“Aldığınız ən böyük hədiyyələrdən biri qızınız olsun!”

  • 29.10.2023, 12:42,
  • Gündəm
  • Baxılıb: 91
XI əsirdəyik, amma hələ də dünyada və ölkəmizdə erkən evlilik, ailə məişət zorakılığı, gender bərabərsizliyi problemləri var. Xüsusi ilə uşaq nikahı əsas insan haqqlarının pozulması deməkdir və qız uşaqlarının həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Az yaşlı qızları ərə verirlər, sonra o qızlar şiddətə məruz qaldıqda və ya hər hansı bir çətinliklə üzləşdikdə “ata evinə qayıtma” deyib onlardan üz döndərir, çarəsiz qoyurlar. Evsiz, təhsilsiz, özünü və uşaqlarını təmin edə bilməyən qadınlar isə onlara zorakılıq edən ərləri ilə qalmağa məcbur qalırlar.
Həyat yolunun ən başlanğıcında ona bu həyatı vermiş insanlar tərəfindən yük kimi qəbul olunmaq, yaxşı “alıcı” tapılan kimi satılmaq dərdini əgər bir qıza ailəsi qıyırsa, dövlət və cəmiyyət buna imkan verməməlidir. Bu nə feminizm şüarı, nə də tez-tez dilə gətirilən mentalitet qanunun pozulması deyil, bu bir insan haqqıdır.
Hər bir qızın hər kəs kimi təhsil almaq, cəmiyyət içində olmaq, özü ilə bağlı qərarları müstəqil şəkildə vermək və öz müqəddəratını təyin etmək kimi huquqları var və bu huquqlar onların əlindən alınmamalıdır.
Təhsilli və geniş dünyagörüşlü qızlar xoşbəxt və sağlam gələcək deməkdir. Biz qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına çalışmalıyıq. Bu bərabərliyi təmin etmək, qızlarımızın hüquqlarının pozulmadığı bir cəmiyyət qurmaq üçün hər birimizin üzərinə böyük məsuliyyət və öhdəliklər düşür. Qızlarımızın öz hüquq və azadlıqlarını reallaşdıra bilmələri üçün səsimizi ucaltmaq hər birimizin vəzifəsidir. Fərdlər, ailələr və cəmiyyət olaraq qızlarımızı səlahiyyətləndirməliyik!
Azərbaycanda uşaqlar, xüsusilə də qız uşaqları ilə bağlı məsələlərə dövlət tərəfindən də həmişə diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, uşaqların təlim-tərbiyə alması üçün ölkədə hər şərait mövcuddur. Bu gün isə Prezident cənab İlham Əliyevin siyasəti sayəsində Azərbaycanda qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması və uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şərait yaradılmışdır və yaradılmaqdadır.
Qızlarımıza sevgi və qayğı ilə yanaşaraq onların yüksək təhsil almasını təmin etməliyik.
“Xilas təhsildədirsə onu ilk qızlara vermək lazımdır.”
Qızlarınızın qanadlarını qırmayın. Aldığınız ən böyük hədiyyələrdən biri qızınız olsun!

Əliyeva Sara Nizami qızı

“Aldığınız ən böyük hədiyyələrdən biri qızınız olsun!”
“Aldığınız ən böyük hədiyyələrdən biri qızınız olsun!”
Mədəniyyət