Bu gün ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il ötür. 31 illik fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.
Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Yeni Azərbaycan Partiyasının yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. Bildiyimiz kimi, YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilmişdir. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edilmiş, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaranmışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 20 ildə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Hər zaman vurğulandığı kimi, bu, sadəcə bir statistika deyil, xalqımızın Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstəyinin ifadəsidir.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik nailiyyətlər qazanıb. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib. Bu gün Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki Azərbaycanın siyasi palitrasının, eyni zamanda, regionun ən böyük və güclü partiyasıdır.
Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik etdi. Cəbhədən gələn qələbə müjdələri, qazanılan Tarixi Zəfər partiyanın çoxminli üzvləri tərəfindən böyük coşqu ilə qarşılandı. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə həmrəyliyinin nümayişi oldu.
Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.
Daha bir tarixi an isə oktyabrın 15-də - dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi. Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrinə əbədi həkk olundu.
Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində quruculuq işləri gedir, Böyük qayıdış həyata keçirilir. Təbii ki, hakim partiya olan Yeni Azərbaycan Partiyası bu məsələlərin uğurla həll olunması üçün əlindən gələni edir. Uzun illər ərzində həyata keçirdiyi siyasətlə Yeni Azərbaycan Partiyası sübut etdi ki, müstəqil Azərbaycanın yüksək inkişafına nail olmaqda, əmin addımlarla onu gələcəyə aparmaqda ulu öndər Heydər Əliyevin müdrik ideyaları əvəzsizdir. Beləliklə, birmənalı şəkildə demək olar ki, Yeni Azərbaycan Partiyası ölkəmizin daha da uğurlu gələcəyinin təmin edilməsində mühüm rol oynamaqda davam edəcək. Çünki Heydər Əliyevin bünövrəsini qoyduğu bu partiya bu gün Cənubi Qafqazın ən böyük partiyasıdır, həmçinin partiyanın apardığı işlər Azərbaycan xalqının arzu və istəklərini reallaşdırır.
Ramin Qasımov,
Salyan Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru, YAP fəalı