya, Yunanıstan, Fransa, İngiltərə, Danimarka, İsveçrə, Finlandiya və başqa dövlətlərlə diplomatik münasibətlər qurmuş, səfirlik, baş konsulluq, konsulluq səviyyələrində əlaqələr yaratmışdır.

Birinci dünya müharibəsi şərtləri tarixi şəraiti Azərbaycan əleyhinə dəyişdirdi. 30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsi şərtlərinə görə birinci dünya müharibəsində məğlub sayılan Türkiyə ordusu Azərbaycanı tərk etdi və Qafqazda nəzarət Antanta güvvələrinin əlinə keçdi. Azərbaycan və Bakının azad edilməsində mühim yeri olan Türk ordusunun Azərbaycandan ayrılması Azərbaycan üçün çətin hadisə idi. 17 noyabrda qeneral Tomsonun başçılıq etdiyi ingilis qoşunları Mudros müqaviləsinə əsasən Azərbaycana daxil oldu. Azərbaycan hökumətinin düzgün və çevik siyasəti nəticəsində general Tomson, Azərbaycan hakimiyyətini ciddi siaysi qüvvə olaraq tanıdı (4). 28 dekabrda isə Bakı general-qubernatoru Tomson Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında deklarasiya imzalayaraq parlamentin açılışına mane olmayacağını bildirdi.

Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycanda ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edildi. Milli Şura həmin il dekabrın 3-də, Müəssislər Məclisinin geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanunu qəbul edərək, Milli Şura və onun rehberinin seçkilərə qədər səlahiyyətli olmaq şərti ilə fəaliyyətlərini davam etdirmə qərarı aldı.

1918-ci il dekabrın 7-də gündüz saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli mərasimlə açılışı oldu. Məmməd Əmin Rəsulzadənin açılş çıxışı ilə parlamentin ilk iclası başladı. Parlamentin iclasında Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün Parlamentə Həsən bəy Ağayev sədrlik edirdi. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Müsavat” və “bitərəflər” fraksiyası-38 nəfər, “İttihad”-13 nəfər, “Əhrar”-6 nəfər, “Sosialistlər” bloku-13 nəfər, partiyasızlar-4 nəfər, müstəqillər-3 nəfər, “Rus-slavyan cəmiyyəti” fraksiyası-5 nəfər, “erməni” fraksiyası-5 nəfər, “Daşnaksutyun” fraksiyası-6 nəfər, “Azlıqda qalan millətlər” fraksiyası-4 nəfər (5).

AXC-nin parlamentçilik tarixi 1918-ci il dekabrın 7-dən, 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam etmişdi. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də saat 13:00-da, son iclas 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdu. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul edilmişdi. Bütün bu iclaslaslarda Parlament, İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun- qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. AXC “Türkləşmək, Müasirləşmək, İslamlaşmaq” ideya və prinsiplərini əsas olaraq götürmüşdü. Hökumət tərəfindən 24 iyun 1918-ci ildə əvvəlcə, üzərundə ağ rəngli aypara ve səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 9 noyabr 1918-ci ildə isə həmin bayraq üç rəngli-mavi, qırmızı və yaşıl rənqlərdən ibarət olan bayraqla əvəz olundu. 27 iyun 1918-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanun imzalandı (6). Fəqət, milli dildə mövcud kadr yetərsizliyini nəzərə alaraq, dövlət idarələri də daxil olmaq üzrə bir çox yerdə müvəqqəti olaraq rus dilindən də istifadə etmə hüququ verilirdi. Hökumətin aldığı qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb edildi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. 26 iyun 1918-ci ildə Azərbaycan Milli ordusunun yaradılması haqqında qanun qəbul olundu. Avqustun 11-də isə ümumi səfərberlik elan edildi və 1894-1899-cu il təvəllüdlü Azərbaycan vətəndaşları hərbi xidmətə çağrıldı. Sentyabr ayının 1-də isə Hərbi Nazirliyin yaradılması ilə əlaqədar qərar qəbul olundu. Həmin il dekabr ayının 25-də qeneral Səmədağa Mehmandarov hərbi nazir, qeneral Əliağa Şıxlinski hərbi nazirin müavini, qeneral Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildilər. Nizami ordu qurmaq məqsədi ilə büdcədən 400 milyon manat vəsait ayrımışdı. Xalqın da fədakarlığı ilə 1920-ci il yanvar ayında ordu quruculuğu işi tamamlanmış və Azərbaycan 30 mini piyada, 10 mini süvarilərdən təşkil edilən, 40 min nəfərlik nizami orduya sahib olmuşdu.

Azərbaycan dinç, mədəni, qonaqpərvər, çox millətli və çox mədəniyyətli bir cəmiyyətdir. Bu xüsusiyyətləri ilə Qafgazın və dünyanın mədəni ölkələrindən hesab olunur. Cümhuriyyət dövründə də multikultural dəyərlər qorunmuş və qanunlada dəstəklənmişdir. 21 iyul 1919-cu ildə Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında Əsasnamə”sini təsdiq etdi. Əsasnamə 4 fəsildən və 116 bənddən ibarət idi. Əsasnaməyə əsasən, Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən aslı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdi. Dünya tarixi üçün mühim sayılan hadisə isə, Turk Dünyasında və Müsəlman Aləmində, ilk dəfə qadına seçmək və seçilmək hüququ verən ölkə Azərbaycan idi. Dünya ilə müqayisədə isə ABŞ, Almanya, Fransa və İsveçrədən əvvəl Azərbaycan qadına seçmə və seçilmə hüququ vermişdi. Eyni il avqust ayının 11-də parlamentdə qəbul edilən “Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə; “Özü və ya valideyinləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusya imperiyasının bütün təbəələri, milli və dini mənsubiyyətindən aslı olmayaraq Azərbaycan vətəndaşı hesab olunur” deyilirdi. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, hökumət elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Orta tədris məktəblərinin yarısı milliləşdirildi və məktəblərdə milli tarix tədris olunmağa başladı (7). Məktəblərdə Azərbaycan dili məcburi tədris dili hesab edildi. Ölkədə müxtəlif dərəcəli məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılırdı. Xəstəxanalar tikilir, kənd yerlərində feldşer məntəqələri şəbəkəsi yaradılaraq, xəstəliklərə qarşı mübarizə aparılırdı. 1919-cu il martın 7-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankı təşkil edildi. 1919-cu il 30 sentyabr tarixində isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu.

1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul olundu. Dərslər noyabr ayının 15-də başladı. Kənd Təsərrüfatı İnstitunun yaradılması haqqında qanun qəbul edilməsidə mühim hadisə idi. Dövlət hesabına yüzə yaxın gənc ali təhsil alamq üçün Türkiyə və Avropanın müxtəlif universitetlərinə gönderildi. 1919-cu ilin oktyabr ayında metbuat üzərindən senzura götürüldü və metbuat azadlığı elan edildi. Daxili və xarici ticarəti dirçəltmək məqsədi ilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi. Həmin il oktyabrın 30-da isə ticarət donanmasının fəaliyyəti bərpa olundu və 1919-cu ilin yay ayında Bakını tərk edən ingilislər hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumetinə verdilər və bu verilən gəmilər hesabına Azərbaycan Xəzər donanması yaradıldı. AXC hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə, gənc respublikanın beynəlxalq aləmdə tanınması sahəsində böyük iş aparırdı. Bununla bağlı olaraq Parlament 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Azərbaycan nümayəndə heyəti Parisdə olduğu müddətdə oraya konferans üçün gələn İran heyəti ilə 1 noyabr 1919-ci ildə müstəqilliyin tanınması və diplamatik münasibətlərin yaradılması ilə bağlı müqavilə imzalamışdılar. Parisdə səkkiz ay davam edən mübarizə nəticəsində Azərbaycanın müstəqilliyinin tanınması təklifini İngiltərənin xarici işlər naziri Kerzon ireli sürdü (9).

Bundan bir müddət sonra yanvarın 11-də müttəfiqlərin Ali Şurası Lord Kerzonun təklifi ilə Azərbaycanın tanınması ilə əlaqəli qərar qəbul etdilər. “Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan dövlətini de-fakto tanıyırlar,” məzmunlu qərar 11 yanvar 1920-ci ildə verildi. Bu tarixi hadisə Azərbaycanda dövlət və xalq tərəfindən sevinclə qarşılandı və dövlət tədbiri ilə qeyd olundu.

Azərbaycan hökumətinin daim diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Cümhuriyyətin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min kvatrat kilometr, Ermənistanla isə 7,9 min kvadrat kilometr sərhəd ərazisi Azərbaycan hökuməti tərəfindən mübahisəli ərazi hesab olunurdu. Azərbaycan əhalisi 2 milyon 862 min nəfər idi. Ölkə əhalisinin 70 faizini müsəlmanlar təşkil edirdi. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin “Böyük Ermenistan” qurmaq arzusu ile özünün olmayan torpaqlarla bağlı ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal vəziyyətə salmaq mümkün olmamışdı (8). Cümhuriyyət dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdur.

Azərbaycan hökuməti daxildə quruculuq işləri ilə yanaşı beynəlxalq aləmdə də tanınmışdır. Fəqət, buna baxmayraq şimal qonşusu olan Rusya ilə münasibətlər gərgin olaraq qalırdı.1920-ci il yanvar, fevral və mart aylarında Sovet Rusyanın xarici işlər komissarı Georgiy Çiçerin gönderdiyi notalar ilə Azərbaycan hökumətinə Denikin əleyhinə hərbi ittifaq təklif etmişdi. Azərbaycanın xarici işlər naziri F. X. Xoyski isə verdiyi cavab notasında Denikinlə mübarizə Rusyanın daxili işi olduğunu və Azərbaycanın buna qarışmaq niyətində olmadığını bildirmiş və hər notaya cavabında da Sovet hökumətindən Azərbaycanın müstəqilliyini qeyri-şərtsiz tanımasını istəmişdir (10). Sovet Rusya Azərbaycan ordusunu Denikinlə müharibəyə cəlb edərək zəyiflədib, Cümhuriyyəti yıxma planı nəticəsiz qalınca, digər planlarını həyata keçirməyэ başladı. Azərbaycana qarşı müdaxilə ərəfəsində Sovet hökuməti öz hərəkətlərini Azərbaycandakı daşnak və bolşeviklər ilə sıx əlaqələndirirdi. Məhz, Moskvanın təhriki ilə daşnaklar və bolşeviklər 1920-ci il martın sonunda Qarabağ və Gəncəbasarda qiyam qaldırdılar. Bolşevik planının bir hissəsi olan bu qiyamların qarşısını almaq məqsədi ilə Azərbaycan hökuməti özünün əsas qüvvələrini qiyamçılara qarşı göndərməli oldu ki, bununla da XI qırmızı ordunun bilavasitə hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri, demək olar ki, müdafiəsiz qaldı (11). Digər tərəfdən isə, bolşeviklər daşnak qiyamından istifadə edərək ölkənin daxilində Azərbaycan hökumətinə qarşı düşmənçilik təbliğatını daha da gücləndirir və hökuməti Qarabağda milli münaqişəni həll etməkdə acizlikdə günahlandırırdılar.

1920-ci ilin aprelində Denikin qoşunlarının məğlub edən XI qırmızı ordu hissələri Azərbaycan sərhədlərinə çıxdılar. 1920-ci il aprelin 15-də F.X.Xoyskinin Çiçerinə göndərdiyi notada göstərilirdi ki, "hal-hazırda Sovet Rusiyası qoşunlarının Dərbənd rayonunda Azərbaycan sərhədi boyunca cəmləşməsi müşahidə olunur. Azərbaycan hökuməti sovet hökumətinin məqsədlərindən xəbərsiz olduğu üçün xahiş edir ki, ordunun göstərilən rayonda toplanmasının səbəbləri və məqsədi barədə məlumat verəsiniz". Lakin, Çiçerin Azərbaycan hökumətinin notasını cavabsız qoydu (12). Bu da onunla izah edilirdi ki, Azərbaycana qarşı hərbi müdaxilə qərarı verilmiş və hərəkətə keçilmişdi. Bakıdakı Komunist Partiyasının, Erməni rəhbəri Anastas İvanoviç Mikoyanın başçılıq etdiyi Bakı bolşevikləri, Azərbaycan xalqı adından XI qırmızı ordunu Azərbaycana dəvət etmişdi. XI qırmızı ordunun komandanlığı ilə razılaşdırılmış plana görə rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Bu da, dünya ictimaiyyətində Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur fikri yaratmaq məqsədli olmuşdur(13). Lakin, Bakıda qiyam başlamamış, aprelin 27-də XI qırmızı ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Buna səbəb isə Gəncə və Qarabağdan Azərbaycan ordusu köməyə gəlmədən Bakı və Bakıya gədər olan bölgələri işğal etmək idi. Az sayıdakı ordu bölmələri düşmənə müqavimət göstərə bilmədi. Donanma gəmiləri isə bolşeviklərin əlinə keçmiş hərbi gəmilərin topları parlament binasına tuşlanmışdı. XI qırmızı ordunun hücumu ilə eyni vaxtda, aprelin 27-si gündüz saat 12-də Azərbaycan parlamentinə AK(b)P MK və PK(b)P-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi (14). Dinc əhali arasında qurbanlara və qan tökülməsinə yol verməmək üçün Azərbaycan parlamenti həmin gün axşam saat 22:00-də hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxardı. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

AXC, 23 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC-nin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Mədəniyyət