Yolumuz Qərbi Azərbaycanadır

Yolumuz Qərbi Azərbaycanadır

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə tarixi yurdlarına qayıdışı dövlətimizin milli prioritetidir
"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
Vaxtilə yurdundan deportasiya edilən yüzminlərlə Qərbi Azərbaycandan olan soydaşımıza tezliklə tarixi torpaqlarına qovuşacaqlarının şad xəbərini ötən il dekabrın 24-də Prezident
İlham Əliyev bu sözlərlə müjdələmişdi.
Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə sözügedən tarixdəki görüşündə dövlət başçısı İlham Əliyev onu da vurğulamışdı ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur: "Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır".

Sülhün bərqərar olunmasına xidmət edən konsepsiya

Dövlət başçısının həmin mühüm tapşırığının üzərindən ötən bir aylıq qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanaraq təsdiqlənib və ictimaiyyətə təqdim olunub.
Bu konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün "Qərbi Azərbaycan İcması"nın (İcma) həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Tariximizin qanlı səhifələri

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlardan böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdırılıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-1921-ci illərdə "Ermənistan respublikası", "Dağlıq Ermənistan respublikası" adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla, azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana vermiş və yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-in 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Düzgün müəyyənləşdirilmiş hədəf

İcmanın konsepsiya ilə həyata keçiriləcək fəaliyyətinin əsas məqsəd və prinsipləri sırasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması, geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi və sair kimi məsələlər yer alıb.
Konsepsiyada vurğulanıb ki, qayıdış prosesi qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir. Qovulmuş azərbaycanlıların qayıdış zamanı müxtəlif bəhanə və hüquqi fəndlərlə pərakəndə səpələnməsi cəhdləri irqçiliyin bir forması və reinteqrasiyaya mane olan zərərli yanaşma kimi rədd ediləcək. Bu prinsipdən yayınma ancaq aidiyyəti şəxslərin sərbəst iradəsi və razılığı əsasında baş verə bilər.

Beynəlxalq hüquqi çərçivə və zəmanət

Mühüm bir məqamı vurğulayaq ki, qərbi azərbaycanlıların hüquqlarının sülh yolu ilə təminatı üçün əsas şərtlərdən biri beynəlxalq müstəvidə fəallığı artırmaqdır. Bu baxımdan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətindəki məsələlərin beynəlxalq gündəliyə daxil edilməsi istiqamətində mühüm işlər görülməlidir. Ötən il qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkmişdi: "Hesab edirəm ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə, bu mövzu beynəlxalq gündəliyə daxil edilsin".
Sözügedən vacib məsələ də konsepsiyada mühüm vəzifə kimi əks olunub. Göstərilib ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsini beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verifikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir.
Eləcə də icma qayıdış prosesini nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstərəcək. Bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək.

Beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsi zəruridir

"Ermənistan Respublikası özünün milli hüquqi çərçivəsini azərbaycanlı icmasına əlçatan etməli, azərbaycanlıların bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etmək məqsədilə özünün qanunvericiliyinin təkmilləşdirilməsi üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində icma ilə konstruktiv dialoqa başlamalıdır", - deyə konsepsiyada qeyd olunub.
Soydaşlarımızın təhlükəsizliyinin təmin olunması məsələsi də sənəddə yer alıb. Bildirilib ki, Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətmiş olması səbəbindən icma təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmir və ona görə də müvafiq mandatla və qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının qayıdış olacaq ərazilərə yerləşdirilməsini zəruri hesab edir.
Qayıdış konsepsiyasında mülkiyyət məsələləri, reinteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalararası barışıqla bağlı məsələlər də hərtərəfli əks olunub.

Qərbi azərbaycanlıların da yurd həsrəti bitəcək

Ötən il dekabrın 24-də, öz ad günündə Qərbi Azərbaycan İcması üçün yeni binanı hədiyyə etdiyi zaman Prezident İlham Əliyev əminliklə söyləmişdi ki, bu yer icma üçün təsadüfən seçilməyib, rəmzi mənası var: "Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən qərbi azərbaycanlılar da qayıdacaqlar, inşallah".
Bəli, Prezident İlham Əliyevin qətiyyəti və əzmi sayəsində cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad edərək Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı gerçəkləşdirən Azərbaycan dövləti indi də qərbi azərbaycanlıların öz doğma torpaqlarına qovuşmaları üçün məqsədyönlü siyasət və təşkilatlanma işi həyata keçirir.
Əminik ki, tarixi ədalətin bərpasına yönəlmiş bu qətiyyətli siyasət tezliklə bəhrəsini verəcək və Qərbi Azərbaycandan olan soydaşlarımızın da yurd həsrəti bitəcək.

Əliyev Ziyəddin İsmayıl oğlu
Quba Rayon İcra Hakimiyyətinin başçısı
Mədəniyyət