Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib

  • 15.10.2023, 23:14,
  • Gündəm
  • Baxılıb: 67
Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib

Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

TÜRKSOY təşkilatının Baş katibi Sultan Rayev Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsinə göstərilən dəstəyə və həmişə Türk dünyasının yanında olduğuna görə təşəkkürünü bildirib. O, həmçinin bu il 100-ci ildönümü qeyd olunan Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib. “Təşkilatımızın 30-cu ilini Bakıda belə bir möhtəşəm konsert proqramı ilə keçiririk. Bundan əvvəl TÜRKSOY-un ildönümünü unudulmaz konsertlərlə Almatı, Bişkek, Daşkənd və Aşqabad şəhərlərində qeyd etmişik", - deyə S.Rayev əlavə edib.

Sonra TÜRKSOY-un 30 illik yubileyi münasibətilə Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq artistləri Polad Bülbüloğlu, Şəfiqə Məmmədova, Nurəddin Mehdixanlı, Faiq Sücəddinov, Xalq rəssamları Fərhad Xəlilov və Sakit Məmmədov təşkilatın "Şərəf" medalı ilə təltif olunublar.

Gecə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan vokalçılar, musiqi kollektivləri və rəqs ansambllarının çıxışları ilə davam edib.

Qeyd edək ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir. Bu il, həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.
Mədəniyyət