Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

  • 21.11.2023, 16:10,
  • Gündəm
  • Baxılıb: 107
Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

31 il bundan əvvəl yaradılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə yönələn misilsiz xidmətlərlə zəngin olan bir yol keçib. Məlumdur ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycanda dövlət müstəqilliyimiz rəsmən elan olunduqdan sonra ölkəmiz bu müstəqilliyi itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. O vaxtkı iqtidarın səristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər, hətta bir dövlət kimi Azərbaycana dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yaratmışdır. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Belə bir zamanda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.
1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının dəyişməsinə aparan yolun başlanğıcı oldu. YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi.
31 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında olması onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident cənab İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib.
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. 44 günlük Vətən müharibəsində xalqımızın milli mübarizə ruhu, sarsılmaz həmrəyliyi, dövlətimizin gücü Azərbaycanın ermənilər tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlət başçısı sərkərdəlik məharəti nümayiş etdirərək Qarabağın xilaskarı kimi tarixə adını həkk etdi. Bu Zəfərlə həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olduq və dövlətimizin gücü bir daha dünyaya bəyan edildi.
Bu gün Yeni Azərbaycan Partiyası Qalib xalqın Qalib partiyasıdır. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da bir çox qələbələrə imza atacaqdır. Biz YAP-ın yaradılmasının 31-ci ildönümünü qalib xalq kimi Zəfər qazanmış dövlətimizdə qeyd etməyimizlə qürur duyuruq!


Malik Kərimov,
YAP Salyan rayon təşkilatının veteran üzvü
Mədəniyyət