Nəsillərə əmanət zəngin tarixi irs

Nəsillərə əmanət zəngin tarixi irs

2023-cü il tariximizə xüsusi bir əlamətdarlıqla yazılacaq. Bu il mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamamlanır. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə qədəm qoyduğumuz 2023-cü il Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilib.

Böyük şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, bu münasibətlə müxtəlif tədbirlərin təşkili dünyanın müxtəlif ölkələri üçün xarakterikdir. Bütöv bir ilin ayrı-ayrı şəxsiyyətlərin şərəfinə adlandırılması isə Azərbaycanın yaratdığı parlaq örnəkdir və bu, xalqımızın ictimai fikir, milli dövlətçilik tarixində mühüm xidmətləri olmuş böyük şəxsiyyətlərimizə ölkə rəhbərimizin yüksək ehtiramından irəli gəlir.

Biz elə bir dövrdə yaşayırıq ki, indi şəxsiyyətlərimizi yaxından tanımağa və bütün dünyada tanıtmağımıza daha çox ehtiyacımız var. Xalqı yüksəldən, başqa xalqlar cərgəsində boyunu uca, mövqeyini güclü, zəkasını aydın və işıqlı göstərən onun şəxsiyyətləridir. Xüsusilə qloballaşma dövründə şəxsiyyətlərimiz bizim milli və hüquqi kimliyimizi qoruyan, öz böyüklüyümüzü bizim özümüzə və başqalarına xatırladan, gələcəyə doğru yolumuzu düzgün istiqamətləndirən dəyərlərimizdirlər. Gənc nəslin mənəvi tərbiyəsində, onların vətənpərvərlik, Azərbaycana sevgi ruhunda yetişdirilməsində şəxsiyyətlərimizin, onların milli-mənəvi, böyük dövlətçilik irsinin rolu müstəsnadır.



Xilaskar



Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük, dahi şəxsiyyətlərdəndir. Ulu Öndərin həyat yolu, zəngin dövlətçilik irsi özlüyündə böyük bir tarixdir. İstənilən şəxsiyyəti yaşadığı zamandan, tarixi dövrdən kənarda təsəvvür etmək mümkün deyil. Əslində, yaşadıqları dövr aradan illər, qərinələr, əsrlər ötəndən sonra elə onların adları ətrafında, yaratdıqları irsin əhatəsində görünür. Bu da bizə əbədiyyət qazanmış insanların işığında böyük bir tarixi görüb hiss etmək, zamanın ruhunu duymaq fürsəti qazandırır.

Ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyinə nail olması Ümummilli Liderin hələ 70-80-ci illərdə sovet Azərbaycanına rəhbərliyi dövründə dövlətimizin sosial-iqtisadi, mədəni yüksəlişi, xalqın rifahı, milli şüurun oyanışı istiqamətində apardığı işlərin nəticəsi idi. O illərdə məhz Heydər Əliyev Azərbaycanı keçmiş ittifaqın geridə qalmış aqrar respublikasından öncül sənaye ölkəsinə çevirmiş, öz həyatını müstəqil şəkildə qura bilməsi, heç bir ölkədən asılı olmadan yaşaması üçün bütün zəruri potensialı formalaşdırmışdır. Ulu Öndərin həmin zamanlarda inşa etdirdiyi sənaye müəssisələri, qurub-yaratdığı infrastruktur müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi inkişafında müstəsna dərəcədə böyük rol oynamış, belə möhkəm təməllərə əsaslanaraq Azərbaycan yeni strateji dövrə uğurla keçid edə bilmişdir. Heydər Əliyev Azərbaycan üçün təkcə sənaye potensialı formalaşdırmamışdı, həm də ölkəyə lazım olan insan kapitalını yetişdirmişdi. İstedadlı insanlara dəstəyi ilə, onların oxuyub təhsil almalarına, özlərini hərtərəfli yetişdirmələrinə yaratdığı şəraitlə böyük intellektual baza yaratmışdı. Ulu Öndər bütün dövrlərdə Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, idmanının ən böyük hamisi olmuşdur. Məhz onun bütün bu sahələrə diqqəti sayəsində hələ ötən əsrin ortalarından Azərbaycanın imzası, səsi-sözü dünyada eşidilməyə başlamış, beynəlxalq aləm bizi zəngin mədəniyyətimizlə, tarixi irsimizlə kəşf etmişdir.

Bu mənada Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi ardıcıl, dayanıqlı inkişaf yoluna çıxarmış, həmin dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrinə çevirməyə müvəffəq olmuşdur.

Heydər Əliyev böyük siyasi iradəsi, sarsılmaz əqidəsi, yüksək idarəçilik istedadı, məşğul olduğu işə bağlılığı və məsuliyyətli münasibəti sayəsində keçmiş SSRİ kimi nəhəng imperiyanın rəhbərlərindən biri mövqeyinə qədər yüksəlmiş, bununla Azərbaycan xalqının böyüklüyünü, mənəvi potensialını bir daha bütün dünyaya göstərmişdir. Böyük bir coğrafiyada icrasına rəhbərlik etdiyi irimiqyaslı layihələrlə ümumilikdə bəşəriyyətə faydalar vermək üçün çalışmışdır. Kremldə çalışdığı zamanlarda da Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanı daim nəzər-diqqətində saxlamış, doğma xalqının mənafelərini daim öndə tutmuşdur. Azərbaycanın o dövrün şərtlərinə uyğun hərtərəfli inkişafı üçün misilsiz əzmkarlıq göstərmişdir.

Ölkəmizin sözün əsl mənasında müstəqil olması, gerçək müstəqilliyinə qovuşması da yenə məhz Heydər Əliyevin tarixi xidmətləridir. Azərbaycanın parçalanma təhlükəsi qarşısında qaldığı, müstəqil dövlət kimi dünya xəritəsindən silinmək qorxusu ilə yaşadığı ağır günlərində xalqın təkidli tələbi ilə dövlətin ali rəhbərliyinə qayıdan Ulu Öndər xalqımızı zamanın sınaqlarından uğurla çıxararaq, müstəqilliyimizin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.



Müasir Azərbaycanın qurucusu



Heydər Əliyev böyük strateq idi. O, Azərbaycan xalqının, dövlətinin inkişafı ilə bağlı qarşıya böyük milli hədəflər qoyur, insanları bu hədəflərə doğru səfərbərliyə almağı bacarır, eyni zamanda hər yeni strateji dövr üzrə inkişaf proseslərinin ardıcıllığını təmin edə bilirdi. Ümummilli Lider onun kimi tarixi şəxsiyyətlərimizi yetirmiş xalqımızın yaradıcılıq enerjisinə dərindən bələd idi. Dahi şəxsiyyət bu enerjini vahid məqsədlərə doğru yönəltməyə müvəffəq olurdu. Ulu Öndər xalqın milli ruhunu canlandırırdı, bizi soy-kökümüzə qaytarırdı, milli-mənəvi dəyərlərimizə sahib çıxırdı, bütün bunlarla müstəqil dövlət quruculuğuna aparan yolumuzu daha da aydınladır, bu yolda addımlarımızı möhkəmləndirirdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan hüquqi və demokratik islahatlar ilk növbədə qanunun aliliyinə əsaslanan ictimai münasibətlər sisteminin formalaşmasına gətirib çıxarmışdı, ölkədə dövlət quruculuğu prosesini uğurla həyata keçirməyə şərait yaratmışdı. Sosial həyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunların qəbulu, aparılan tədbirlər, görülən işlər cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında, Azərbaycanın modern bir dövlət olaraq beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynamışdı. Böyük rəhbərin dövlətçilik ideyaları həm də xalqımızın tarixi ənənələrinə, milli-mənəvi dəyərlərinə söykənmişdi.

Ümummilli Lider Azərbaycanda iki sivilizasiyanın konseptual paramentrlərini özündə təkmil bir formada birləşdirən unikal bir dövlət modeli yaratmışdı. Məhz bu model Azərbaycanın dünyanın ən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına çevrilməsində, Cənubi Qafqazın nüfuzlu ölkəsi kimi tanınmasında və nəhəng uğurlara imza atmasında həlledici təsirə malik olmuşdur.

2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsinə dair Prezident sərəncamında da xüsusi vurğulandığı kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər ötən əsrin hər cəhətdən çətin, mürəkkəb, xaotik dönəmlərində hər kəsin edə bilməyəcəyi vəzifələrin öhdəsindən gəlmiş, hər zaman ona güvənən, inanan, dəstək verən Azərbaycan xalqının ümidlərini doğrultmuş, müstəqil dövlətimizi ağır təhlükələrdən xilas edərək rəvan inkişaf yoluna çıxarmışdır. Müstəqilliyin ilk illərində cəmiyyət həyatında tüğyan edən anarxiyanın, özbaşınalığın, silahlı qarşıdurmaların dayandırılması, sosial-iqtisadi, mənəvi böhranın qarşısının alınması, vahid amallar uğrunda milli birliyin təmin olunması, demokratik, hüquqi dövlət quruculuğu proseslərinin uğurla həyata keçirilməsi, nizami ordunun formalaşdırılması Ümummilli Liderin böyük tarixi xidmətləridir.

Ulu Öndər bütün dünya azərbaycanlılarını tarixi vətən işığında bir araya gətirən azərbaycançılıq ideologiyasını cəmiyyətə təqdim etmiş, qloballaşma mühitində ana dilimizə, digər milli-mənəvi dəyərlərimizə dövlət qayğısının mükəmməl örnəyini yaratmış, Azərbaycanı çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi dünyaya tanıtmışdır.

Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş, ölkəmizin dayanıqlı inkişafı üçün möhkəm təməllər formalaşdırmış, ideya müəllifi olduğu qlobal layihələrlə müstəqil dövlətimizin beynəlxalq nüfuzunu gücləndirmişdir. Ümummilli Lider müstəqil dövlətimizin milli inkişaf strategiyasını müəyyən etmiş və ölkəmizi tarixinin ən qüdrətli dövrünə çatdıracaq güclü Lideri - Ordumuzun gücü ilə torpaqlarımızı 44 gün içində işğaldan azad edərək Heydər Əliyevin ən böyük arzusunu həyata keçirən Müzəffər Sərkərdəni - cənab İlham Əliyevi yetişdirmişdir.



Mənəvi sərvət



Dövlət rəhbərimizin müvafiq sərəncamındakı tapşırığa uyğun olaraq Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib. İlboyu Ümummilli Liderin xatirəsinə həsr ediləcək tədbirlərin spektri kifayət qədər genişdir. Belə ki, il ərzində bu mövzuda yerli və beynəlxalq əhəmiyyətli forumlar, konfranslar, simpoziumlar, "dəyirmi masa" və seminarlar keçiriləcək. Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən verilişlər, sənədli film və videoçarxlar nümayiş etdiriləcək, müsahibə və məqalələr dərc ediləcək. Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər təşkil olunacaq.

Eləcə də "Heydər Əliyev İli"nə həsr olunmuş müxtəlif müsabiqələr, sərgi, festival, konsert və tamaşalar keçiriləcək. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən çoxsaylı tədbirlər olacaq. Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri tərəfindən Heydər Əliyevin zəngin irsinə həsr olunmuş beynəlxalq konfranslar nəzərdə tutulub. Ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarda da "Heydər Əliyev İli" ilə əlaqədar tədbirlərin təşkili planlaşdırılıb.

"Heydər Əliyev İli" çərçivəsində həmçinin müxtəlif idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək. Ulu Öndərin irsinə həsr olunmuş əsərlər, kitablar və monoqrafiyalar nəşr olunacaq. Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələrə "Heydər Əliyev təqaüdü" veriləcək. Azərbaycan Respublikasının "Heydər Əliyev - 100" yubiley medalı təsis ediləcək. Xatirə nişanları buraxılacaq, qızıl sikkələr hazırlanacaq. "Heydər Əliyev" mükafatının təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Prezidentin müvafiq sərəncamında da qeyd edildiyi kiimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. "Heydər Əliyev İli" kimi tarixiləşən 2023-cü il bu irsdən, mənəvi sərvətdən faydalanaraq, onu yeni nəsillərə aşılamaq, bütün dünyada xalqımızın böyüklüyünü göstərmək üçün daha bir imkandır.

Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etmiş dahi şəxsiyyətdir!
Nəsillərə əmanət zəngin tarixi irs

Həmidov İlham Mirtağı oğlu
Pressxeber.az xəbər portalının redaktoru
  • Нравится
  • 0
Детальнее на сайте

игры для иксбокс 360
действия
Mədəniyyət