Prezident İlham Əliyev: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz

Prezident İlham Əliyev: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni strateji zirvələr fəth edən ölkəmiz inamlı, dinamik və dayanıqlı inkişafı ilə misilsiz tərəqqiyə nail olub. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu qarşıya qoyulan hədəflərə nail olunduğunu, hər bir sahədə böyük uğurların qazanıldığını göstərir. Azərbaycanın bölgədə və dünyada ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sırasında sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordunun özünəməxsus yeri vardır. Bu, həm də geosiyasi amil kimi ölkəmizin beynəlxalq aləmdə qlobal və regional yerini müəyyənləşdirib.

Son 19 il ərzində Azərbaycanda sürətli iqtisadi inkişaf tempinin davam etdirilməsi, bütün istiqamətlərdə müasir dövrün reallıqlarına uyğun qətiyyətlə həyata keçirilən uğurlu islahatlar, qlobal proqramlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, daxili sabitliyin qorunmasında müstəsna rol oynayıb. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması respublikamıza mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Bütövlükdə, Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi qiymətləndirir, ölkəmizin gələcəyinə dair pozitiv rəy, nikbin proqnozlar verirlər. Bu isə yeni iqtisadi möcüzənin yaradılması ilə həmahəng səslənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır.

Azərbaycanın xarici ticarəti 70 faizdən, ixracı 2 dəfədən, qeyri-neft ixracı 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər: "Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilərdi və əslində, belədir".

Azərbaycan qlobal böhranla mübarizə dövründə belə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan heç bir sosial layihəni təxirə salmayıb. Bu gün həm işğaldan azad olunmuş ərazilərimiz, həm də digər regionlarımız özünün yeni inkişaf dövrünü yaşayır. Bu cəhətdən son illərdə Ağsu və İsmayıllı rayonlarında da böyük infrastruktur layihələrinin əsas hissəsi başa çatıb. Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilib. Dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Son illərdə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilib və elektriklə təchizat tam təmin edilir. Yolların çəkilişi, həm kənd yolları, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsi icra edilir. Ağsu və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib və ya əsaslı şəkildə təmir olunub. Eyni zamanda iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.

Avqustun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində dövlətimizin başçısı yeni layihələrin açılışlarını edərək, görüləcək işlər haqqında tapşırıqlarını verib. Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında "Qisas" əməliyyatının mahiyyətindən danışaraq Ermənistana bir daha ciddi xəbərdarlıq edib. Dövlətimizin başçısı deyib: "Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq".

Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq.

Bizim gündəliyimizdə həm taktiki, həm də strateji addımlarımızın təsbit edilməsinin reallıq olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib: "Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. "Qisas" əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir, bu barədə çox danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur".

"Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur",- deyən dövlətimizin başçısı vurğulayıb: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir".

Müharibədə Zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırladan dövlətimizin başçısı bildirib: "Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq".

Azərbaycan Prezidenti bəyan edib ki, bizim istəyimiz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.

Dövlətimizin başçısı bir daha qətiyyətlə bəyan edib ki, biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq.

Azərbaycanın 2020-ci il 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qaldığını, Laçından yan keçən yeni yolun tikintisini və digər addımları da bu öhdəliklər əsasında atdığını və gördüyünü bildirən dövlətimizin başçısı deyib: "Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidir, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, yaxud il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi. Nə üçün təklənməsi? Ona görə ki, onlar haqsızdır. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Halbuki, mən onlara birbaşa demişəm, özü də rəsmi qaydada. Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı. Ona görə vaxt uzatmaq onlara bir şey verməyəcək və eyni zamanda, onlar başa düşməlidir bir nəticə də odur ki, Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir".

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil - nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar.

Dövlətimizin başçısı müsahibəsində belə bir məqama da toxunub ki, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir.

"Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm", - deyən dövlətimizin başçısı qeyd edib ki, yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, yerli əhalidən qoruyurdu, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar orada var idi. Bir müddətdən sonra onlar çıxıb getdilər.

Təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiya sülhməramlısının olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: "Bizim inşaatçılar orada, kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi. Təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, hələ bir il keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir. Mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək".

Prezident İlham Əliyev müsahibəsində Qarabağda yaşayan ermənilər üçün də çox ciddi mesajlar verib. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir.

Dövlətimizin başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən təxminən keçən iki il ərzində düzgün siyasət nəticəsində təkcə bərpa, yenidənqurma işləri sahəsində deyil, şüurlarda da böyük dəyişiklərin baş verdiyini qeyd edib.

"Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər də gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər", - deyən dövlətimizin başçısı gələcəyə nikbinliklə baxdığını bildirib. Prezident İlham Əliyev bir daha xatırladıb: "Həmişə istədiyimizə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın".

Sabirabad rayon maliyyə idarəsi
Mədəniyyət