Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

  • 23.11.2023, 11:24,
  • Gündəm
  • Baxılıb: 180
Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır

Məlum olduğu kimi, 1993- cü ilin martın 27-dən, aprelin 3-nə kimi Kəlbəcərdə döyüşlər gedib. İşğal zamanı 511 kəlbəcərli öldürüldü, 321 kəlbəcərli əsir götürüldü, itkin düşdü. Martın 27-də erməni silahlıları Tunel deyilən yerdə Kəlbəcəri tərk edənlərin qarşısını tunelin o biri tərəfində kəsrək, 82 nəfər öldürüldü, o cümlədən 50 nəfər diri-diri yandırıldı, 32 nəfər əsir götürüldü.
İşğal müddətində Kəlbəcər tamamilə dağıdılıb. Neçə-neçə tarixi abidəsi, dünyaca məşhur tarix-diyarşünaslıq muzeyi, Xudavənd məbədi dağıdılıb. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanatın şərtlərinə əsasən Ermənistan silahlı qüvvələri Ağdamı, Laçını, Kəlbəcəri döyüşsüz tərk etdi. Kəlbəcər noyabrın 25-də azad edildi. Həmin gün Kəlbəcərin işğaldan azad edilməsi günü kimi tarixləşdi.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan sonra Kəlbəcərə ilk səfəri oldu. Səfər zamanı Kəlbəcərdə Azərbaycanın Dövlət Bayrağı qaldırıldı, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimləri keçirildi, 10/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu, yeni tikilən 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış keçirildi.
2022-ci il iyunun 25-də Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirildi. 2023-cü il mayın 27-də Yanşaq kəndinin, Zallar kəndinin ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimləri keçirildi. “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasınını açılışı oldu.
Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə aparılan quruculuq işlərinin Kəlbəcərə aid müfəssəl xronikasıdır.
25 Noyabr Kəlbəcər Şəhəri Günü bunların xatırlanması Kəlbəcərin tam tikiləcəyinə inamın təzahürüdür. Kəlbəcərlilər də, ümumən bütün azərbaycanlılar da həmin günün qürurla yaşanılacağına əmindi.

Məcid Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Firuzabad qəsəbə ərazi partiya təşkilatının sədri

Mədəniyyət