Ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafına böyük töhfələr verib

  • 21.06.2023, 09:31,
  • Gündəm
  • Baxılıb: 236
 Ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafına böyük töhfələr verib

Məlumdur ki, milli-mənəvi dəyərlərə, mədəni irsimizə hər zaman böyük həssaslıqla yanaşan və yüksək dəyər verən Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətini və incəsənətini daim xüsusi diqqət mərkəzində saxlamışdır. Bəstəkarlarımızın, memarlarımızın, rəssamlarımızın, şair və ədiblərimizin yaradıcılıq inkişafı və rifah yüksəlişi üçün Ümummilli Lider onlara hər zaman böyük qayğı göstərmiş, problemlərinin həlli üçün məqsədyönlü addımlar atmışdır. Diqqətəlayiq haldır ki, hələ sovet dönəmində birbaşa Ulu Öndərimizin səyləri nətcəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov, Mustafabəy Topçubaşov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. Əlbəttə ki, Azərbaycan ziyalılarının keçmiş İttifaq və dünya miqyasında tanıdılmasına yönəlmiş bu səylər Ümummilli Liderimizin öz xalqı qarşısında daim yaddaşlarda qalacaq tarixi xidmətlərindəndir və milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.
Xüsusilə qeyd etməliyik ki, çağdaş mədəniyyət və incəsənət xadimlərimizin qayğısına qalmaqla yanaşı Ulu Öndər Heydər Əliyev milli mədəni irsimizin qorunması və təbliği, eləcə də bu irsin zənginləşməsinə müxtəlif dövrlərdə töhfələr verən tanınmış simaların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Bu məqsədlə hələ SSRİ dövründə Ümümmilli Liderimizin təşəbbüsü və dəstəyi ilə həm paytaxt Bakıda, həm də respublikanın ayrı-ayrı rayon və bölgələrində əzəmətli abidələr ucaldılıb. Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavid və Azərbaycan mədəniyyətinin bir çox digər klassıklərinin abidələri bu gün də şəhərlərimizin ümumi görkəminə xüsusi füsunkarlıq verir.
Yeri gəlmişkən, Azərbaycanın ədəbi-bədii irsini dərindən bilən, onu bütün varlığı ilə sevən Ulu Öndər 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüşdə etdiyi çıxışında demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.” Ümummilli Lider Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün qətiyyətlə mübarizə aparmış, mədəniyyətimizin dünyada tanıdılmasını və təbliğ olunmasını hər zaman xüsusi diqqət mərkəzində saxlamışdır. Ulu Öndər 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında belə demişdir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”
Ümummilli Liderimizin təşəbbüsü və səyləri nəticəsində Azərbaycanda Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Niyazinin, Bülbülün, M.S.Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri açılmışdır. Bu xatirə ev muzeylərinə hər il minlərlə tələbə, məktəbli, müxtəlif peşə və sənət sahibləri gəlir, milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş bu insanların həyat və fəaliyyətləri ilə yaxından tanış olur və bu dahi insanlarla qürur duyurlar. Xalq Şairi Səməd Vurğunun ev muzeyində 1997-ci ildə etdiyi çıxışında Ulu Öndər demişdir: “Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər.”
Qürur hissi ilə vurğulamaq olar ki, bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlət başçımızın istər Azərbaycanda, istərsə də xarici ölkələrdə mədəniyyət mərkəzlərinin açılışında iştirakı, sənət xadimlərimizə göstərilən böyük qayğı, teatr və kino sənətinin inkişafı üçün imzalanan sərəncamlar, teatrlarımızın bərpa və yenidənqurma işlərinin müntəzəm olaraq nəzarətdə saxlaması, mədəniyyət xadimlərinə yüksək fəxri adların verilməsi və digər bu kimi tədbirlərin həyata keçirilməsi Heydər Əliyev ideyalarının ölməzliyinin və əbədiliyinin daha bir təsdiqidir. davamlı olaraq uğurla həyata keçirilir. Milli mədəniyyətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə bu sahənin inkişafına yeni stimul, yeni imkanlar yaratmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri isə sözssüz ki, işğaldan azad edilmiş qədim Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. Bununla, Ulu Öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” - vəsiyyətini həyata keçirməyi bir məqsəd kimi, özünün həyat amalına çevirmiş Ölkə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın öz torpaqlarına da, öz mədəniyyətinə də sahib çıxmaq iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Əli Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 5 nömrəli ərazi partiya təşkilatının sədr müavini

Mədəniyyət