PREZİDENT İLHAM ƏLİYEV: “Dəmir yumruq” sadəcə güc deyil, bu birlikdir”

PREZİDENT İLHAM ƏLİYEV: “Dəmir yumruq” sadəcə güc deyil, bu birlikdir”

“Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz də birliyimizdə və müxtəlifliyimizdədir”. Bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm. Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib. İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir”

Bəli, bu gün artıq bütün dünya gördü ki, “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir”. Və bu birliyin nəticəsçində haqq, ədalət bərpa olundu.

GÜC VƏ HƏMRƏYLİK RƏMZİ OLAN «DƏMİR YUMRUQ» - XALQ-İQTİDAR BİRLİYİ

44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Qeyd edək ki, düşmən üzərində qələbənin qazanılmasında diplomatiya sahəsindəki uğurlarımız da xüsusi rol oynadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüşlərin getdiyi bir vaxtda ermənilərə havadarlıq edən iri dövlətlərin təzyiqlərinə və xarici mətbuat nümayəndələrinin qərəzli suallarına təmkinlə, əsaslı faktlarla cavab verməsi Ermənistanla aparılan lokal müharibədə Azərbaycana uğur gətirdi. Noyabr ayının 10-da Ermənistanın kapitulyasiyasını etiraf etməsi ilə imzalanan Bəyanat ümumilikdə Azərbaycanın Ermənistan üzərində qələbəsini rəsmiləşdirdi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına Ali Baş Komandanımızın «Dəmir yumruq» əməliyyatı ilə son qoydu.

AZƏRBAYCAN PREZİDENTİ QARABAĞIN DİRÇƏLİŞİ YOLUNDA BİR ÇOX DÖVLƏTLƏRİN 10 İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİYİ İŞLƏRİ REALLAŞDIRIB

Artıq Qələbə Zəfərimizdən bir il keçməsinə baxmayaraq Azərbaycan Prezidenti Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb. «Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz»,- deyən Qalib Lider hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri zamanı dəfələrlə bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Artıq torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə infrastrukturun qurulması, məcburi köçkünlərin vaxtında geri qayıtması üçün dövlət tərəfindən çox böyük işlər görülür. Və bu gün artıq Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsi başa çatıb. Qısa müddətdə məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaq. Dövlət başçımızın dediyi kimi: «Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq».

Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifə də keçmiş məcburi köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaq, onların doğma yurdlarında xoşbəxt həyat sürmələrinə nail olmaqdır. Çünki “Qaçqın və məcburi köçkünlər” adlı bu cümlə, erməni kimi xisləti pozuq, insanlığa düşmən kəsilən bir xalqın qonşusu olmağın ağrılarını hər kəsdən yaxşı bilən, nankor ermənilərdən tarixdə olmazın mənfurluqlarına şahid olan Azərbaycan xalqı üçün ağır və həm də yaralı bir dərd idi.

“BƏRPA İŞLƏRİ GENİŞ VÜSƏT ALIB”

Bu gün artıq işğaldan azad olunmuş torpaqlara yeni həyat bəxş edilir, düşmənin xarabalığa çevirdiyi Qarabağ yenidən dirçəlir və 30 ildən sonra düşməndən azad edilən dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Və bu gün bir ildə görülən işlər də təsdiqləyir ki, o gün heç də uzaqda deyil. Çünki dövlət başçımızın dediyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi, həmrəyliyi var.

Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda bildirib ki, bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq. Dövlətimizin başçısı bildirib ki, azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd edən Prezident deyib ki, bunun böyük rəmzi mənası var: “Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür”.

Prezident İlham Əliyev cari ildə Zəngilan Hava Limanının açılacağını, 2023-cü ildə dəmir yolunun Ermənistan sərhədinə gətiriləcəyini, avtomobil yolunun tikintisinin isə davam etdiyini diqqətə çatdırıb. Bütün bu işlərdə gənclərin fəal iştirak etdiklərini söyləyən dövlətimizin başçısı deyib: “İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar”.

“ELƏ ÖLKƏ YARATMIŞIQ Kİ, HƏR BİR VƏTƏNDAŞ BU ÖLKƏ İLƏ FƏXR EDƏ BİLƏR”

“Elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər». Bunu Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda sualları cavablandıran Prezident İlham Əliyev deyib.

“Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq, eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq. Əlbəttə, problemlər də var, çatışmazlıqlar da var. Bu çatışmazlıqlarla mübarizə aparırıq və aparacağıq. Amma əgər ümumiyyətlə bu tarix kəsiyində bu dövrü təhlil etsək görərik ki, biz tarixi nailiyyətlərə imza atdıq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Elə bu günlərdə işğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması, onun ardınca ilk "Ağıllı kənd"in inşasının başa çatması xəbəri Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşını qürürlandırır. Çünki Qalib Liderimiz, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə 44 gün ərzində Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə 30 illik həsrətə son qoyaraq “Qarabağ Azərbaycandır!” əsil sahibinə – Azərbaycanımıza qaytarıldı.

Dövlət başçımızın dediyi kimi: “Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq. Dəfələrlə «Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq” istəyi ilə yaşayan xalqımızın istəklərini Qalib Liderimiz «Dəmir siyasəti» ilə 44 gün davam edən İkinci Vətən Müharibəsini Zəfərlə başa vuraraq yerinə yetirdi. 1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da, 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi. Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: «Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq».

Və bu gün bu birlik, Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Haqq və ədalətin bərpası isə əlbəttə ki, şəhidsiz, qazisiz ötüşmədi. Hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq, qazi olaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdilər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edildi. Məhz onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı, xüsusilə gənc nəsil üçün örnək olmalıdır. Çünki Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət göstərdilər, vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş gənclər torpaqlarımızı işğalçılardan azad etdilər. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşdular. Bu, bir tarixi hadisə idi və Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Məhz 44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi. “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı qələbə, zəfər tarixi yazdı.

Ali Baş Komandanımız, Prezident İlham Əliyevin gənclərlə görüşdə dediyi kimi: «Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş gənclər öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olmalıdırlar”.

Dövlətimizin başçısı deyib: “Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”.

Beləliklə, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: «Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar».

Əliyev Abakar Cəbaryıl oğlu
Qax rayon Tasmalı bələdiyyəsinin sədri

Hazırladı: Astanov Rəcəb şöbə müdiri
Mədəniyyət