Ulu öndər Heydər Əliyev və milli mətbuat

  • 21.07.2023, 13:00,
  • Gündəm
  • Baxılıb: 288
Ulu öndər Heydər Əliyev və milli mətbuat
Əziz İmran oğlu Əzizov
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı


Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. "Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir jurnalistin də ürəyincə olan siyasi hadisədir. Çünki…

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub

Ulu öndər Heydər Əliyev və milli mətbuat


Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli özünüdərkin dirçəliş dövrü kimi də səciyyəvidir. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.

Ötən əsrin 70-80-cı illərində – Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsində ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi.

Ümumilikdə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universitetinin nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəsillə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişiblər.

Nəhayət, jurnalistikamızın inkişafında əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Senzuranın mövcudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixində yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 10 iyun 1997-ci il tarixli «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», 3 aprel 1998-ci il tarixli «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», 19 iyun 1998-ci il tarixli «Məlumat azadlığı haqqında», 7 dekabr 1999-cu il tarixli «Kütləvi İnformasiya Vasitələri haqqında» və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.

Həmin dövrdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, ulu öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanı «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Ulu Öndər həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən söz açmışdı.

2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qalxıb və inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Qeydiyyat sahəsində əngəllərin aradan qalxması söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi qayğısına da qalırdı.

2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ümummilli Lider mətbuatın problemlərini müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Bir mühüm məqamı da qeyd edək ki, mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdığından 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu vardır. Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Mətbuatın inkişafına xidmət edən siyasət uğurla davam etdirilir

Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informa­siya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuat sahəsində atılan davamlı addımlar təsdiqləyir ki, Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissəsidir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bütün bunların nəticəsidir ki, cənab İlham Əliyev üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.

Cənab İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açır.

Son illər media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində zəruri tədbirlər görülmüşdür. Prezident İlham Əliyev 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb. Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Qürur hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. İndi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

Hazırladı: Həmidov İlham Mirtağı oğlu Pressdent.az xəbər portalının Redaktoru

Ulu öndər Heydər Əliyev və milli mətbuat
Mədəniyyət