Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

  • 10.05.2024, 08:43,
  • Gündəm
  • Baxılıb: 61
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Ulu Öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən fövqəladə siyasi uzaqgörənliyi ilə çıxararaq Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir. İstər sovet, istərsə də müstəqillik dönəmində Azərbaycan xalqını təhdidlərdən qorumağı, dövlətçilik prinsiplərini sağlam təməllər üzərində möhkəmləndirməyi, Vətənin bütövlüyünü, xalqımızın milli-mənəvi dəyərlərini yaşatmağı həyatının əsas amalına çevirmiş Ulu Öndər öz şəxsiyyəti və mübarizə yolu ilə gələcək nəsilləri yeni qələbələrə ilhamlandıran nümunə yaratmışdır. Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”. Tam məsuliyyətlə deyə bilərik ki, hər bir vətənpərvər insanın yaddaşında əbədiləşmiş möhtəşəm obrazı, prinsiplərinə sadiqliyi və fədakar mübarizəsi ilə Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir.

Böyük siyasi fəhmi və qətiyyəti ilə cəmiyyət üçün taleyüklü və həlledici anlarda liderlik missiyasını həyata keçirmiş tarixi şəxsiyyətlərin roluna müxtəlif zaman bucağından yanaşanda bəzən fərqli mülahizələr ortaya çıxır. Böyük şəxsiyyətlərin müba-hisələndirilməsi və ya tarixdə şəxsiyyətin roluna dair irəli sürülən müxtəlif mülahizələr daim müzakirə predmeti olmuşdur. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə məhz bu kontekstdən nəzər saldıqda, onun fəaliyyət göstərdiyi dövrün konyunkturasına sığmayan və öz xalqının inamlı gələcəyinə hesablanmış qətiyyətli siyasətinin alternativsizliyi heç vaxt mübahisə doğurmamışdır. Böyük şəxsiyyət çoxşaxəli, dinamik fəaliyyəti dövründə daim gələcəyə hesablanmış müzakirələrə, fərqli düşüncələrə açıq olmuş, onun özündən sonra miras qoyduğu zəngin siyasi irs hansı aspektdən yanaşılmasından, hansı metodika ilə tədqiq edilməsindən asılı olmayaraq, daim öz aktuallığını saxlamışdır. Heydər Əliyev irsi yalnız Azərbaycan xalqı üçün deyil, dünyada haqqın, ədalətin bərqərar olması, beynəlxalq hüququn prinsiplərinin qorunması uğrunda mübarizə aparan bütün xalqlar və liderlər üçün siyasi məktəbdir. Buna görə də yalnız milli bucaqdan deyil, həm də qlobal kontekstdə Ulu Öndərin əzəmətli obrazına nəzər saldıqda, onun mahiyyətini daha dərindən dərk etmək mümkündür.

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir


Heydər Əliyevin 1969-cu ilin iyulundan başlayaraq Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası qoyulmuş milli inkişaf prosesi onun yorulmaz fəaliyyətinin, əzmkarlığının bəhrəsidir. Ulu Öndər ötən əsrin 70-80-ci illərini “coşqun inkişaf” dövrü kimi səciyyələndirərək həmin mərhələnin mahiyyətini olduqca düzgün ifadə etmişdir. Müstəqil Azərbaycanın əsaslı iqtisadi, habelə mənəvi bünövrəsinin möhkəmləndirildiyi həmin dövrdə Heydər Əliyevin hakimiyyəti illəri olmasaydı, indiki qüdrətli Azərbaycandan söhbət açmaq çətin, hətta mümkünsüz olardı. Sadəcə, təkzibolunmaz və artıq tarixin yaddaşına həkk olunmuş faktlara nəzər saldıqda müstəqil Azərbaycanın bünövrəsinin hansı mətin iradə və uzaqgörənliklə inşa edilməsi haqqında təsəvvürlərimiz bir daha aydınlaşır.

Ulu Öndərə qədər Azərbaycan keçmiş müttəfiq respublikalar arasında sosial-iqtisadi inkişafın bütün parametrləri baxımından geridə qalmış, aqrar təmayüllü, zəif kənd təsərrüfatı respublikası kimi tanınırdı. Uzun illər məsul vəzifələrdə çalışmış Heydər Əliyev həm mövcud vəziyyəti şərtləndirən səbəbləri dərindən bilir, həm də mümkün qədər qısa vaxtda əsaslı dönüş yaratmaq üçün yeni konseptual yanaşmanın, əsaslandırılmış inkişaf strategiyasının zəruriliyini görürdü. Respublikaya rəhbərliyinin ilk günlərində qarşıda duran vəzifələri və əsas hədəfləri açıqlayan Heydər Əliyev problemləri cəsarətlə dilə gətirməklə yanaşı, həm də sürətli və davamlı inkişafın yollarını açıq şəkildə bəyan edərək təkcə Azərbaycanın deyil, SSRİ kimi böyük bir dövlətin durğunlaşmaya doğru gedən monoton həyatına və idarəçilik sisteminə yenilik gətirdi. Azərbaycan qısa zamanda tikinti-quruculuq arenasına çevrildi, respublikada ilk dəfə ölkə əhəmiyyətli obyektlərin əsası qoyuldu, müasir sosial-iqtisadi infrastrukturun yaradılmasına başlanıldı, cəmiyyəti təhdid edən mənfi hallarla kəskin mübarizəyə start verildi. 1970-1980-ci illərdə Azərbaycanda sənayedə və elmi-texniki tərəqqini müəyyən edən sahələrdə, o cümlədən maşınqayırma və metal emalında, neft və neft kimyası sənayesində istehsalın həcmi sürətlə artdı, eyni zamanda, elektron, radio və digər yeni sənaye sahələri yaradıldı.

Sovetlər birliyinin inzibati-amirlik sistemi şəraitində yalnız respublikanın davamlı inkişafı deyil, eyni zamanda, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanması Ulu Öndərin ciddi önəm verdiyi və diqqət mərkəzində saxladığı prioritetlərdən olmuşdur. Heydər Əliyevin çox sonralar dediyi “Azərbaycanın varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir” fikri onun fəaliyyətinin bütün dövrlərindən başlıca prinsip, qırmızı xətt kimi keçir. O, mənəvi dəyərlərimizin əsas qaynağı, xalqımızı birləşdirən mühüm dayaq olan Azər-baycan dilinin dövlət dili statusu səviyyəsinə yüksəldilməsinə nail olmuş, mədəniyyətimizin, incəsənətimizin inkişafına diqqət və qayğısını əsirgəməmişdir.

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir


Beləliklə, Heydər Əliyev dövrün inkişaf tempindən geridə qalmış və milli ucqar hesab olunan respublikanı birincilər sırasına yüksəldərək özünün liderlik, müstəsna istedada malik təşkilatçı keyfiyyətlərini nümayiş etdirmişdir. Buna görə də Ulu Öndərimiz SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrə irəli çəkilmişdir. 2024-cü il aprelin 22-də Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə səsləndirilmiş fikirlər böyük bir ölkənin sosial-iqtisadi həyatının mühüm sahələrinə rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyətini olduqca düzgün ifadə edir. Rusiya Federasiyasının iki dəfə nəqliyyat yolları naziri olmuş Gennadi Fadeyev BAM ilə birbaşa əlaqəsi olan şəxs kimi xatirələrini bölüşərək demişdir: “Biz Heydər Əlirza oğlu haqqında danışanda insanlarda belə bir təəssüratın yarandığını görürük: o, insanları çox sevən insan idi. O, kilometrlərlə deyil, tonlarla deyil, talelərlə, BAM-çıların bu və ya digər müddət ərzində işlədiyi şəraitlə maraqlanırdı. O, heyrətamiz rəhbər idi”.

Bəli, milyonlarla insanın səmimi inamı, etibarı Heydər Əliyev siyasətinin həmişəyaşarlığının və əbədiliyinin rəhnidir. Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçildən vəzifədən getdikdən sonra soruşurlar ki, hakimiyyəti illərində gördüyü hansı işləri səhv hesab edir. Cavabında o deyir: “Mən işləri görərkən kimlərin sonralar nə düşünəcəyini fikirləşmədim, konkret şəraitdə ingilis xalqı üçün nəyi doğru, faydalı bildimsə, onu da etdim”. Ulu Öndər Heydər Əliyev də mütərəqqi şəxsiyyət və lider kimi gərgin mübarizəsini yalnız öz xalqının istək və arzularının həyata vəsiqə alması üzərində qurmuşdur.

Heydər Əliyev heç vaxt öz xalqının taleyinə biganə qalmamış, hətta həyatını riskə ataraq Azərbaycanın haqq mübarizəsinin önündə getmiş, böyük uzaqgörənliklə onu doğru məcraya yönəltmişdir. 1990-cı ilin Qanlı Yanvarından sonra həyatına yönəlmiş təhdidlərə baxmayaraq, sovet ordusunun Bakıda törətdiyi qətliamı cinayət adlandırmış və bu məsələdə əli olanların cəzalandırılmasını qətiyyətlə tələb etmişdir. Heydər Əliyev yenə də həyatını riskə ataraq, silahdaşlarının təqib olunduğunu, qətlə yetirildiyini bilə-bilə Bakıya qayıtmış, tarixinin ən acı günlərini yaşayan xalqı ilə birlikdə olmuş, onu tək qoymamışdır.

Tarixin qırılma anlarında heç də bütün siyasi liderlərin bacarmadığı qətiyyəti və zamanın sınağından çıxmış güclü xarakteri ilə siyasi təfəkkürdə nümunə yaratmış Heydər Əliyev obrazı özündə prinsipiallığı, mətinliyi, dövlətçilik dəyərlərinə sadiqliyi əks etdirir. Bakıdakı bədxahların, millətin siyasi iradəsi ilə hesablaşmayan marginallaşmış dairələrin təzyiqi nəticəsində doğma yurdu Naxçıvana getməli olan Ulu Öndər düşmən əhatəsində qalmış muxtar respublikada Azərbaycanın istiqlaliyyəti uğrunda mühüm addımlar atmışdır. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə işə başlayan 12-ci çağırış Naxçıvan Ali Sovetinin birinci sessiyasında qəbul olunmuş “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” və digər mühüm qərarlar Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində əhəmiyyətli rol oynamış tarixi sənədlər olmuşdur.

Azərbaycan 1993-cü ildə növbəti dəfə tarixin qırılma anını yaşayırdı: elan olunmamış müharibədəki məğlubiyyətləri siyasi fürsət bilən AXC-Müsavat cütlüyü ölkəni vətəndaş müharibəsinə sürükləmişdi, hələ formalaşmamış dövlətçilik başıpozuq qüvvələrin əlində oyuncağa çevrilmiş, ayrı-ayrı bölgələrdə sepa-ratizm meyilləri baş qaldırmışdı. Çörəklə sınağa çəkilən xalqın gələcəyə ümidi tükənmiş, insanlar övladlarının, Vətənlərinin sabahı üçün narahat olur, dərinləşən böhrandan çıxış yolları axtarırdılar. Xalqın ümummilli axtarışlarının ünvanı yenə də Heydər Əliyev şəxsiyyəti oldu. Ulu Öndər Naxçıvandan Bakıya qayıdanda ölkə artıq vətəndaş qarşıdurmasının astanasında idi, dövlətin idarəçiliyinə məsul olan şəxslər isə öz həyatlarını xilas etmək üçün qaçıb gizlənmişdilər.

Heydər Əliyevin həmin dövrdəki fəaliyyəti, sözün əsl mənasında, siyasi ustalıq, dərin zəka, müdriklik, fədakarlıq və vətənpərvərlik nümunəsidir. Ulu Öndər xarici təhdidlər, hərbi təcavüz, daxili qarşıdurmalar, habelə sosial və iqtisadi fəlakət vəziyyətində olan ölkəni faktiki məhv olmaqdan xilas etdi, dövlətçiliyimizə qarşı yönələn çoxsaylı təhlükələr, qiyamlar, sui-qəsdlər onu yolundan döndərmədi, müstəqilliyimizi beşiyində boğmaq istəyən daxili və xarici qüvvələrin məkrli planları iflasa uğradı. Azərbaycan öz dahi liderinin, böyük oğlunun səyləri nəticəsində tarixin sınağından şərəflə çıxaraq tərəqqi yolu ilə irəlilədi, inkişaf etdi, dünya xəritəsində layiqli yerini tutaraq müstəqilliyini əbədi və dönməz etdi.

Dünya tarixindən məlumdur ki, liderlərin uğur qazanmasında onların şəxsi keyfiyyətləri ilə yanaşı, xalqına bağlılıq, fəaliyyətində milli maraqların prioritetlik səviyyəsi kimi amillər də mühüm rol oynayır. Liderlər xalqı düşündürən problemlərin yalnız nəzəri həllini göstərməklə kifayətlənmir, həm də onların aradan qaldırılmasına bilavasitə rəhbərlik edirlər. Liderin tarixdə rolu öz xalqı üçün gördüyü işlərin miqyası və əhəmiyyəti ilə ölçülür. Bu baxımdan Heydər Əliyev Ümummilli Lider kimi müstəqil Azərbaycana rəhbərliyi dövründə uzaqgörən siyasəti ilə xalqımızın maraqlarını reallaşdırmış və onun taleyində müstəsna rol oynamışdır.

Heydər Əliyev Azərbaycanda dövlət institutlarının fəaliyyətini və dövlət idarəçilik sistemini yenidən qurmuşdur. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındıqdan və ictimai-siyasi sabitlik təmin edildikdən sonra Ulu Öndər bütün gücünü və enerjisini bir tərəfdən fəal diplomatiya vasitəsilə ölkəmizin beynəlxalq əlaqələrinin qurulması və möhkəmlənməsinə, ərazi bütövlüyü probleminin həllinə, digər tərəfdən isə sosial-iqtisadi inkişaf məsələlərinə yönəltmişdir.

1994-cü ildə dünyanın aparıcı dövlətlərini təmsil edən böyük neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə işlənilməsini nəzərdə tutan “Əsrin müqaviləsi” imzalanmışdır. Bununla da Azərbaycanın neft strategiyasının əsası qoyulmuş və onun dünyada geoiqtisadi mövqeyi güclənmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan bu nəhəng layihə Heydər Əliyevin əzmkar və prinsipial fəaliyyətinin təntənəsi kimi tarixə düşmüşdür. Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin enerji təhlükəsizliyinin əsası qoyulmuş, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı layihələrin reallaşmasında yaxından və fəal iştirak etməyə başlamışdır.

Heydər Əliyev Azərbaycanın xarici siyasətinə çeviklik, məqsədyönlülük və praqmatizm kimi dəyərlər gətirmişdir. İkitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi, güc mərkəzləri ilə münasibətlərdə balansın saxlanması, qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq hüququn normaları, onlardan irəli gələrək dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılması, bir-birinin daxili işlərinə müdaxilə olunmaması kimi prinsiplər xarici siyasətin əsasını təşkil etmişdir. Ümummilli Liderin milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycana beynəlxalq aləmdə çoxlu dost ölkə, etibarlı tərəfdaş qazandırmış, onun nüfuzunu artırmışdır. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Heydər Əliyevin siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli əsas yer tutmuş, Ulu Öndər Azərbaycanın prinsipial mövqeyini böyük ustalıqla müdafiə etmiş, beynəlxalq təşkilatların tribunalarından münaqişə haqqında həqiqətləri bütün dünyaya çatdırmış, beynəlxalq birliyin ədalətli mövqeyinə nail olmaq üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir.

Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası xalqımızın birliyini, cəmiyyətdə dövlətçilik və vətənpərvərlik şüurunun inkişafını təmin etmiş, onun fəlsəfi dünyagörüşündən, zəngin mədəni irsindən güc alaraq müstəqil dövlət quruculuğunun əsas istiqamətlərini özündə birləşdirmiş mükəmməl dəyərlər sisteminə çevrilmişdir. Hələ 1969-1982-ci illərdə - Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev hesab edirdi ki, xalqın milli identikliyinin başlıca şərtlərindən biri onun mədəni inkişafında mühüm rol oynamış şəxsiyyətlərin milli yaddaşda yerinin ucaldılması amili ilə birbaşa bağlıdır. Ulu Öndər deyirdi: “Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”. Məhz bu səbəbdən o, Bakıda və digər şəhərlərdə mədəniyyət, ədəbiyyat və elm xadimlərimizin abidələrinin ucaldılmasını, bütün respublika üzrə tarix-diyarşünaslıq muzeylərinin, tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ev muzeylərinin və digər mədəniyyət ocaqlarının yaradılmasını, onların yubileylərinin geniş şəkildə qeyd olunmasını vacib hesab etmiş və buna nail olmuşdur.

Azərbaycan yazıçılarının 1981-ci il iyunun 12-də keçirilmiş VII qurultayında Heydər Əliyevin çıxışı həmin dövrün reallıqlarında həm cəsarətin, qətiyyətin, prinsipiallığın, həm də öz xalqına, onun mədəni irsinə dərin bağlılığın, vətənpərvərliyin bariz nümunəsidir. Tədbirdəki çıxışında Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin dirçəlməsi, ziyalıların xalqın mənafeyinə fədakarlıqla xidməti barədə fikirlərini bölüşmüş və demişdir: “Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır. Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsəmədən və əvvəlki təcrübəyə arxalanmadan müvəffəqiyyətlə irəli getmək olmaz”. Heydər Əliyevin xalqımızın mədəniyyətinin, mənəvi dəyərlərinin qorunması istiqamətində atdığı addımlar həmin dövrdə milli özünüdərkin dərinləşməsində və inkişafında böyük rol oynamışdır.

Artıq müstəqillik dövründə Heydər Əliyev öz nəzəri-ideoloji baxışlarını inkişaf etdirərək sistem halına salmış və azərbaycançılıq ideyasını irəli sürərək onun əsas prinsiplərini müəyyənləşdirmişdir. Heydər Əliyev azərbaycançılığın tarixi-siyasi əhəmiyyəti barədə demişdir: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”. Azərbaycançılıq ideologiyası müstəqil dövlət quruculuğu, milli inkişaf, xalqımızın vahid amal uğrunda mübarizəyə səfərbər edilməsi, habelə ölkəmizdə yaşayan müxtəlif xalqların, etnik qrupların və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimad mühitinin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasında və həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Ulu Öndərin müəllifi olduğu və milli dövlətçiliyimizin konseptual əsaslarını təşkil edən azərbaycançılıq ideologiyası zamanla daha da zənginləşmiş və inkişaf etmiş, bu gün olduğu kimi, gələcəkdə də öz aktuallığını saxlayacaq və xalqımızı yeni qələbələrə, nailiyyətlərə səfərbər edəcəkdir.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə həyata keçirilmiş müstəqil dövlət quruculuğu prosesinə və əldə olunmuş nəticələrin Azərbaycanın sonrakı taleyində roluna siyasi qiymət verərək demişdir: “10 il ərzində Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu siyasətimizi şərtləndirir”.

2023-cü il mayın 10-da Şuşa şəhərinə səfəri zamanı çıxışında cənab Prezident bildirmişdir: “Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz - onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam”.

Bu gün fəxrlə yaşadığımız, qurur duyduğumuz müstəqil və güclü Azərbaycan dövləti Heydər Əliyev siyasi irsinin və onu ardıcıl şəkildə zənginləşdirən, inkişaf etdirən Prezident İlham Əliyev siyasətinin təntənəsi və zirvəsidir. Sağlam təməl üzərində davam etdirilən, milli maraqlara əsaslanan, müasir dövrün çağırışlarına cavab verən bu siyasət qarşıdan gələn dövrdə də əldə edəcəyimiz nailiyyətlərin əsasında dayanacaqdır.

Bu gün Azərbaycan təkcə postsovet məkanında deyil, daha geniş coğrafiyada iqtisadi gücünə, milli iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutur. Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında Azərbaycanın dünyada ən yüksək iqtisadi artıma malik olan, islahatlar həyata keçirən və investisiya yatırılan ölkə olduğu bildirilir. Bunu təsdiq edən faktlardan biri kimi “Financial Times” qrupunun “FDİ İntelligence” nəşrinin 2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan dünya şəhərlərinin TOP 100 reytinqində Bakının 3-cü yerdə qərarlaşmasını göstərmək olar. Ölkəmizdə makroiqtisadi sabitlik qorunur, adambaşına düşən milli gəlir və strateji valyuta ehtiyatları ildən-ilə artır, qeyri-neft sektorunun iqtisadi artımda payı əsaslı şəkildə yüksəlir, iqtisadiyyata investisiya qoyuluşunun miqdarı çoxalır və bərpaolunan enerji mənbələrindən istifadənin həcmi genişlənir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində şəhər və rayonlarda müasir infrastruktur formalaşdırılmış, sahibkarlıq inkişaf etmiş, əhalinin məşğulluq səviyyəsi və rifah halı yüksəlmişdir.

Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə nəhəng enerji və nəqliyyat layihələri reallaşdırılmışdır və bu proses davam edir. Təbii resurslara əsaslanan iqtisadiyyatdan “biliklər iqtisadiyyatı”na keçidin ardıcıl surətdə təmin olunması strateji inkişaf hədəfləri sırasında xüsusi yer tutur. Cəmiyyət həyatının müxtəlif sahələrində rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi genişlənir. Ölkəmizin beynəlxalq texnoloji, innovativ və iqtisadi mərkəzlərlə əlaqələri dərinləşir, telekommunikasiya, tranzit və nəqliyyat xidmətləri inkişaf edir.

Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın dünyada mövqeyini möhkəmləndirmiş, milli strateji hədəflərin reallaşmasını təmin etmiş, ölkəmiz bölgədə güc mərkəzinə, beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilmişdir. Azərbaycan nəinki bəşəriyyəti narahat edən problemlərin həllinə dair beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulur, həm də aparıcı beynəlxalq təsisatların - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü, Qoşulmama Hərəkatının sədri olaraq dünya birliyi tərəfindən dəstəklənən qlobal təşəbbüslərin müəllifi kimi tanınmışdır. Ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində, əməkdaşlıq mühitinin möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycanın xarici siyasətdə əldə etdiyi böyük uğurlar, nəhəng enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində təşəbbüskarlığı və fəal iştirakı, xeyli sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun dünyada geosiyasi və geoiqtisadi nüfuzunu əsaslı dərəcədə artırmışdır.

Milli-mənəvi dəyərlərin, tolerantlıq ənənələrinin qorunub saxlanması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir, dünyada gedən qloballaşma prosesinin cəmiyyətimizə mənfi təsirinin qarşısının alınmasına və milli kimliyimizin qorunması məsələlərinə xüsusi diqqət yetirilir.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsində tarixi Qələbəmizin təməlində Prezident İlham Əliyevin ətrafında xalqımızın sıx birliyi, ölkəmizin davamlı inkişafı, xarici siyasətdə və ordu quruculuğunda əldə edilmiş böyük nailiyyətləri dayanır. 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsində apardığı birgünlük lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Ermənistanın xalqımıza qarşı apardığı işğalçılıq siyasətinə birdəfəlik son qoyulmuşdur. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltması xalqımızın həyatında möhtəşəm tarixi hadisəyə çevrilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə hazırda böyükmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər. Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir, dövlətimizin başçısının tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə cənab Prezident işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın tədbirdə iştirak etmiş, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoymuş, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını etmişdir. 2022-ci il iyulun 19-dan bu günədək Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 1727 keçmiş məcburi köçkün ailəsinin (6754 nəfər) qayıdışı baş tutmuşdur.

Yaşayış məntəqələrinin salınması ilə yanaşı, bölgədə geniş bərpa-quruculuq işləri aparılır. Orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İnfrastruktur layihələri sırasında Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilmiş, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək 118 min 503 hektar sahə, o cümlədən yaşayış məntəqələri üzrə 18 min 143 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.

Bütün ölkədə olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun gördüyü işlər və həyata keçirdiyi layihələr xüsusi önəm daşıyır. Əminliklə demək olar ki, Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələri, sosial problemlərin həllinə dəstəyi, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği sahələrində həyata keçirdiyi layihələr ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

İndiki və gələcək nəsillərə mütərəqqi yol göstərən, xalqa və dövlətə layiqli xidmət nümunəsi olan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği həmişə mühüm aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının ictimai fikirdə möhkəmləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunmasını Heydər Əliyev ideyalarının təntənəsi kimi qiymətləndirən hörmətli Mehriban Əliyeva demişdir: “Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası, onun müqəddəs arzusu reallaşıb – bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib”.

2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində parlaq qələbə qazanmış İlham Əliyev andiçmə mərasimində çıxışında bildirmişdir: “İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq”.

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azər-baycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazax rayonuna aid tarixi torpaqlarımızın geri qaytarılması ilə bağlı razılığın əldə olunması əhəmiyyətinə görə tarixi hadisə olmaqla yanaşı, həm də ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində qalibiyyətlə irəliləyəcəyinə dəlalət edən amildir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin və diplomatik məharətinin təcəssümü olan bu qələbə həm də dövlətimizin başçısının uzun illər həyata keçirdiyi siyasətin təntənəsi və məntiqi nəticəsidir. Azərbaycan Prezidenti regionumuza kənardan müdaxilə etməyi az qala özünün gündəlik işinə çevirmiş xarici dairələrə bir daha göstərdi ki, bölgəmizə aid məsələlər, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh prosesi iki ölkə arasında, vasitəçilər olmadan həll edilə bilər. Bu, bir daha təsdiq edir ki, dünya nizamında layiqli yer tutan Azərbaycan dövləti regionda sülh, təhlükəsizlik və inteqrasiya proseslərinə dinamik təsir göstərən ciddi geosiyasi aktora çevrilmişdir.

Azərbaycan dövləti ciddi qlobal problem olan iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində ardıcıl siyasət həyata keçirir, 2030-cu ilə qədər bərpaolunan enerji həcminin və enerji səmərəliliyinin artırılması ilə bağlı beynəlxalq təşəbbüsə qoşulmuşdur. Ölkəmizdə “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ-hüquqi aktlar qəbul olunur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilmişdir. Azərbaycan xarici tərəfdaşları ilə birlikdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə böyük layihələr reallaşdırmağa başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqətin və həssas münasibətin göstəricisidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsi olmaqla yanaşı, həm də yeni inkişaf mərhələmizdə əldə edilmiş növbəti uğurdur. Prezident Ilham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirlər həyata keçirir. Əminliklə demək olar ki, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında yüksək səviyyədə keçiriləcək COP29 qlobal əhəmiyyət daşıyan bu problemin həllinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin güclü potensialını bütün dünyaya nümayiş etdirəcəkdir.

Mübaliğəsiz deyə bilərik ki, 30 illik müstəqillik tariximiz Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sayəsində əfsanələrin reallığa çevrildiyi bir dövr olmuşdur. Ulu Öndər iqtisadi müstəqilliyimizin və sürətli inkişafımızın rəhni hesab olunan “Əsrin müqaviləsi”ni imzalayanda da, ölkəmizi nəhəng transmilli layihələrin mərkəzinə çevirəndə də çoxları bunu əfsanə, qısa vaxtda görülməsi mümkün olmayan iş hesab edirdi. Lakin müdrik siyasi xadimin praqmatizmi, uzaqgörənliyi hətta əfsanələrin də reallığa çevrildiyini bütün dünyaya sübut etdi. Bu gün Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdən xalqa müraciətləri, viran qoyulmuş Vətən torpağının yenidən dirçəldilməsi vaxtilə çoxlarının mümkünsüz, xəyal hesab etdiyi ərazi bütövlüyü bərpa edilmiş bütöv Azərbaycan reallığıdır.

Heydər Əliyev artıq zaman kontekstinə sığmayan, bütün dövrlərdə öz əzəmətini hiss etdirən dahi şəxsiyyət, böyük liderdir. O, sadə, zəhmətkeş Azərbaycan ailəsində boya-başa çataraq zəngin və nümunəvi həyat yaşamış, müasir dünyanın görkəmli siyasi korifeyləri səviyyəsinə yüksəlmişdir. Azərbaycan xalqı yaddaşına müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunan Ulu Öndərlə fəxr etməkdə haqlıdır və gələcək nəsilləri onun şəxsiyyəti timsalında tərbiyə etməyə mənəvi haqqı var.

Vidadi müəllim
Vətənpərvər insan, iş adamı
Mədəniyyət